AZ

Əliyevin tələbi ATƏT-i mənasız bir yükdən azad edəcək...

Image

Mirkazım Seyidov: “Mütləq mənada adı olan, ancaq fəaliyyəti slfıra bərabər sayılan bu təsisatlar tamamilə özünü buraxmalıdır”

ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Bunu Prezidenti İlham Əliyev mayın fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Artıq Ermənistan-Azərbaycan münaqişəsinin tarixdə qaldığını və mövcud olmadığını deyən dövlət başçısı qeyd etdi ki, buna görə ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür. Maraqlıdır, Ermənistan niyə bu təsisatların ləğvini bizim kimi istəmir və bu təsissatlar hansı səbəbdən özlərini buraxmaqda maraqlı deyillər?

Müstəqil siyasətçi Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Minsk qrupunun 3 həmsədrindən ikisi bu təşkilatın fəaliyyətinə ehtiyac duyulmadığını bildirib: “Minsk qrupunun keçmiş həmsədri olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki il əvvəl  “Minsk qrupu fəaliyyətini dayandırıb” açıqlamasını vermişdi. ABŞ dövlət katibinin Qafqaz üzrə müşaviri Filip Riker də verdiyi açıqlamada, faktiki, Lavrovun sözlərini bu şəkildə təkrarlamışdı. O demişdi ki, Minsk qrupu mexanizmi işləmir. Ermənistanın baş naziri Nikol Paşinyan da mövcud reallıqları qəbul edərək Minsk qrupunun adını heç yerdə çəkmir. Buna baxmayaraq, qrupun üçüncü həmsədri Fransa bu mövzuda mövqeyini bildirməyib. Fransanın davranışları göstərir ki, onlar erməni separatizmini qabartmaq istəyirlər. Buna görə də, Minsk qrupuna aid təsisatların buraxılmasında maraqlı deyillər. Ancaq tək Fransanın istəyi fəaliyyəti heç kimə lazım olmayan bu qurumu qüvvədə saxlamağa kifayət etmir.

Azərbaycan ildırımsürətli müharibə apararaq, çox qəti və böyük bir tarixi qələbə əldə etdi. Bu qələbə regionumuzda yeni reallıqlar yaratmaqla artıq 1992-cü ildən fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı da şərtlər formalaşdırdı. Minsk qrupunun fəaliyyət predimeti olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi faktiki olaraq həll edildi. Əgər bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa edibsə, artıq bu münaqişə mövcud deyilsə, o zaman haqlı olaraq bu sual yaranır ki, Minsk qrupu hansı işlərlə məşğul olacaq? Vasitəçiyə ikinci  Qarabağ müharibəsindən öncə ehtiyac var idi, çünki o zaman Azərbaycan torpaqları işğal altında idi və Azərbaycan buna son qoymaq istəyirdi.

Artıq  həmsədrlərə iş qalmayıb, çünki onlar 30 il mənasız danışıqlar aparıblar, heç bir nəticə olmayıb. Dağlıq Qarabağ termini də artıq yoxdur, Qarabağ, Şərqi Zəngəzur termini var. İndi Rusiya vasitəçilik edir və onun vasitəçiliyi ilə müəyyən məsələlər həll oluna bilər, üçtərəfli komissiya da var. Bu  məsələyə yenə başqa ölkələri qatmağın mənası yoxdur. Minsk qrupuna aid olan bütün təsisatlar da ləğv edilməlidir. Ermənistan Azərbaycana təzyiq üçün bu məsələdə konkret  mövqe ortaya qoymur. İstəyir  ki, nə vaxtsa bu lüzumsuz təsisatın əli ilə yenə öz istəklərini gündəmə gətirsin. Prezidentin təklifi çox aktualdır. Mütləq mənada adı olan, ancaq fəaliyyəti slfıra bərabər sayılan bu təsisatlar tamamilə özünü buraxmalıdır”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
185
baki-xeber.com

1Mənbələr