AZ

Oleq Salenkonun Azərbaycandakı davamçıları və ya “at oynadanlar” - TƏHLİL

Azərbaycan çempionatında təkcə qızıl, gümüş və bürünc medallar deyil, həm də bombardir adı uğrunda mübarizə də önəm daşıyır.

İdman.biz xəbər verir ki, II Liqanın bir matçında eyni futbolçunun 7 qol vurması da məhz bombardirlik yarışındakı mübarizə ilə bağlıdır.

“Füzuli”nin futbolçusu Elvin Nəsibov “Kürmük Qax”la matçda “at oynadıb”. 7:2 hesablı qələbəyə 7 qolla töhfə verən hücumçu mövsümdəki toplarının sayını 31-ə çatdırıb.

Mövsümə “Cəbrayıl”da başlayan, sonradan “Füzuli”yə keçən forvard əvvəlki 24 turda 24 qola imza atmışdı. Bombardirlər yarışının lideri Tural Qurbatovdan çox geri qalan Elvin bu fərqi XXV turda nəinki aradan qaldırıb, hətta önə keçib. “Şahdağ Qusar”ın futbolçusu 30 qola imza atsa da, artıq Nəsibovdan geri qalır. Elvin finişdəki superməhsuldarlıqla bombadır tituluna addımlayan ilk oyunçu deyil. Həm dünyada, həm də ölkəmizdə belə qol

Kameruna qan uddurdu
Nəsibovun 7 qolla bombardirlər yarışındakı yüksəlişi hərəyə bir hadisəni xatırlada bilər. Amma ilk yada düşən DÇ-1994-dür. Dünya çempionatının qrup mərhələsinin ilk iki turunda uğursuz çıxış edən Rusiya ilə Kamerunun son dueli Oleq Salenkonun benefisi ilə yadda qalıb. Hücumçu 6:1 hesablı qələbəyə 5 qolla töhfə verməyi bacarıb. Bununla da Oleq mundialdakı qol sayını 6-ya çatdırıb. İki məğlubiyyətdən sonrakı darmadağın da Rusiyanı xilas etməyib və yığma qrupda qalıb. Amma son matçdakı penta-trik Salenko keçilməz qalıb. Bolqarıstanlı Xristo Stoiçkov ona çatmaqdan artığına nail olmayıb. Hər iki bombardirə “Qızıl buts” verilib.

Unudulmaz 6:6 və Alay
Əgər dünya futbolunda göz önünə Salenko gəlirsə, Azərbaycanın da öz “Salenkolar”ı olub. Bütün futbol azarkeşləri Alay Bəhramovun 1998/99 mövsümündəki bombardirliyini xatırlayıb. “Viləş” - “Turan” oyunundan 25 il ötsə də, hələ də 6:6 hesabı ilə başa çatan görüş unudulmayıb. Komandalar üçün heç bir əhəmiyyət kəsb etməyən matçda 6 qol vuran Alay sonda çempionatın bimbardiri olub. Amma hamının bildiyi və xatırladığı aysberqin görünən tərəfidir. Əslində isə mövsümün finişi “Viləş”in hücumçusunun qol yağışı ilə əlamətdar olub.
İki mərhələdə keçirilən yarışın 26 turluq əsas raundundan sonra Vidadi Rzayev 18, Vadim Vasilyev 16 qol vurub. Həsən Abdullayev, Müşfiq Hüseynov və Alayın aktivində 14 top olub. Final mərhələsində ən şanssız da Bəhramov olub. Çünki Vidadili və Həsənli “Kəpəz” də, Müşfiqli “Qarabağ” da, Vadimli “Neftçi” də 1-6-cı yerlər uğrunda mübarizədə 10 matç keçirməli idi. “Viləş” isə 7-10-cu yerlər üçün cəmi 4 görüşə çıxıb. Bu “dördlük”də yer almalı olan “Bakılı” final mərhələsinin 1 matçından sonra yarışa qatılmaqdan imtina etdiyi üçün cəmi 3 komanda arasında iki dövrəli mübarizə yaşanacaqdı. 26 turda 14 qol vuran Bəhramov 4 turda 10 dəfə fərqlənməklə hesabını 24 topa çatdırıb. Vadim mövsümü 19, Vidadi 18 qolla bitirib.

İki oyunda 7 qol
Əgər Elvin superməhsuldar finişə aşağı liqada, Alay isə ötən minillikdə imza atıbsa, Premyer Liqanın yaxın keçmişində də bunu bacaran olub. 2009/10 mövsümü yəqin ki, çoxlarının xatirindədir. Həmin vaxt 12 komanda arasında 11-ci olan və aşağı dəstəyə yuvarlanan “Standard”in hücumçusu Fərid Quliyev çempionatın bombardiri olub. 30 turdan sonra hesabında cəmi 9 top olan forvard son iki matçda özünü göstərib. Fərid evdə “Karvan”a (6:0) 4, səfərdə “Simurq”a (4:0) 3 qol vurub. Bununla da hesabını 16 topa çatdıran Quliyev hərəyə 12 dəfə fərqlənən Anatoli Doroşla Robertas Poşkusu və 11 qolun müəllifi Adrian Neaqanı arxada qoyub.

Qeyd edək ki, Oleq, Alay və Fərid bombardir adını qazanıbsa, Elvin son turda da liderliyini qorumalıdır. “Füzuli” mayın 21-də “Cəbrayıl”ın qonağı olacaq. Tural isə “Şahdağ Qusar”ın “Ağdaş”la ev görüşündə qol sayını artırmağa çalışacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
idman.biz

1Mənbələr