AZ

Naxçıvanda “Azərbaycan-Türkiyə ticarət əlaqələri: Naxçıvanın ixrac imkanları" mövzusunda görüş keçirilib

Naxçıvan, 15 may, AZƏRTAC

Türkiyə Respublikasının Ticarət Nazirliyinin departament rəhbəri Mustafa Yavuzun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, səfər çərçivəsində qonaqlar Azərbaycan xalqımım Ümummilli Liderinin Naxçıvan şəhərindəki abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təşəbbüsü, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin, Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə ticarət əlaqələri: Naxçıvanın ixrac imkanları" mövzusunda görüş keçirilib. Görüşdə hər iki tərəfdən rəsmi şəxslər və sahibkarlar iştirak ediblər.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxış edərək, iqtisadi-ticarət tərəfdaşlığının inkişafı üçün geniş potensial olduğunu vurğulayıb, bugünkü görüşün, aparılan müzakirələrin biznes dairələri arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətini qeyd edib.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” barədə məlumat verən Samir Seyidəhmədli bildirib ki, proqramın əsas məqsədlərindən biri sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırmaq, azad iqtisadi zona yaratmaqla Naxçıvanı əsas sərmayə mərkəzinə çevirməkdir. Türkiyə nümayəndə heyətinin Naxçıvana 2 günlük səfər çərçivəsində muxtar respublikanın bütün potensialı ilə yaxından tanış olmaları, sözsüz ki, yeni investisiyaların yatırılması baxımından təkan rolunu oynayacaq.

Görüşdə Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev Azərbaycan-Türkiyə əməkdaşlığının inkişafının önəmini vurğulayaraq, bu əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. Tamerlan Tağıyev Azərbaycanda həyata keçirilən davamlı islahatlar, əlverişli biznes və investisiya mühiti barədə qonaqlara ətraflı məlumat verib, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi istiqamətlərini diqqətə çatdırıb.

İkitərəfli əməkdaşlıqda ticarət sahəsinin əhəmiyyətini vurğulayan Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov qeyd edib ki, Naxçıvan və Türkiyə arasında ticarət dövriyyəsinin artım tendensiyası davam edir. Bildirilib ki, 2024-cü ilin ötən 4 ayı ərzində qardaş Türkiyə muxtar respublikanın xarici ticarət dövriyyəsində ilk yeri tutub, Türkiyəyə ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz artıb. Ümumilikdə Naxçıvanın xarici ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 32,2 milyon dollar olub, ticarət dövriyyəsində Türkiyənin payı 52,7 faiz təşkil edib. Naxçıvandan Türkiyəyə mineral sular, vafli məmulatları, tütün məmulatları, elektrik enerjisi, mebel, tikinti materialları, travertin daş məhsullarının ixracı həyata keçirilib. Türkiyənin Naxçıvana ixracatında isə ərzaq məhsulları, məişət elektrik əşyaları, mebel, tekstil, əczaçılıq məhsulları, müxtəlif texnikalar üstünlük təşkil edib.

Qeyd olunub ki, Naxçıvanda fəaliyyət göstərən xarici kapitallı şirkətlərin 78 faizini Türkiyə şirkətləri təşkil edir. Hazırda muxtar respublikada iqtisadiyyatın müxtəlif sahələrində Türkiyə iş adamları ilə birgə və ya müştərək əsaslarla yaradılmış 146 sahibkarlıq subyekti qeydiyyata alınmışdır ki, bunun da 55 faizi və ya 80-i aktiv fəaliyyət göstərir.

Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, Türkiyə Respublikasının Ticarət Nazirliyinin departament rəhbəri Mustafa Yavuz görüşün yüksək səviyyədə təşkilinə, qonaqpərvərliyə görə məmnunluqlarını ifadə edib, iqtisadi əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüblər. Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılmasında sərhədyanı ticarətin yarada biləcəyi imkanlar və digər önəmli məsələlər ətrafında çıxış ediblər. Çıxışlarda bundan sonra da sərhədyanı ticarətlə bağlı müzakirələrin davam ediləcəyi və konkret addımların atılmasının vacibliyi vurğulanıb.

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov hər iki ölkənin iş adamlarının faydalı əməkdaşlıq münasibətlərindən söhbət açıb.

Sonra Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşları slaytlarla muxtar respublikanın iqtisadiyyatı, kənd təsərrüfatı, turizm və ixrac potensialı haqqında təqdimatlar edib, ətraflı məlumatlar veriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
50
azertag.az

10Mənbələr