AZ

Ermənistan ordusunun "strateji təlimləri" başlayıb...Hədəflər nədir?

Image

İbrahim Rüstəmli: “Bu təlimə Ermənistan Müdafiə Nazirliyinin tərtib etdiyi plana uyğun keçirilən təlimlərdən biri kimi baxıram”

Ermənistan ordusu mayın 14-də strateji komanda-qərargah təlimlərinə başlayıb. Aysor.am xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, təlimin məqsədi ordunun dislokasiya planlarının və döyüş yerləşdirilməsinin praktiki icra vəziyyətinin yoxlanılması, cəlb edilmiş qüvvələrin, vasitələrin və idarəetmə orqanlarının döyüş (nəzarət) imkanlarının öyrənilməsi, o cümlədən müxtəlif hərbi hissə və bölmələrin qərargahları arasında qarşılıqlı əlaqə, zabitlərin döyüş əməliyyatlarının hazırlanması və aparılması bacarıqlarını inkişaf etdirmək, döyüş əməliyyatlarının ahəngdarlığının artırılmasıdır.
 Canlı atəş avtomatik idarəetmə sistemləri və müasir avadanlıqlardan istifadə edilməklə həyata keçiriləcək.

Erməni mediası təlimin keçirilmə səbəbini açıqlasa da, indiki həssas məqamda bu təlimlərin başqa xarakter daşıması ilə bağlı şübhələr də yox deyil.  

Bu strateji təlimləri keçirməkdə gizil hədəflər varmı?

“İnanmıram ki, bu təlimlər Azərbaycana qarşı planlaşdırılan hər hansı bir təxribatın, hansısa bir döyüş əməliyyatının keçirilməsi məqsədi daşısın”   

Hərbi ekspert İbrahim Rüstəmli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bütün dünya ordularında olduğu kimi, yəqin Ermənistan ordusunda da Müdafiə Nazirliyinin tərtib etdiyi plana əsasən müxtəlif dövrlərdə müxtəlif xarakterli hərbi təlimlər keçirilir. “Ermənistanda keçirilən strateji-komanda qərargah təlimi də bu plan üzrə nəzərdə tutulan təlimlərdən biridir. Yəni bu təlimlər il boyu keçirilir. Eyni zamanda Azərbaycan ordusunda da bu və digər xarakterli hərbi təlimlər mütəmadi olaraq reallaşdırılır. Bəzən bu təlimlər daha geniş miqyasda həyata keçirilir. Ordunun ümumi döyüş, yaxud müdafiə qabiliyyətini  müəyyənləşdirmək məqsədilə çoxsaylı canlı qüvvə cəlb olunur. Bəzən lokal xarakterli hərbi təlimlər keçirilir”. 

O vurğuladı ki, bəzən konkret bir sahəyə, qoşun növünə aid təlimlər keçirilir. “İnanmıram ki, bu təlimlər Azərbaycana qarşı planlaşdırılan hər hansı bir təxribat, hansısa bir döyüş əməliyyatının keçirilməsi məqsədi daşısın.  Yəni bu təlimlərdə belə məqsəd görmürəm. Amma bütün hallarda düşmən ordusunun təlimlərinin məqsədi ciddi şəkildə yaxından öyrənilməli, izlənməli, analiz olunmalıdır, onların əldə etdiyi uğurlar, silahlar bir növ təhlil edilməli, onların döyüş qabiliyyətinin şkalası müəyyənləşdirilməlidir. Amma ümumiyyətlə götürdükdə, bu təlimə Ermənistan Müdafiə Nazirliyinin tərtib etdiyi plana uyğun keçirilən  təlimlərdən biri kimi baxıram”-deyə bildirən İ. Rüstəmlinin sözlərinə görə, o, Ermənistan dövlətinin o təlimlərinin Azərbaycana qarşı döyüş əməliyyatı üçün istifadə məqsədi daşıdığına inanmır. Bununla belə, o hesab edir ki, təlim prosesi dövlətimiz tərəfindən ciddi şəkildə izlənməlidir.

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
25
baki-xeber.com

10Mənbələr