AZ

AQTA-nın sədri Beynəlxalq Qida Sənayesi və Kənd Təsərrüfatı sərgilərinin açılışında iştirak edib

AQTA-nın

Bakı, 15 may, AZƏRTAC

Bakıda 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2024” və 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgiləri işə başlayıb.

AZƏRTAC xəbər verir ki, 17-dək davam edəcək sərgilərə Azərbaycan, Almaniya, Amerika Birləşmiş Ştatları, Belarus, Belçika, Çex Respublikası, Çin, Cənubi Koreya, Estoniya, Əfqanıstan, İspaniya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İran, İsrail, İsveç, İsveçrə, İtaliya, İndoneziya, Latviya, Misir, Niderland, Özbəkistan, Pakistan, Polşa, Qazaxıstan, Rusiya, Serbiya, Slovakiya, Tailand, Türkiyə, Türkmənistan, Şri-Lanka, Venesuela, Yaponiya və Yunanıstandan 500-ə yaxın şirkət qatılıb. Sərgilərdə Almaniya, Belarus, Gürcüstan, Çex Respublikası, Əfqanıstan, İtaliya, Niderland, Koreya, Polşa, Şri-Lanka, İndoneziya, Özbəkistan Milli Qrupları qida sənayesi və kənd təsərrüfatı məhsulları ilə təmsil olunur.

AQTA, Kənd Təsərrüfatı Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Qida və İçki Sənayeçiləri Assosiasiyası, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası sərgiləri fəal şəkildə dəstəkləyir. Sərgilərin təşkilatçıları “Caspian Event Organisers” şirkəti və tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir.

Sərgilərin açılış mərasimində çıxış edən AQTA-nın sədri Qoşqar Təhməzli bildirib ki, son illər ölkəmizdə digər sahələrlə birgə qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlar, görülən işlər əhalinin daha təhlükəsiz qida məhsulları ilə təmin olunması ilə yanaşı, bu məhsulların beynəlxalq bazarlara çıxış imkanlarını da genişləndirib. Qida təhlükəsizliyi sahəsində nəzarət və tənzimləmə sisteminin daha da təkmilləşdirilməsi, biotəhlükəsizliyin təmin edilməsi istiqamətində görülən işlər, həmçinin idxal və ixrac əməliyyatları zamanı nəzarətin beynəlxalq standartlara uyğun tənzimlənməsi bu istiqamətdə öz müsbət nəticəsini göstərməkdədir. Bütün bunlar qida sahəsində fəaliyyət göstərən subyektlərin öz fəaliyyətlərini beynəlxalq standartlara uyğunlaşdırması və istehsal olunan məhsulların təhlükəsizlik və keyfiyyət göstəricilərini yaxşılaşdırması ilə mümkün olub.

AQTA sədri çıxışı zamanı ölkəmizdə xəstəliklərdən azad zonaların və qida təhlükəsizliyinə nəzarət məntəqələrinin yaradılması, heyvan və bitki sağlamlığının təmin edilməsi və agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyaları ilə bağlı görülən işlər barədə məlumat verib, nailiyyətlərdən danışıb. Eyni zamanda vurğulayıb ki, FAO-nun dəstəyi və bir sıra qurumların iştirakı ilə “Qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” adlı layihə reallaşdırılıb. Qiymətləndirmə nəticəsində respublikamızdakı mövcud qida təhlükəsizliyi sistemi üzrə FAO-nun və Ümumdünya Səhiyyə Təşkilatının müəyyənləşdirdiyi ideal sistemlərin 25 səriştəsinin nəzərə alındığı və işlək olduğu aşkarlanıb. Bu isə mövcud qida təhlükəsizliyi sisteminin beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş standart və tələblərə uyğunluğunu göstərir.

Qeyd edək ki, 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2024” sərgisində AQTA-nın stendi qurulub. Stenddə sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, həmçinin idxal-ixrac əməliyyatları ilə bağlı agentliyin həyata keçirdiyi fəaliyyətlər və innovativ həllərə dair yeni videoçarxlar nümayiş etdirilir. Agentliyin stendi AQTİ-nin laboratoriyalarına virtual səyahət etməyə və müvafiq məlumatlar almağa imkan verir. Bundan başqa, sərgidə bir müddət əvvəl fəaliyyətə başlayan İnstitutun yeni Çadır tipli Səyyar Fitosanitar Laboratoriyası nümayiş olunur. Ziyarətçilər bilavasitə xəstəlik ocağında qısa müddət ərzində quraşdırılmaqla xüsusi təyinatlı müayinələrin aparılmasına imkan verən bu laboratoriya ilə tanış ola bilirlər. Əlavə olaraq, sərgidə sahibkarlıq subyektlərinə AQTİ tərəfindən təklif edilən xidmətlərə və digər məsələlərə dair hazırlanmış bukletlər nümayiş etdirilir.

29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2024” və 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgiləri üç gün davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
1
azertag.az

2Mənbələr