AZ

Xaliq Faiqoğlunun "avtobuslarında" əlillərlə mübahisə var…

Image

Əlillərin cəmiyyətə inteqrasiyasını təmin etmək üçün müxtəlif işlər görülsə də, müəyyən irəliləyişlər olsa da, hələ ki, alınan nəticə tam da ürəkaçan deyil. Paytaxın bəzi avtobuslarında əlil arabaları üçün xüsusi yer ayrılsa da pandus açılmır.

Bu günlərdə “pandus problemi” “Xaliq Faiqoğlu” şirkətinə məxsus 61 nömrəli avtobusda yaşanıb. Sürücü ilə sərnişin arasında mübahisə sosial şəbəkədə yayımlanıb. Videodan da görünür ki, sürücü əlil arabasına pandusu açmır, bu isə avtobus gözləyən digər sərnişinin etirazına səbəb olur və onlar arasında qalmaqal yaşanır.

“Xaliq Faiqoğlu” şirkəti: “Sürücü barəsində tədbir görüləcək”

Məsələ ilə bağlı  “Xaliq Faiqoğlu” şirkətindən bildirildi ki, onlar məlum görüntülərlə tanışdırlar: “Bununla bağlı olaraq sürücü barəsində tədbir görüləcək”.

Fərid Həşimov: “Daşıyıcılarda fiziki imkanları məhdud olan şəxslərin avtobuslara minməsi üçün sadəcə pandus yox, xüsusi qaldırıcı qurğu olur, ancaq o qurğu hər avtobusa qoyulmur”

Nəqliyyat eksperti Fərid Həşimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, daşıyıcılarda fiziki imkanları məhdud olan şəxslərin avtobuslara minməsi üçün sadəcə pandus yox, xüsusi qaldırıcı qurğu olur. Təəssüflər olsun ki, o qurğu hər avtobusa qoyulmur. Bu səbəbdən də avtobuslarda məlum problem yaşanır: “Sosial şəbəkədə yayılan videonu izləmişəm. Burda hər iki tərəf günahkardı. Fiziki məhdudiyyətli və ya onunla birlikdə olan şəxs sürücüyə yaxınlaşıb kömək lazım olduğunu deyərsə, problem asanlıqla həll olunardı. Qışqırmaq, təhqir etmək insanı hövsələdən çıxarır. Mən demirəm sürücü haqlıdır. Sürücü də günahkardır. Nə qədər yorğun olur-olsun, qeyd edilən kateqoriyaya aid olan insanlara köməklik göstərilməlidir. 1-2 dəqiqə sərf edib pandusu açmaq elə də çətin iş deyil. Avtobus sürücülüyü elə bir vəzifədir ki, səbr, təmkin tələb edir. Səbrli insan məlum hadisəni problemsiz yola verərdi”.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
baki-xeber.com

1Mənbələr