AZ

Ermənistanla Gürcüstan arasında siyasi məsləhətləşmələr olub

Mayın 13-də Tbilisidə Ermənistanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb. Bildirilib ki, iclasa Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia və onun ermənistanlı həmkarı Vahan Kostanyan həmsədrlik edib.

Bildirilib ki, tərəflər iki ölkə arasında Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanmasından sonra keçirilən ilk siyasi məsləhətləşmələri alqışlayıblar və iki ölkə arasında dialoqun və əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Qeyd olunub ki, Gürcüstan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya və demarkasiya prosesi ikitərəfli gündəmdə prioritet məsələ olaraq qalacaq.

Gürcüstan XİN-in məlumatına görə, tərəflər, həmçinin Cənubi Qafqaz regionunda dinamikaya və qlobal proseslərin regiona potensial təsirinə diqqət yetiriblər. Əlavə olunub ki, tərəflər regional inkişaf və rifah üçün zəruri şərt kimi sülh və sabitliyin vacibliyini vurğulayıblar.

"Bu kontekstdə tərəflər bir daha hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünü möhkəm dəstəklədiklərini bildiriblər", - deyə Gürcüstan XİN-in bəyanatında qeyd olunub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
1
sherg.az

2Mənbələr