AZ

"Azərbaycan - Ermənistan arasında sülhə hələlik keçid mərhələsindəyik" - millət vəkili

“Ermənistanda son günlər baş verən hakimiyyətə qarşı etirazlar kontekstində paralel olaraq biz yeni hadisələrin gəlişməsini də proqnozlaşdıra bilərik. Çünki 2020-ci ildən sonra ilk dəfədir ki, Ermənistanda etiraz edən qüvvələr təşkilatlanmağı bacardılar. Tavuşdan 30-40 nəfərlə başlayan etiraz aksiyaları İrəvanda kütləvi mitinqlərə çevrilə bildi. Bu mərhələdə Ermənistan baş nazirinin mayın 8-də Rusiyaya səfəri və səfərdə Rusiya ilə münasibətlərin yaxşılaşması kontekstində konkret nəticələrin əldə edilməməsi Rusiya-Ermənistan münasibətlərində yeni bir mərhələ yaratdı. Məhz bu kontekstdə biz hazırda Rusiya sərhədçilərinin Ermənistan və Azərbaycanla sərhəddən geri çəkilmələrinə şahidlik edirik. Hazırkı mərhələdə hadisələr iki istiqamət üzrə inkişaf edə bilər. Bunlardan biri optimist, digəri isə pessimistdir. Məsələnin optimist tərəfi bundan ibarətdir ki, Zəngəzur dəhlizi ilə bağlı məsələyə etiraz edərkən Ermənistan bu dəhlizin Rusiya sülhməramlılarının nəzarəti altında olmasını istəmirdi”.

Bunu AzNews.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, əgər hazırda Ermənistan-Azərbaycan sərhəddində, Qərbi Zəngəzurdan keçən yeni keçid məntəqələri quraşdırılırsa demək, Ermənistanın baş naziri əmindir ki, artıq bu, Zəngəzur dəhlizində Rusiya sülhməramlıları olmayacaqdır:

“Buradakı keçidin və yaxud yolun, dəhlizin statusu sadəcə Ermənistan və Azərbaycan arasında razılaşdırılacaqdır. Üçüncü qüvvələr burada iştirak etməyəcəkdir. Azərbaycana maneəsiz keçid verilərsə ki, mən düşünürəm ki, Almatada keçirilən xarici işlər naziri ikigünlük görüşündə məhz bu formulanın həm də axtarışları var idi. Belə olduğu halda biz hadisələrin inkişafının pozitiv versiyasını gözləyə bilərik. Bir də neqativ versiyası var. Ermənistan burada nəzarət, gömrük keçid məntəqələrini ona görə quraşdırır ki, buradan Azərbaycana, Naxçıvana keçid üçün maneəsiz yol vermir və beləliklə nə baş verir? Ermənistanın inşa etdiyi nəzarət post məntəqələri istifadəsiz qalır. Ona görə ki, ümumiyyətlə, başqa statusda Azərbaycan bu yolun açılmasını qəbul etməyəcəkdir. Çünki Azərbaycanın İran üzərindən Naxçıvana getmək üçün başqa alternativ yolu var. Bax, bu da məsələnin pessimist inkişafı ola bilər. Ona görə də mən düşünürəm ki, önümüzdəki bir neçə gün həlledici olacaqdır. Əgər xarici işlər nazirləri bir müddət sonra yenidən görüşməklə bağlı qərar qəbul edərlərsə, məsələ pozitiv istiqamətdə inkişaf edə bilər. Önümüzdəki günlərdə yenə keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi etiraz aksiyaları nə qədər davamlı olacaq və nəyə gətirib çıxaracaq? Bax, bu məsələnin nəticəsi də Ermənistan və Azərbaycan arasında sülhə təsir göstərəcək. Hələlik buna keçid mərhələsindəyik. Yaxın günlərdə hadisələrin inkişaf dinamikası məsələlərin necə olduğu ilə bağlı daha yəqin fikirlər səsləndirməyə imkan verəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
aznews.az

1Mənbələr