AZ

Parisdə “COP29 - BEA enerji keçidi yüksək səviyyəli dialoq” mövzusunda konfrans keçirilib

Paris, 15 may, AZƏRTAC

Parisdə Beynəlxalq Enerji Agentliyinin (BEA) qərargahında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “COP29 - BEA enerji keçidi yüksək səviyyəli dialoq” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, toplantıda müxtəlif ölkələrin aidiyyəti nazirləri, COP26, COP27, COP28 və COP29-un prezidentləri, beynəlxalq təşkilatların rəhbərləri, Fransada akkreditə olunmuş müxtəlif ölkələrin səfirləri iştirak ediblər.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev və Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol konfransa həmsədrlik ediblər.

BEA-nın icraçı direktoru Fatih Birol konfransı açaraq, tədbirin əhəmiyyətindən danışıb.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev BEA-nın təşkil etdiyi Zirvə toplantısında Afrika ölkələri üçün təmiz yemək hazırlamaq təşəbbüsünü dəstəkləyən ölkələrə təşəkkür edib. Bildirib ki, 2024-cü ilin Afrikada təmiz yemək bişirmək üçün dönüş nöqtəsinə çevrilməsinə verilən töhfələr əhəmiyyətlidir. Azərbaycan bu uğuru möhkəmləndirməyə və COP29-da bu səyləri davam etdirməyə sadiqdir. Beynəlxalq müqavilələri milli fəaliyyətə çevirdikcə Beynəlxalq Enerji Agentliyi kimi tərəfdaş agentliklərin dəstəyinə ehtiyac olacaq.

COP29-un prezidenti diqqətə çatdırıb ki, COP29 sədrliyi ambisiyaları artırmaq və hərəkətə keçmək üçün planının iki istiqamətini ötən ay Berlində təqdim edib. Bu iki istiqamət qarşılıqlı olaraq bir-birini möhkəmləndirir. Hər bir ölkə qlobal istiləşmənin 1,5 dərəcəyədək məhdudlaşdırılması məqsədinə çatmaq üçün ehtiyac olan maliyyələşməni müəyyənləşdirərək milli planlarını tərtib etməlidir. Milli planların düzgün siqnallar verməsinə əmin olmaq üçün onların iddialı və həyata keçirilə bilən olması mütləqdir. Milli planlar möhkəm təməllərə əsaslanmalı və milli inkişaf strategiyası çərçivəsində qurulmalıdır. Milli planlar dəstəyi istiqamətləndirmək üçün investisiya portfeli kimi xidmət etməli və şəffaflıqla müşayiət olunmalıdır.

Muxtar Babayev bəzi ölkələrin qlobal istiləşmənin 1,5 dərəcə qədər məhdudlaşdırılması planlarının elmi və milli şəraitə necə uyğunlaşmasının müəyyən edilməsində çətinliklərə rast gəlindiyini, bu baxımdan BEA-nın təcrübəsinin bu çoxmillətli səylərə mühüm dəstək ola biləcəyini vurğulayıb. COP29-un sədrlik planının əsas mehvərinə gəldikdə isə “Global Stocktake” hədəflərini həyata keçirmək imkanı əsasən iqlim maliyyələşdirməsini genişləndirmək qabiliyyəti ilə müəyyən ediləcək. Buna görə də icra vasitələrinin təmin olunması COP29 sədrliyinin plan və mandatının əsasını təşkil edir. Həmçinin COP29 sədrliyinin ədalətli və iddialı yeni iqlim maliyyələşməsi hədəfi barədə razılığın əldə edilməsi üzərində işlədiyi, qlobal maliyyə institutlarını gücləndirməyə çalışdığı qeyd edilib. Özəl sektoru keçid dövrlərinə sərmayə yatırmağa cəlb etməyə, iqlim fəaliyyətinə dəstək verməyə və planetin mühafizəsinə töhfə verməsi üçün bütün mexanizmlərdən istifadə etməyə çalışıldığı bildirilib. Beynəlxalq Enerji Agentliyinin COP konfranslarına ev sahibliyi edən ölkələrə yardımda mühüm rol oynadığı vurğulanaraq, COP29 sədrliyinin onun davamlı dəstəyinə arxalanacağı qeyd edilib.

“Həmçinin şəffaflıq da COP29 planının əsas diqqət mərkəzində olacaq, çünki iqlim dəyişikliyi ilə mübarizə indiyə qədər əldə olunmuş tərəqqinin qiymətləndirilməsi üçün aydın anlayış tələb edəcək. Milli səviyyədə Paris Sazişinin yeni gücləndirilmiş şəffaflıq çərçivəsində ilk İkiillik Şəffaflıq Hesabatlarını (BTR) təqdim etmək üçün Tərəflərlə işləyirik. İnkişaf etməkdə olan ölkələrin həmin hesabatları hazırlamaq, yekunlaşdırmaq və gücləndirilmiş şəffaflıq çərçivəsində universal iştiraka nail olmaq üçün davam edən səylərinə töhfə vermək məqsədilə Azərbaycan COP29-un sədri kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Katibliyinin (UNFCCC) dəstəyi və əməkdaşlığı ilə bir sıra təlim və seminarlar təşkil edəcək”, - deyə COP29-un prezidenti söyləyib. Bildirib ki, artıq bir neçə maraqlı tərəf qrupunun iştirakı ilə BTR-in hazırlanmasında etimad və potensialın yaradılması üzrə ilk seminar başlayıb.

Konfransda 40 nəfər çıxış edərək iqlim dəyişikliyi, yaşıl enerjiyə keçid ilə bağlı fikir və təkliflərini səsləndirib. Tədbirdə Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkə olduğu vurğulanıb. Ölkəmizdə yaşıl enerji layihələrinin həyata keçirildiyi, Azərbaycan yaşıl enerjisinin ixracı, yaşıl enerji dəhlizinin yaradılması və bərpaolunan enerjinin onun vasitəsilə regiona və Avropa ölkələrinə nəqlindən danışılıb. Çıxış edənlər COP29-a ev sahibliyi işində Azərbaycana uğurlar arzulayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
191
50
azertag.az

10Mənbələr