AZ

Rusiya hərbçiləri Qarabağdan BİRDƏFƏLİK GEDİR: Moskvanı bu addımı atmağa nə vadar etdi?

Bu gün Rusiya sülhməramlılarının Qarabağdakı (Xocalı) bazası tamamilə bağlanır. Sülhməramlıların Qarabağ bölgəsini tərk etməsi münasibətilə Xocalıda təntənəli tədbir keçirilir. Sözügedən tədbirdə hər iki tərəfdən yüksək rütbəli hərbi rəsmilər də iştirak edir. Baş verənlər rus sülhməramlı kontingentinin Qarabağı tamamilə və dönməz şəkildə tərk etdiyini deməyə əsas verir.

Bu əlamətdar hadisəni Medianews.az-a şərh edən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan vurğulayıb ki, Rusiya ordusunun Azərbaycanda olmaması təcrübəsi daha əvvəl də yaşanıb.

O qeyd edib ki, 1992-ci ildə Azərbaycan Rusiyaya bərabərhüquqlu tərəfdaş olaraq əməkdaşlığı təklif edib.

Politoloqun qənaətincə, bu, həm də o demək idi ki, ölkələr bir-birinin ərazi bütövlüyü məsələlərinə müdaxilə etmirlər: “Əməkdaşlıq eyni zamanda 1993-cü ildə sovetdən qalma rus ordusunun Azərbaycanın bölgəsini tərk etməsi ilə nəticələnib. Sözügedən tarixdən 2020-ci ilə qədər Rusiya hərbçiləri Azərbaycanda xidmət etmədən də yaşaya biliblər. Bu, artıq onlar üçün adət halıdır. 2020-ci il 10 noyabr atəşkəs bəyanatından sonra Rusiya sülhməramlı adıyla Azərbaycan ərazisinə qoşun yeridib. Lakin sonrakı dövr – 2023-cü il sentyabr ayından sonra kontingentin bölgəmizdə qalması öz əhəmiyyətini itirib. Rusiya belə bir əhəmiyyətsiz məsələyə maliyyə xərcləmək istəməyib. Üstəgəl, Ukraynada davam edən müharibə Rusiyaya bu addımı atmağa vadar edib”.

S.Soltan hesab edir ki, rəsmi Moskvanın perspektivdə yeni ərazilərdə hərbi bazalar yaratmaq cəhdləri uğursuz olacaq: “Çünki ölkələr SSRİ-nin dövründə mövcud olan bazaların siyasi-iqtisadi ideyalarını yaxşı bilirlər. Bir ölkə ərazisində sovet qoşununun qalması həmin ölkənin işğalı demək idi. Azərbaycan cəmiyyəti öz ərazisində Rusiya ordusunun yenidən qalmasını işğal kimi qəbul edəcək. Rəsmi Moskva isə Bakı ilə münasibətləri dost, tərəfdaş kimi saxlamağa çalışır. Bu səbəbdən də qonşu ölkə bölgəmizdə öz kontinqentini saxlayaraq işğalçı obrazında mövcud olmağı özünə rəva görmür. Üstəlik hər iki ölkə arasında imzalanmış strateji tərəfdaşlığa dair sənəddə də tərəflərin bir-birinin ərazi bütövlüyü, daxili məsələlər və sair kimi mövzularda qarşılıqlı hörmət prinsipi vurğulanır”.

Politoloq vurğulayıb ki, ərazisindən rus qoşunlarını çıxardan Azərbaycan anti-Rusiya hərbi bloklara üzv olmağı qarşısına məqsəd qoymayıb: “Azərbaycan Qoşulmama Hərakatının fəal üzvüdür. Bu baxımdan Rusiyanın Azərbaycandan  hərbi bloklarla bağlı təhlükəsi minimuma enir. Rusiya Azərbaycana niyə qoşun yeritmişdi? Qarabağ bölgəsində yaşayan ermənilərin hüquqlarının güya qorunması üçün. Hazırda o faktor mövcud deyil. Azərbaycan-Rusiya münasibətlərində yeni dövr başlayır. Rusiyanın Azərbaycanda qoşun yaratması və saxlaması üçün əsas yoxdur. Bu, yalnız Azərbaycanın seçkili orqanlarının dəvəti halında gerçəkləşə bilər. Hazırda isə buna şərait yoxdur”.

Ayşən RƏHİM

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
medianews.az

1Mənbələr