AZ

Hakim onu tənqid edən yeniyetmə qıza belə cavab verdi

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və iki işçisi - Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi iki vəsatət qaldırıb.

Mayın 1-də keçirilən iclasda məhkəmə ev dustaqlığında olan təqsirləndirilən Aynur Bayramova barəsində həbs qətimkan tədbiri seçilmişdi. 

Bu gün onun vəkilləri həmin qərara etiraz edib, xanım müttəhimin yenidən ev dustaqlığına buraxılmasını istəyiblər.

Prokuror və zərərçəkmiş şəxslər isə A.Bayramovanın həbsdə qalmasını xahiş ediblər.

Azad Məcidovun sədrlik etdiyi məhkəmə heyəti vəsatəti əsassız sayaraq rədd edib. 

Bundan sonra isə eyni vəkillər məhkəməyə sədrlik edən hakimlərə etiraz ediblər:

“Deyirsiz ki, sizin vəsatətiniz əsaslandırılmayıb. Amma biləsiz ki, sizin də Aynur haqda qətimkan tədbirinin dəyişdirilməsi barəsində qərarınız əsaslandırılmamışdı. Hesab edirik ki, bəri başdan mövqeyinizi bildirmisiz, ona görə də işə sizin baxmağınızı istəmirik”,-vəkil Elnur Quliyev vəsatətə münasibət bildirərkən deyib. 

Məhkəmə bu vəsatəti də əsaslı hesab etməyib.

Sədrlik edən hakim Azad Məcidov elan edib ki, Aynur Bayramovanın yeniyetmə qızı ona ərizə yazıb. Yeniyetmə ərizəsində hakimdən şikayətlənib.

Hakim tənqideci sözlər yer alan ərizəyə görə yeniyetməyə cavab verib:

“Ərizəni oxudum. Məni də tənqid  eləmisən. Lap yaxşı, deyirsən ki, yuxarı dairələrə müraciət edəcəksən. O zaman ərizəndə ananın tutulmasının səbəbini niyə yazmamısan? Yazmısız ki, özüm də, anam da xəstədir. Yadına salım ki, zalda olanların 99 faizi xəstəlikdən əziyyət çəkir”.

Prosesin davamında zərərçəkmiş şəxslərdən ikisi təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırıblar. 

Mülki iddiaçılardan biri Günay Ağayevadır. 

Zərərçəkmiş şəxsin oğlu xərçəng xəstəliyindən əziyyət çəkir. Deyir ki, övladının müalicə olunması üçün sosial şəbəkələrdə elan verib. 

Vətəndaşların yardımı ilə 25 min manat toplayıb. Həmin pulu da təqsirləndirilən Nuridə Seyidovaya verib:

“Pulumu ələ keçirdilər, uşaq da müalicə ala bilmədi. İndi yenə də sosial şəbəkələrdə kömək üçün elan verirəm, amma əvvəlki nəticəni vermir. Xahiş edirəm Nuridə ilə Aynur pulumu qaytarsın”.

Bu iş üçün ayrılmış vaxt başa çatdığı üçün təqsirləndirilən şəxslərin dindirilməsi gələn həftəyə saxlanılıb.

Xatırladaq ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərini aldadıb, övladlarını xaricdə müalicə etdirmək adı ilə onların 1 milyon manata yaxın pulunu ələ keçirib.

Sail Ağasəlim

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
6
qafqazinfo.az

7Mənbələr