AZ

Kreml sülh masasına qayıdır?

“Moskva Rusiya, Ermənistan və Azərbaycan liderlərinin qərarı ilə 2021-ci ildə yaradılmış üçtərəfli qrupun tamhüquqlu işini mümkün qədər tez bərpa etməyi zəruri hesab edir”.

Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Onun sözlərinə görə, Qərbin təzyiqi ilə İrəvan Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması işi üzrə üçtərəfli əməkdaşlığı dondurmaq qərarına gəlib.

Xatırladaq ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması üzrə Üçtərəfli İşçi Qrupun yaradılmasna dair 2021-ci il yanvarın 11-də hər üç ölkə liderinin Moskvada keçirilən görüşündə razılaşma əldə olunub. 

İşçi Qrup Azərbaycan, Ermənistan və Rusiya arasında dəmir yolu, avtomobil və qarışıq daşınmaların təşkili barədə qərar qəbul edib. Eyni zamanda, nəqliyyat əlaqələrinin təhlükəsizliyi, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növlərinin təmin edilməsi ilə bağlı üçtərəfli qaydada razılığa gəlinib.

Lakin ötən üç ildə bu sənədin icrası mümkün olmayıb. Ona görə də 2022-ci ilin sonlarına qədər fasilələlərlə müzakirələri davam etdirən İşçi Qrup sonradan fəaliyyətini qeyri-rəsmi dayandırdı. Buna səbəb hər üç ölkə arasında 2020-ci il noybarın 10-da və 2021-ci il yanvarın 11-də qəbul edilmiş bəyanatlarda nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasına dair razılaşmaların Ermənistan tərəfindən yerinə yetirilməməsi olub. 

İşçi Qrup çərçivəsində dəmir yolunun bərpası və fəaliyyəti başlaması qərara alınsa da, Nikol Paşinyan hakimiyyəti Zəngəzur dəhlizinin açılmasına dair 10 noyabr Bəyanatının 9-cu bəndini hələ də yerinə yetirməyib. Hətta Ermənistan rəsmiləri 10 noyabr Bəyanatından çıxması, yaxud 9-cu bəndin öz əhəmiyyətini itirməsinə dair davamlı açıqlamalar verməklə kommunikasiyaların açılmasına mane olub.

Bundan başqa, rəsmi İrəvan Zəngəzur dəhlizinin təhlükəsizliyinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən təmin edilməsini Ermənistanın ərazi bütövlüyü və suverenliyinə zidd hesab edərək buna etiraz edib. Ermənistanla Rusiya arasında kommunikasiyalara nəzarətlə bağlı yaranmış fikir ayrılığı dəmir və avtomobil yollarının açılmasını əngəlləyən növbəti amilə çevrilib. 

Halbuki, Ermənistan 10 noyabr Bəyanatında Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR arasında nəqliyyat vasitələrinin, yüklərin və vətəndaşların təhlükəsiz keçidini təmin etmək barədə öhdəlik götürüb. Yola hansı ölkənin nəzarət etməsindən asılı olmayaraq, Ermənistan qeyd edilən öhdəliyi qeyd-şərtsiz yerinə yetirməlidir.

İndi Rusiya xarici işlər nazirinin müavini İşçi Qrupun fəaliyyətini yenidən bərpasını  təklif etməklə həmin format çərçivəsində əldə edilmiş razılaşmaların icrası məsələsini yenidən gündəmə gətirir. Çox güman ki, Qaluzinin bu açıqlamasının səbəbi Azərbaycanla Ermənistan arasında ikitərəfli təmasların artmasıdır.

Xüsusilə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın 10-11-də Almatıda keçirilən görüşündən sonra nəqliyyat-kommunikasiya əlaqələrinin bəprası məsələsi gündəmə gəlib. Bunun davamı olaraq, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla dəmir yolunun açılmasına hazır olduqlarını bəyan etdi.

Lakin Ararat Mirzoyanın bu prosesin bərabərlik prinsipinə əsaslanmasının vacibliyini xüsusi vurğulaması rəsmi İrəvanın dəhliz prinsipini qəbul etmədiyini və Ermənistanın dəmir yolunun təhlükəsizliyinin Rusiya tərəfindən təmin olunmasına qarşı olduğuna işarədir. Artıq Qarabağ separatçılarının nümayəndəsi Samvel Babayan Azərbaycandan Naxçıvan MR-a çıxış üçün Kalininqrad modelinin tətbiqini təklif edib.

Rusiyanı Kalininqrad vilayəti ilə birləşdirən “Suvalki” dəhlizinin tətbiqi nəqliyyat marşrutlarına üçüncü ölkənin nəzarət etməsini nəzərdə tutmur. Bu isə Rusiyanı qane etmir. Rəsmi Moskva İranla sərhəddə yerləşən qoşunlarının Zəngəzur dəhlizinə cəlb olunmasını istəyir. Azərbaycan üçün hər iki variant əlverişlidir. Rəsmi Bakı Zəngəzurdan kommunikasiyaların açılmasını Ermənistanla sülhün əsas prinsiplərindən biri hesab edir. 

Rusiya Zəngəzur dəhlizinin təhlükəsizliyini təmin etməklə Avropanı Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiya ilə birləşdirəcək ən mühüm nəqliyyat marşrutlarından birinə  nəzarət etməyə çalışır. Bu həm də Rusiyanın Ermənistanda zəifləyən geosiyasi mövqelərini möhkəmlətmək məqsədi daşıyır. Ona görə də Mixail Qaluzin İşçi Qrupun fəaliyyətinin bərpasını təklif etməklə Azərbaycanla Ermənistan arasında nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasında Rusiyanın maraqlarının nəzərə alınmasının vacibliyinə dair mesaj verir. 

Lakin həm Azərbaycanla sülh danışıqlarında, həm nəqliyyat marşrutlarının mühafizəsində Rusiyanın iştirakı ilə razılaşmayan Ermənistanın bu təklifi qəbul edəcəyi inandırıcı görünmür. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
cebheinfo.az

1Mənbələr