AZ

Şəhid Ənvər Tağıyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb

Füzuli, 15 may, Aydın Yavərzadə, AZƏRTAC

Otuz bir il əvvəl Füzuli uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Tağıyev Ənvər Cümşüd oğlunun Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları Füzuli rayonunda torpağa tapşırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ənvər Tağıyevin nəşi Füzuli rayonunda izdihamla qarşılanıb və ailəsinin yaşadığı Zobucuq qəsəbəsinə gətirilib. Vida mərasimi keçirilib və cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.

Daha sonra Ənvər Tağıyevin nəşi dəfn üçün Birinci Mahmudlu kənd məzarlığına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər.

Dəfn zamanı şəhidlərimizin ruhuna dualar oxunub və “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib. Şəhid Ənvər Tağıyevin nəşi torpağa tapşırılıb.

Qeyd edək ki, Tağıyev Ənvər Cümşüd oğlu 1929-cu ildə Füzuli rayonunun Dədəli kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi başlayan zaman o, ahıl yaşlarında olmasına baxmayaraq, döyüşlərdə könüllü iştirak edib. 1993-cü ildə Füzuli şəhəri uğrunda gedən döyüşlər zamanı yaralanaraq əsir düşüb. Daha sonra ailə üzvləri ondan xəbər ala bilməyib.

Ənvər Tağıyevin nəşinin qalıqları İkinci Qarabağ müharibəsində torpaqlarımız azad edildikdən sonra – 2022-ci ilin oktyabr ayında Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi məzarlıqda aşkarlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
azertag.az

1Mənbələr