AZ

Gürcü, erməni etiraz edir: Bəs, biz niyə etmirik?

Cənubi Qafqazda Azərbaycanın iki qonşusunu etiraz dalğası bürüyüb: Ermənistanda revanşistlər – yəni rusyönlülər baş qaldırıb, Gürcüstanda qərbpərəstlər.

Bu heyndə Azərbaycandakı siyasi ömrünü 2020-ci il 10 noyabrda başa vurmuş, 2023-cü il 20 sentyabrda isə kəfənlənmiş bir-iki nəfər Maskın virtual şəbəkəsindən sədalanıb ki, bəs niyə Ermənistanda, Gürcüstanda xalq yığışıb, etiraz edə bilər, ancaq biz yox? Bizim hüquqlarımız niyə pozulur?

Məsələ bu ki: Ermənistan müharibədə məğlub olub, işğal etdiyi ərazilərdən çıxarılıb, indi 1990-92-ci illərdə işğal etdiyi torpaqlarımızı qaytarır, bunun ardınca onillər öncə mənimsədiyi yurdlarımızın müzakirəsi gözlənilir və s.

Ermənistanın işğalda saxladığı ərazilərimizi döyüşsüz azad etməyə məcbur olmasından sui-istifadə edən antinikol qüvvələr, ruspərəstlər və bütün həyatlarını işğala həsr edib, nəhayətdə hər şeydən məhrum olanlar ortaya atılıblar, onlar xalqı manipulyasiya edib, Paşinyanı devirməyə çalışırlar.

Ruspərəstlər nüfuzdan düşdüyü üçün indi keşiş Baqratı qabağa veriblər və onun arxasında durublar. Keşişin arxasında həm də Rusiya barmağının olmasını isə bu gün Rusiya XİN-in şanlı Mariyası təsdiqlədi. Dedi ki, Ermənistanda aksiyaçılara kobud zorakılıq tətbiq edilir, onlar kütləvi həbs edilir, Qərb susur, ancaq Gürcüstanda aksiyaçılara ciddi dəstək verir, hakimiyyətə təzyiq edir və Gürcüstanın daxili işlərinə qarışır.

Əslində bu sözlərlə Zaxarova kələfi dolaşdırıb aləmi bir-birinə qatdı: Yəni əgər Ermənistanda da aksiyaçılara dəstək verib, Paşinyana təzyiq etsəydilər, Ermənistanın daxili işlərinə qarışmış olacaqdılar – məntiqlə belə çıxır. Heç olmasa Ermənistanın “daxili işlərinə” qarışmırlar – bundan Rusiya niyə narahatdır?

Çünki Gürcüstanda hakimiyyətin Rusiya ilə münasibətləri maksimuma yüksəltməsi və pərdəarxası oyunlar Kremlin maraqları daxilindədir – təsadüfi deyil ki, aksiyaçılar, elə Qərb də “Xarici təsirin şəffaflığı haqqında” qanunu “rus qanunu” kimi qələmə verirlər.

Yəni: faktiki olaraq Gürcüstan və Ermənistanda filmin növbəti seriyası başlayıb – ruspərəstlərlə qərbpərəstlərin hakimiyyət mübarizəsi və kollektiv Qərblə Rusiyanın bu iki ölkədə “sivil qaydada” üz-üzə gəlməsi!

Gürcüstanda Qərb özündən asılı QHT-lərlə işləyir və onları dəstəkləyir ki, Gürcü Arzusuna nəzarəti bir an da əldən verməsin – həm də zarafat deyil, Gürcüstana 20 il ərzində milyardlarla pul xərcləyib, bu ölkəni AB üzvlüyünə namizəd edib, NATO-ya yaxınlaşması üçün nələrindən keçib! İndi bu qədər sər-mayanın batmasına necə dözsün?

Ermənistanda isə əks prosesdir – Rusiya özündənqaçma cəhdlərinin sürətlənməsindən narahatdır və barmağını qarmaq edib, keşişlərini önə verib.

Bəs, Azərbaycanda vəziyyət necədir?

Separatizmin kökü yuxumuza girməyəcək şəkildə kəsilib, separatçılar isə DTX-nin türməsində “çay içir”; Ordumuz Ermənistanla sərhəddə bütün strateji yüksəklikləri götürüb, indi işğaldakı kəndlərimizi bircə-bircə qaytarırıq; hələ Zəngəzur dəhlizi var; hələ anklavlara yol var, hələ...

Azərbaycan işğaldan azad etdiyi əraziləri tikir-qurur, ora külli miqdarda pul xərcləyir!

Hər gün yuxudan durub işə hazırlaşanda görürsən ki... - Şuşaya yeni köç karvanı yola salındı, Ağdamda yeni kompleksin əsası qoyuldu, ən müasir yol istifadəyə verildi, Şuşa və Laçında beynəlxalq festival baş tutdu və s. və i.a.

Yaxşı, azərbaycanlı olaraq küçəyə niyə çıxaq? Qalxıb deyək ki, Xankəndini niyə azad etdiniz, yoxsa Qazaxın 4 kəndini nahaq geri qaytarmısınız?

Şükür, Qərbin qeheteləri də bu ölkədə meydan sulamır, Rusiyanın barmaqlayacağı molla da yox – bir İran aftafası var, onu da sərhədi bağlayıb, işimizi görürük.

Əlbəttə ki, daha yaxşı yaşayış istəyimiz var və bunu da vaxtaşırı ifadə edirik. Ancaq nə Ermənistanda, nə Gürcüstanda, nə Yaxın Şərqdə, nə Orta Şərqdə, nə yaxınımızda, nə də uzağımızda hazırkı hədəflər iqtisadi deyil, siyasidir: dünya yenidən bölüşdürülür, Azərbaycan – şükürlər olsun – bu oyunda aktora çevrilib, indi bütün dünyanın diqqəti bu bölüşdürmədədir və dünya ölkələri əhaliyə xərclənəsi vəsaitin böyük hissəsini strateji maraqlarına qurban verir.

Bu vəziyyətdə nə deyib etiraz etməliyik?

Bu çağırışlar – rus barmağı və fars aftafası qaldı 90-larda!

İndi Cənubi Qafqazda siyasi və milli maraqlarını yeridən, sərhədlərindən kənara çıxmağı bacaran, heç kəsdən təmənna güdməyən, heç kəsin əlinə baxmayan və buna görə də uzanan barmaqları dərhal kəsmək cəsarətində yalnız bir ölkə var - Azərbaycan!

Əgər bu gün siyasi meyitləri goreşənlər narahat edirsə və qazıb üzə çıxarıb, çürümüş qoxunu yayırsa, meyiti təkrar basdırmaq da, göreşəni ovlamaq da dövlətə düşər!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
229
50
axar.az

10Mənbələr