AZ

Azərbaycanda "Yaşıl iqtisadiyyata" sahibkar marağı...

Image

Son dövrlər bütün dünyada populyarlıq qazanan və həyatımızın, planetimizin vacib bir parçasına çevrilən “yaşıl iqtisadiyyat” həm dövlətləri, həm təşkilatları, həm şirkətləri, həm sahibkarları yaxından maraqlandırır, cəlb edir.

“Yaşıl iqtisadiyyat”a sərmayə qoymaq istəyən, yaxud qoyan sahibkarlara da böyük güzəştlər nəzərdə tutulur, kreditlər verilir və sair. O səbəbdəndir ki, ölkəmizdə “yaşıl iqtisadiyyat”a sahibkarların marağı durmadan artır.

“Yaşıl iqtisadiyyat” nədir?   

Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün "yaşıl" iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də 5-ci prioritet "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" adlanır. Sənəddə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan "yaşıl" texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı qarşıya konkret tapşırıqlar qoyulub.

Qeyd edək ki, Azərbaycanda qurulmuş təkrar emal prosesi "yaşıl iqtisadiyyat"ın inkişafına, rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. Müasir iqtisadiyyatda "təkrar emal" anlayışı mühüm yer tutur. İstehlak prosesindən sonra tullantıların bir qismini yenidən istifadəyə yararlı hala gətirmək mümkündür. Təkrar emal yenidən istifadəsi mümkün olan materialların dövri olaraq istehlak prosesinə daxil edilməsidir. Əsas məqsəd təbii sərvətlərin israfının və ekoloji çirklənmənin qarşısını almaq, eləcə də əlavə xammal bazası yaratmaqdır. Təkrar emal ilkin istehsaldan fərqli olaraq, asan və tez başa gəlir ki, bu da enerji qənaətinə imkan verir... 

Azad ərazilərdə “yaşıl iqtisadiyyat” 

İşğaldan azad olunan ərazilərimizin “yaşıl enerji” zonasına çevrilməsi prosesi başlanılıb və bu istiqamətdə konkret addımların şahidi oluruq.   Bildiyimiz kimi, “yaşıl enerji” zonası ifadəsi təkcə bərpaolunan enerji mənbələrindən enerji istehsal edən yerlər barədə işlədilmir. Bu ifadənin əhatə dairəsi genişdir və özündə ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqi, “yaşıl” məşğulluğun təmini, resurslardan səmərəli istifadə kimi çoxşaxəli məsələləri birləşdirir. Onun üçün də işğaldan azad olunan ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi üçün kompleks tədbirlər görülür, “smartcity” (“ağıllı şəhər”), “smart-village” (“ağıllı kənd”) konsepsiyası əsasında kəndlərin və şəhərlərin inşası həyata keçirilir, ərazidə yaradılacaq sənaye müəssisələrinin “yaşıl iqtisadiyyat”a töhfə verməsinə xüsusi diqqət yetirilir, günəş və külək enerjisindən istifadə imkanları gerçəkləşdirlir. Hazırda həmin ərazilərdə infrastrukturun bərpası da “yaşıl iqtisadiyyat” prinsiplərinə əsasən həyata keçirilir, yeni salınan şəhər və kəndlərdə, sənaye zonalarında ekoloji normaların gözlənilməsi prioritetdir. Burada da şübhəsiz, sahibkarların iştirakı var. Odur ki, sahibkarlıq mühitində "yaşıl" layihələrə, “yaşıl iqtisadiyyata” marağın artmasına səbəb kimi, dövlət tərəfindən onlara verilən dəstək, “yaşıl” layihələr üzrə güzəştli kreditlərin verilməsinə münbit şərait yaradılması kimi amillər göstərilir. Sahibkarlar güzəştli  kredit alıb  “yaşıl” layihlərini gerçəkləşdirirlər.

“...Hökumətin atdığı addımlar təqdirəlayiqdir” 

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bazar iqtisadiyyatı şəraitində azad sahibkarlıq və liberal iqtisadiyyatın təşviqi, liberallaşmanın iqtisadi mahiyyətinin genişləndirilməsi, sahibklara fəaliyyət azadlığının verilməsi vacib məsələlərdən biridir.  O, qeyd etdi ki, bu bazar iqtisadiyyatı modelinin ən vacib elementlərindən biridir. “Bu ildən Azərbaycanda həm işğaldan azad edilmiş ərazilərdə, həm də yaradılmış iqtisadi zonalarda, Ələt İqtisadi Zonasında və digər yerlərdə sahibkarlara verigi güzəştlərinin tətbiq edilməsi, onların fəaliyyətinin stimullaşdırılması diqqətəlayiq hallardan biridir. Adlarını qeyd etdiyim ərazilər ki, var, bunlar üçün ayrı-ayrılıqda paket güzəştlər müəyyənləşdirilib. Bu azad sahibkarlığın inkişafı və liberal iqtisadiyyatın təşviqinin genişləndirilməsi üçün bir tətbiqdir, bir addımdır. Amma ölkənin bütün ərazilərində “yaşıl enerji”nin stimullaşdırılması üçün hökumətin atdığı addımlar təqdirəlayiqdir. Məsələn, fermer tanıyıram, heyvandarlıqla məşğuldur. Bu fermer alıb quraşdırdığı günəş panelləri vasitəsilə öz təsərrüfatının elektrik enerjisinə olan tələbatını ödəyir, hətta qonşu təsərrüfata da elektrik enerjisi satır. O, günəş panelini sahibkarlardan alıb. O,  güzəştli kredit hesabına həmin günəşəş panelini təsərrüfatında qurub.

Mən Beyləqan rayonunda toyuq ferması yaradan bir fermeri şəxsən tanıyıram, külək enerjisindən elekrtrik enerjisi alan qurğunu özü düzəldib. Bu qurğu vasitəsilə öz təsərrüfatının işığa olan tələbatını ödəyir”-deyə bildirən A.Nəsirli qeyd etdi ki, beyləqanlı fermer bu qurğunu öz imkanları hesabına ərsəyə gətirib.

O hesab edir ki, Azərbaycanda bu cür təşəbbüslə çıxış edən sahibkarları təbliğ etmək lazımdır. A.Nəsirlinin sözlərinə görə, digər təsərrüfatlar, digər sahibkarlar da bu nümunədən istifadə edərək kütləvi şəkildə yerli şəraitin imkanlarına uyğun olaraq müxtəlif vasitələrdən yararlanaraq “yaşıl enerji” əldə etmək təşəbbüslərində bulunsunlar.

A.Nəsirli hesab edir ki, ölkəmizdə sahbkarların “yaşıl iqtisadiyyata” marağının artması müsbət haldır və bu özünün  müsbət bəhrəsini verəcək. A.Nəsirlinin qeyd etdiyinə görə, heyvandarlıqla məşğul olan sahibkarlardan biri heyvanların tullantısından qaz alan bir qurğudan istifadə edir, bu da onun təsərrüfatında istilik almaq üçün istifadə edilir. O, bildirdi ki, həmin tullantıdan sonrakı prosesdə çox keyfiyyətli kübrə alınır.

Bir sözlə, Azərbaycanda “yaşıl enerji”nin, “yaşıl iqtisadiyyat”ın inkişafı, yayılması üçün hərtərəfi imkanlar yaradılıb. Bu gün sahibkarların da bu sahəyə marağı həm özlərinin, həm də ölkəmizin xeyrinədir.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
baki-xeber.com

1Mənbələr