AZ

Şeyxülislam Lissabonda Qlobal Forumda Azərbaycanın multikulturalizm siyasətindən danışıb

Şeyxülislam

Bakı, 15 may, AZƏRTAC

Təəssüflə qeyd olunmalıdır ki, beynəlxalq sabitliyə və təhlükəsizliyə əngəl törədən ideoloji və praktiki çağırışlar, o cümlədən ksenofobiya, dini və etnik dözümsüzlük faktları, nifrət çağırışları qlobal miqyasda artmaqdadır. Dünyanın xilası bəşəri mənafelər naminə bir araya gəlməkdən və etimad mühitinin formalaşdırılmasından keçir. Dinlərarası dialoq və əməkdaşlıq bu baxımdan əvəzolunmaz əhəmiyyət kəsb edir. Bütün mövcud problemlərin fövqündə duran sülhün bərqərar olunması, qorunması məramı ilə BMT Sivilizasiyalar Alyansı, G20 Dinlərarası Forumu kimi nüfuzlu beynəlxalq təşkilatların strukturlarında, İqlim Dəyişikliklərinə dair qlobal təşəbbüs - COP tədbirləri çərçivəsində sülh naminə dini liderlərin iştirakı ilə real əməkdaşlıq müstəvisinin təşkili yönündə səylər təqdir olunmalıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Portuqaliyanın Lissabon şəhərində Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAlCIID) Qlobal Dialoq Forumundakı çıxışı zamanı deyib.

Şeyxülislam bildirib ki, bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş Qarabağda şəhər və kəndləri bərpa edir, dağıdılmış məscidləri və digər dinlərə məxsus məbədləri yenidən inşa edir. Eyni zamanda, insanlarımızın dədə-baba yurdlarına qayıdışı üçün infrastrukturun qurulması prosesində ekoloji tarazlığın bərpası yönündə genişmiqyaslı örnək layihələr gerçəkləşdirir. Azərbaycanda multikulturalizm dövlət siyasəti olaraq həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyətlər, dinlərarası dialoq, əməkdaşlıq proseslərinə ali dəstək və himayə göstərir.

“Bu yaxınlarda Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu uğurla başa çatdı. Forum çərçivəsində dini liderlərin Bakı görüşü olduqca məhsuldar oldu, Şuşa Bəyannaməsi qəbul edildi. Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etmişdir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası böyük əhəmiyyətə malikdir. Bu qlobal tədbir çərçivəsində dünya dini liderlərinin yüksək səviyyəli görüşü baş tutacaq. Azərbaycan dövləti və dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsi beynəlxalq dinlərarası dialoqun təşviqi, regionda və bütövlükdə bütün dünyada mötədilliyin, məzhəblərarası və dinlərarası tolerantlığın yayılması yönündə beynəlxalq səylərə öz töhfəsini verməkdədir”, - deyə Allahşükür Paşazadə vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
2
azertag.az

3Mənbələr