AZ

Mbappe parisli azarkeşlərdən məğlubiyyətlə ayrıldı

Fransa çempionatının sonuncudan əvvəlki turunda bir neçə vacib hadisə baş verdi.

“Football-plus.az” xəbər verir ki, birincisi, PSJ-nin cari mövsümdəki son ev oyununda qol vuran Mbappe “Park-de-Prens”dən məğlubiyyətlə ayrıldı. “Tuluza” gözlənilmədən paytaxtda qələbə qazandı. İkincisi, “Monpelye”ni məğlub edən “Monako” 2-ci yeri, deməli, həm də ÇL-in qrupuna vəsiqəni təmin etdi. Üçüncüsü, “Reyms”lə oyunda xal itirən “Brest”in büdrəməsindən yararlanan “Lill” “Nant” üzərindəki qələbə sayəsində 3-cü pilləyə yüksəldi. Dördüncüsü, “Lion” “Klermon”u məğlub etməklə aşağa dəstəyə göndərdi. Mövsümün 2-ci uğursuzu son turda müəyyənləşəcək. “Mets”lə “Loryan”ın şəxsi duelində kimin elitadan gedəcəyi, kimin isə pley-offda oynayacağı bəlli olacaq.

Həftəsonu PSJ-dən gedəcəyini rəsmi şəkildə elan edən Mbappe komandasını “Tuluza” ilə oyunun əvvəlində önə çıxardı. Özü də qapıçı Tenasın ötürməsi sayəsində! Ancaq PSJ-nin bu oyundakı uğurları bununla da bitdi. Cəmi 5 dəqiqə sonra qonaqlar hesabı bərabərləşdirdi. Açıq demək lazımdı ki, Luis Enrikenin komandası bu oyunda motivasiyasızlıqdan əziyyət çəkirdi. Fasilədən sonra parislilər bir qədər fəallaşdı. 57-ci dəqiqədə Asensio real qol imkanını qaçırdı. 67-ci dəqiqədə Pereyra da eyni şəkildə uğursuzluğa düçar olandan dərhal sonra “Tuluza” fərqləndi. Ardından bütün komanda ilə irəli atılan PSJ hesabı bərabərləşdirə bilmədi. Qonaqlar isə uzatma dəqiqələrində daha bir qol vurdu. PSJ cari mövsümdə 2-ci dəfə məğlubiyyətlə barışmalı oldu.

“Monpelye” ilə səfər oyunu “Monako” üçün çox önəmli idi. Qarşılıqlı hücumlar şəraitində keçən ilk yarıda hesab açılmadı. Ancaq fasilədən az sonra “knyazlar” tablodakı rəqəmlərdən birini dəyişdi – 0:1. Oyunun axarına nəzarət edən “Monako” 65-ci dəqiqədə 2-ci qolu da vurdu. Bu komanda böyükhesablı qələbə də qazana bilərdi. Sadəcə, 2:0 da “qırmızı-ağlar”ı ÇL-in qrupuna daşıdı.

3-4-cü pillələri isə “Lill” ilə “Brest” bölüşür. Hər iki klub eyni xala malikdi, sadəcə, topların daha yaxşı fərqinə malik “şimallı itlər” yuxarıda qərarlaşıb. Onlar hesabat turunda səfərdə “Nant”ı məğlub etdi. 8-ci dəqiqədə hesabı açan Devid 3 dəqiqə sonra dublunu da rəsmiləşdirdi. 2-ci hissənin əvvəlində qollardan birinin əvəzini çıxan “Nant”ın bundan artığına gücü çatmadı. “Brest” gözlənilmədən “Reyms” isə ev oyununda xal itirdi. Komandalar ilk yarıda hərəyə bir qol vurdu, fasilədən sonra isə hesab dəyişmədi.

“Avrokubok zonası”nda olan “Nitsa” evdə “Havr”ın müqavimətini yeganə qolla qırdı. “Qartallar”ın ehtiyatda bir oyunu da var. Bu isə o deməkdi ki, onlar ÇL-ə vəsiqə uğrunda mübarizədən çəkilməyib. “Havr” isə elitada yerini qorudu.

“Lans” və “Lion” 50 xalla 6-7-ci yerləri bölüşür. “Qan-qızılılar” səfərdə “Renn” ilə heç-heçə etdi. “Şirlər” isə səfərdə “Klermon”un öhdəsindən gəldi və bu komandanı Liqa 1-ə göndərdi. “Loryan”ın da “Klermon”a yoldaşlıq etmək ehtimalı böyükdü. Regis Le Brisin çalışdırdığı komanda hesabat turunda səfərdə “Marsel”ə uduzdu – 1:3. “Loryan”ın 16-cı pillədəki “Mets”ə çatmaq imkanı var, ancaq top fərqi baxımından bu komandaya uduzur. Yeri gəlmişkən, “Mets” də bu tur səfərdə “Strasbur”a uduzdu.

