AZ

Ötən həftənin sitatları

Daha bir futbol həftəsini geridə qoyduq.

"Football-plus.az" ötən həftənin maraqlı sitatlarını təqdim edir:

Cud Bellingem, “Real”ın yarımmüdafiəçisi:
“Real” xüsusi klubdu. Bu klubla müqavilə imzalamaq indiyədək mənim başıma gələn ən yaxşı hadisədi (ingilis futbolçu İspaniya klubuna 2023-cü ilin iyulunda Dortmund “Borussiya”sından 103 milyon avroya transfer olunub – R.Y.). “Real”a mənə olan marağına görə təşəkkür etməliyəm. Burda çoxlu istedadlı oyunçular var. Fəxr edirəm ki, onlar mənim komandaya uyğunlaşmağım üçün düzgün keyfiyyətlərə və xarakterə malik olduğumu düşünürdülər. “Real”ın təmsilçiləri bir müddət əvvəl zəng edib növbəti bir neçə il üçün plan və layihələr haqda danışanda məni inandırdılar. Bu barədə düşünməyə belə ehtiyacım yox idi”.


Xavyer Zanetti, “İnter”in prezidenti:
“O, şübhəsiz ki, növbəti mövsümdə də kapitanımız olacaq. Lautaro Martines tezliklə müqaviləsini yeniləyəcək, o, bizimlə qalır!”


Luis Enrike, PSJ-nin baş məşqçisi:
“Biz qalib gələcəyik. Bu, fransızca bildiyim yeganə ifadədi. İdeya ilk matçdakı kimi oynamaqdı. Məqsədimiz Çempionlar Liqasının finalına çıxmaqdı. Bunun üçün isə “Borussiya” kimi görkəmli komandadan daha yaxşı olmalıyıq”.


Maurisio Poçettino, “Çelsi”nin baş məşqçisi:
“Bu, o qədər də vacib deyil. Mənim üçün əsas odu ki, yalnız klubun sahibləri yox, hamı məndən razı olsun. Bu şərtlə işləməyə davam edim. Sonra hər şey yaxşı olacaq. Klub rəhbərliyi sabah mənim haqqımda qərar versə belə, təkbaşına getməyim də mümkündür. Hər iki tərəf qərar verməlidi. Etiraf edim ki, burda işlər təyinatımdan əvvəl gözlədiyim kimi getmir. Artıq növbəti mövsümə hazırlıqları planlaşdırırıq. Bu məsələ ilə bağlı bir neçə görüş keçirilib”.


Devid Bekhem, “İnter Mayami”nin həmsahibi:
“Tarixin ən yaxşı futbolçusu? Hər kəsin öz fikri var. Uzun illər ərzində bir çox böyük oyunçular futbol oynayıb, amma mənim fikrimcə, Messi tarixin ən yaxşısıdı”.


Xosep Qvardiola, “Mançester Siti”nin baş məşqçisi:
“Hə, “Fulhem” ilə oyundan əvvəl 6 gün oynamamışıq. Səbəb hamıya bəllidi. Mən Çempionlar Liqasının yarımfinalında oynamaq istərdim. Təəssüf ki, bu mərhələyə çıxa bilmədik. Artıq finalçılar məlumdu və turnirin son oyununa vəsiqə qazanan komandaları təbrik edirəm. Yarımfinalda dayanan “Bavariya” və PSJ-nin də yaxşı oynadığını deyə bilərəm. Bu turbirdə proqnozlar həmişə reallaşmır. Bizə gəlincə, indi mübarizəni davam etdirdiyimiz turnirlərdə son oyunlara köklənməliyik. “Fulhem”lə qarşılaşandan sonrakı matçımızı (“Tottenhem” ilə oyunu nəzərdə tutur – R.Y.) üç gündən sonra keçirəcəyik. Həmin oyunu da eyni dərəcədə düşünməliyik”.


Florian Plettenberq, “Sky Sport”un jurnalisti:
“Bavariya” Pepin ürəyindədi, amma o, bu yay “Mançester Siti”ni tərk etmək istəmir. Bu klubda özünü çox xoşbəxt hiss edir, müqaviləsinin müddəti isə 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Qısası, onun “Bavariya”ya tezliklə dönüşü istisna edilir”.


Joze Mourinyo, işsiz portuqaliyalı məşqçi:
“Karyeramda bir neçə dəfə avrokubokların finalına komanda çıxarmışam. Mənim üçün ən çətin vəzifə “Roma”nı iki dəfə finala (o, İtaliya klubu ilə Konfederasiyalar Kubokunda qalib gəlib, Avropa Liqasının finalında isə məğlub olub – R.Y.) daşımaq idi. Ola bilsin ki, “Mançester Yunayted”i Avropa Liqasının finalına çıxarmaq da mənim üçün çətin olub. Ona görə ki, mənim təyinatımdan əvvəl hər iki komanda çox çətin vəziyyətdə idi. Bəlkə də, bəzi həmkarlarım məndən müdrik və ağıllıdılar. Onlar yeni iş yeri seçərkən uğur qazanmaq üçün ideal şəraiti və imkanları olan klublara üstünlük verirlər. Mən isə nəsə ciddi bir iş gördüyümü və kiməsə kömək etdiyimi hiss etməyim üçün əməlli-başlı əziyyət çəkməyə ehtiyac duyuram. Haqqımda bir müddətdən sonra ədalətsiz fikir səsləndirilsə belə, çağırışlar xoşuma gəlir. Belə fikirlər isə ortaya çıxır, çünki çalışdırdığım bəzi komandalardan potensialına görə yüksək nəticələr gözlənilmir. Bundan sonra hansı yığmanı çalışdırmaq istərdim? Əlbəttə ki, Portuqaliyanı. Bu komandanı çalışdırmaqla bağlı iki dəfə təklif almışam. Amma təkliflər münasib vaxtda edilməmişdi. Sonuncu təklifi geri çevirərkən emosiyalarımı cilovlaya bilməmişdim. Çünki “Roma”da qalmaq qərarına gəlmişdim. Amma indi bu qərarı verməklə səhv etdiyimi düşünürəm. Ona görə ki, Portuqaliya indi dünyanın 5 ən yaxşı yığmasının sırasına daxildi. Bunu yaxşı bilirdim. Amma “Roma”ya, bu komandanın azarkeşlərinə çox bağlı idim. Buna görə İtaliyadan vətənimə qayıtmamaq qərarına üstünlük vermişdim. Fikrimcə, Portuqaliyadan 3-cü dəvəti də alacaq və bu dəfə təklifə “hə” deyəcəyəm. Milli komandamızın yaxın gələcəkdə də güclü heyətə malik olacağına ümid edirəm”.


