AZ

Talassemiyalı uşaqlara qarşı 1 milyon manatlıq dələduzluğa görə məhkəmədə mülki iddialar qaldırılıb

Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Aynur Bayramovanın vəkilləri vəsatətlə çıxış edib.

Hakim Azad Məcidov məhkəməyə 2 mülki iddia ilə müraciət daxil olduğunu elan edib. Məhkəməyə mülki iddia ilə müraciət edən Günay Ağayeva uşağının müalicəsi üçün xalqdan dəstək alaraq yığdığı 25 min manatı tələb edib. Digər müraciət edən Nərgiz Mahmudova isə ona dəymiş 9 min manat ziyanı tələb edib.

Daha sonra hakim məhkəməyə təqsirləndirilən Aynur Bayramovadan qızı Əsmər Əlizadə adından ərizə daxil olduğunu elan edib. Azad Məcidov ərizə barədə bunları deyib: "Ərizədə məni tənqid etmisiz, lap yaxşı. Yazmısız yuxarı dairələrə müraciət etmisiz. Bəs ərizə niyə ananınız tutulma səbəbini yazmamısan?"

Daha sonra təqsirləndirilən şəxslərdən Aynur Bayramovanın vəkili Elnur Quliyev onun ev dustaqlığına buraxılmasını istəyib.

Bundan başqa, iş üzrə məhkəməyə baxılması üçün disk təqdim edib. Vəkil hakimlərdən xahiş edib ki, diski izlədikdən sonra vəsatətə baxılsın, o, vəsatətin bağılmamış saxlanmasını istəyib.

Digər təqsirləndirilən Nuridə Seyidovanın vəkili isə məhkəmədən vəsatətin təmin edilməməsimi xahiş edib.

Müşavirədən sonra ev dustaqlığı ilə bağlı vəsatətin təmin edilmədiyi açıqlanıb.

Vəkilin məhkəməyə təqdim etdiyi diskə isə sənədlərin tədqiqi mərhələsində baxılacağı elan edilib.

Daha sonra təqsirləndirilən şəxslərdən A. Bayramovanın digər vəkili məhkəmənin düzgün aparılmadığını bildirib, hakimlərə etiraz edib.

Verilən etiraz qəbul edilməyib.

Sonda iş üzrə zərərçəkmiş Aysel Abdullayeva mülki iddia ilə çıxış edib. O, ona dəymiş 20 min 900 manat və mənəvi ziyan kimi isə 8 manat pulu təqsirləndirilən Aynur Bayramovadan tələb edib. Mülki iddia icraata götürülüb.

Proses mayın 29-da davam etdiriləcək.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı ötən ilin fevral ayında daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova adlı şəxs Aysel Məmmədova adlı qadınla əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlıq dələduzluq edib. Nuriyə Seyidova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
14
apa.az

10Mənbələr