33-cü tur
PSJ – Tuluza 1:3
K.Mbappe, 8 – Dallinqa, 13. Qboo, 68. Maqri, 90+5. (47855)
PSJ: Tenas, Mukiele (Hakimi, 77), Şkrinyar, Pereyra, Zaqe, Soler, Uqarte, Li Kan İn (Dembele, 62), Asensio (Ramuş, 77), K.Mbappe, Barkola (Mayulu, 62).
Monpelye – Monako 0:2
Uattara, 52. Fofana, 65. (14829)
Monako: Mayetski, Kerer, Sinqo, Salisu, Uattara (Enrike, 86), Ben Seqir (Kamara, 74), Fofana, Akliuş (Maqassa, 86), Diatta (Diop, 86), Ben Yedder, Embolo (Baloqun, 44).
Brest – Reyms 1:1
Brasye, 45+1 – Munetsi, 25. (14623)
Brest: Bizot, Lala, Şardonne, Brasye, Loko (Amavi, 90+2), Marten (Braimi, 90+2), Maqnetti, Le Duaron (Pereyra Laqe, 73), Kamara (Lebo, 73), Satriano, Munye.
Nant – Lill 1:2
Ablin, 54 – Devid, 8; 11. (26529)
Lill: Şevalye (Mannone, 90), Santuş (Aleksandro, 81), Yoro, Diakite, İsmaili, Bentaleb, Qomes (Kabelya, 90+1), Andre, Haraldsson (Qudmundsson, 81), Jeqrova (İliç, 90+1), Devid.
Nitsa – Havr 1:0
Boqa, 12. (24529)
Klermon – Lion 0:1
Manqalya, 53. (10603)
Marsel – Loryan 3:1
Obameyanq, 36; 54-p. Jiqo, 41 – Mendi, 43. (62082)
Renn – Lans 1:1
Salah, 82 – Füljini, 48. (28660)
Strasbur – Mets 2:1
Emeqha, 89. Santos, 90+1 – Mikautadze, 54. (25686)
1. PSJ 32 20 10 2 77-32 70
2. Monako 33 19 7 7 64-42 64
3. Lill 33 16 10 7 50-32 58
4. Brest 33 16 10 7 50-34 58
5. Nitsa 32 15 9 8 37-25 54
6. Lans 33 14 8 11 43-35 50
7. Lion 33 15 5 13 47-54 50
8. Marsel 32 12 11 9 50-39 47
9. Renn 33 12 10 11 52-44 46
10. Tuluza 33 11 10 12 42-43 43
11. Reyms 32 11 8 13 39-46 41
12. Monpelye (-1) 33 10 11 12 41-46 40
13. Strasbur 33 10 9 14 37-48 39
14. Nant 33 9 6 18 30-51 33
15. Havr 33 7 11 15 33-43 32
16. Mets 33 8 5 20 35-56 29
17. Loryan 33 6 8 19 38-66 26
18. Klermon 33 5 10 18 26-55 25
Bombardirlər: K.Mbappe (PSJ) – 27, Devid (Lill) - 19, Lakazett (Lion) – 17, Obameyanq (Marsel) – 16.
Sonuncu turun oyunları mayın 19-da keçiriləcək: Havr – Marsel, Lans – Monpelye, Lill – Nitsa, Lion – Strasbur, Loryan – Klermon, Mets – PSJ, Reyms – Renn, Tuluza – Brest, Monako – Nant.

Turun rəqəmi
256 – Mbappe PSJ-nin heyətində keçirdiyi 307-ci oyunda qol sayını bu həddə çatdırdı. Bu mövsüm bütün turnirlərdə 44-cü qolunu vuran Kilian klub tarixinin bombardiridi.

Turun ulduzu
Conatan Devid (Lill) – komandasının çempion olduğu mövsümdəki kimi parlayır. Kanadalı forvard “Nant” üzərində qələbəyə iki qolla töhfə verdi. Onun bombardirlər cədvəlində yalnız Mbappedən geri qaldığını nəzərə alsaq, dəyəri anlaşılar. Axı Kilian tam başqa səviyyədi.

Turun sitatı
Toma Menye, PSJ-nin sabiq müdafiəçisi:
“Mbappe PSJ tarixinin ən yaxşı futbolçusudu. Onun açıq ara fərqlə “1 nömrə” olduğuna heç bir şübhə yoxdu. PSJ tarixinin bütün detallarını bilmirəm, ancaq Rai, Pauleta kimi futbolçuları yaxşı tanıyıram. Burda müzakirə olunası nəsə yoxdu. Meydanda, mediada, xarizma planında ən yaxşı Mbappedi. Məsələn, Pauleta Çempionlar Liqasının finalında oynamayıb. Kilianın meydanda və ondan kənarda nələrə nail olduğuna baxmaq lazımdı”.


Faktlar
* PSJ “Tuluza” ilə oyundan sonra çempionluğu qeyd etdi. Parislilər bu titulu aprelin 28-də - sona üç tur qalmış qazanıb. Klub “Park-de-Prens”ə 50 titulun hamısını gətirmişdi. Bunlar sırasında Liqa 1-də 12, Liqa 2-də 1 çempionluq, 14 ölkə, 9 Liqa kuboku, 12 Fransa Superkuboku, 1 Kuboklar Kuboku və 1 İntertoto kuboku var.
* PSJ ardıcıl 3-cü oyunda məğlubiyyətlə barışdı. Parislilər “Tuluza”ya qədər ÇL-də ardıcıl iki oyunda Dortmund “Borussiya”sı ilə bacarmamışdı (0:1, 0:1).
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
football-plus.az

1Mənbələr