Arriqo Sakki, “Milan”ın sabiq baş məşqçisi:
“Bir neçə il əvvəl Berluskoniyə Mauritsio Sarriyə dəvət göndərməyi məsləhət verdim. O, mənə qulaq asmadı. Mən hazırkı rəhbərliyə də eyni məsləhəti verərdim. “Milan”ı məhz Sarrinin çalışdırmasını istərdim. O yaxşıdı, çox yaxşı məşqçidi. “Milan” Mauritsio üçün yaxşı şərait yaratsa, tarixində yeni səhifə aça bilər. Sarri variantı alınmasa, De Zerbini dəvət etmək lazımdı. Roberto komandanı uğura daşımaq üçün həm texniki, həm də insani planda keyfiyyətli mütəxəssisdi. O, dərin düşüncəli adamdı, yeni ideyalara malikdi. Komandasını avanqard futbol oynamağa vadar edir”.

Cüzeppe Berqomi, İtaliya yığmasının sabiq müdafiəçisi: “Əvvəlcə De Rossinin komandasının bəxti gətirdi və “Roma” buna layiq idi. Amma leverkuzenlilər matçın gedişində iki top fərqi ilə geri düşsələr də, yenə təslim olmadılar. Amma “Bayer”in finala adlaması üçün rəqibin kobud səhvə yol verməsi lazım gəldi”.

Erlinq Holann, “Mançester Siti”nin hücumçusu:
“İdeal məkandayam: gəncəm, mənim qayğımı çəkən Qvardiola kimi məşqçim var. Bütün işlərim qaydasındadı və özümü xoşbəxt sayıram! Futbolçu kimi daha çox uğur qazanmaq istəyirəm. İndi premyer-liqanın qalibi olmağı hədəfə almışam, sonra isə İngiltərə kubokunda qələbəyə köklənəcəyəm. Daha çox turnirin qalibi olmağı arzulayıram. Ötən mövsüm “trebl” qazanmışdım, qeyri-adi hisslər keçirmişdim. Bu uğuru təkrarlamaq istərdim”.


Edin Terziç, Dortmund “Borussiya”sının baş məşqçisi:
“PSJ ilə dueldə qazanacağımız uğur meydanda intensiv oyun sərgiləməkdən asılı olacaq. Lazım gələrsə, oyun ərzində əlavə 20 kilometr də qaçarıq. Londonda keçiriləcək finaldan əvvəlki sınağımızda rəqibə hörmət etməli, şücaət göstərməli və oyunumuzla ətrafa sevinc bəxş etməliyik”.


Matteo Rucceri, “Atalanta”nın müdafiəçisi:
“Böyük uğuru arzulaya bilərik, biz artıq Avropa Liqasının finalındayıq və bu məqamdan yaxınlarımızla birlikdə həzz almalıyıq. Mən Berqamoda boya-başa çatmışam və indi bu şəhərin sakini kimi fəxarət hissi keçirirəm. Valideynlərim mənə görə çox şeylərini qurban veriblər. “Marsel”ə vurduğum qolu onlara həsr edirəm. Bu, onların mənə görə çəkdikləri əziyyətin layiqli əvəzidi. “Atalanta”nın formasında ilk qolumun sevincini yaşayıram. Mənim üçün inanılmaz hissdi...”


Pol Skoulz, “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi (MY-nin “Kristal Pelas”a 0:4 hesablı məğlubiyyətinə reaksiyası):
“Bu gecə tabuta sonuncu mismar vuruldu. Komandada əvvəldən axıra qədər nəyin necə ediləcəyi ilə bağlı heç bir düşüncə yox idi”.
Luçano Spalletti, İtaliya yığmasının baş məşqçisi: “Bu mövsüm məndə layiqli şəkildə çempion “İnter”dən başqa xoş təəssüratlar oyadan komanda “Bolonya”dı. Bu komanda mənə yaxın keçmişdə çalışdırdığım “Napoli”ni xatırladır. “Bolonya” yaxşı təşkilatlanmış oyun sərgiləyir. İşə belə yanaşma ilə qalib gəlmək olar”.


Joze Mourinyo, işsiz portuqaliyalı məşqçi:
“Fikrimcə, Portuqaliyadan 3-cü dəvəti də alacaq və bu dəfə təklifə “hə” deyəcəyəm”
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
football-plus.az

1Mənbələr