AZ

ATƏT-in Minsk Qrupu ləğv edilməlidir

Azərbaycan öz gücünə suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda yeni durum yaranıb. Artıq Azərbaycan və Ermənistan münasibətlərinin tənzimlənməsi, sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizi və s. kimi məsələlər rəsmi Bakının diqtəsi ilə gerçəkləşdirilir. Bu prosesdə nəinki vasitəçilər, heç təşəbbüskarlar, təşkilatçılar belə yoxdur. Azərbaycan özü təkbaşına, sülhə məcburetmə ilə Ermənistanı bu duruma gətirib və məsələləri çözməklə məşğuldur. 

Uzun illər turist səfərləri ilə gündəmdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri isə artıq tarix olmuş Ermənistan-Azərbaycan münaqişəsinin həllində heç bir ciddi nəticə ortaya qoya bilmədilər, qoymaq istəmədilər. Bir sıra məqamlarda hətta ermənipərəst, Ermənistanın işğalçılıq siyasətinə haqq qazandıran açıqlama və çıxışlar etməklə Azərbaycan xalqının haqlı narazılığına səbəb oldular. Minsk Qrupunun mövcudluğu problemi saxlamaq, dondurmaq, onu uzatmaqdan ibarət oldu. 

Qarabağ münaqişəsinin rəsmi Bakı tərəfindən ədalətli şəkildə həll edildiyini söyləyərək bu problemi çözməli olan ATƏT-in Minsk Qrupunun heç bir fəaliyyət göstərmədiyini qətiyyətlə demək mümkündür. Halbuki problemi həll etmək, keçmiş məcburi köçkünlərin öz yerlərinə qayıtmasını təmin etmək Minsk Qrupunun ən əsas vəzifələrindən idi. 

Bütün bu sadalananları, münaqişənin həll edilməsini, Minsk Qrupunun üzvü olan Rusiya və ABŞ-ın yeni reallıqları qəbul etməsini nəzərə alaraq ATƏT-in Minsk Qrupunun tamamilə ləğv edilməli olması vacib bir amil kimi qarşıya çıxır. II Qarabağ müharibəsindən sonra da Minsk Qrupunun heç bir iş görmədiyini nəzərə alsaq, ən qısa müddətdə bu amorf formatı tərəflərin birgə qərarı ilə tarixin arxivinə göndərməyin və onu sonlandırmağın zamanının gəlib çatdığını deyə bilərik. 

Minsk Qrupunun həmsədr dövlətlərinin indi atacağı ən müsbət addım elə bu lazımsız, hadisələrin yedəyində sürünən formatı ləğv etməsilə bağlı qəbul etdiyi qərar ola bilər.

Mübariz GÖYÜŞLÜ

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
192
xalqqazeti.az

1Mənbələr