AZ

Əzrayılın Azərbaycan nümayəndəsi...

Kubra Məhərrəmova yazır...

Bəlkə də mövsümlə əlaqədardır, bilmirəm amma son zamanlar yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə olunur. Belə bir xəbər də yayıldı ki, Suraxanı rayonunda sürət yarışı keçirən sürücülər saxlanılıblar. Qərara əsasən sürücü Kərimov Mehdi Tahir oğlunun sürücülük hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki min manat, Abbasov Sadiq Famil oğlunun sürücülük hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki min beş yüz manat məbləğində cərimə olunub.

Çox gözəl! Ümid edirik ki, belə cərimələr çox olacaq. Heç olmasa pula görə bəzi sürücülər bir az asta sürərlər.

Dövlət Statistika Komitəsinin avtomobil qəzaları ilə bağlı yaydığı ötən ilin göstəriciləri belədir:

2023-cü ildə 1636 yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərərçəkən şəxslərin sayı 2229 nəfər olub. Onlardan 862-si həlak olub, 1367-si isə yaralanıb. Hadisələrin 42,5 faizi gündüz, 38,9 faizi gecə, 18,6 faizi toran vaxtı, 31,5 faizi isə həftənin şənbə və bazar günlərinə təsadüf edib. 

Belə çıxır ki, ötən il ərzində ancaq avtomobil qəzaları zamanı günə 2 nəfər həyatını itirib. Çox acınacaqlı statistikadır deyə bilərik...

Amma bütün ölüm-itimlərə baxmayaraq nə qəzaların sayı azalır, nə də ölümlərin. Burada isə sual yaranır, adam sonunun ölüm olduğunu bilə-bilə niyə risk etsin? Axı bunun ikinci dəfə doğulmaq, həyata qayıtmaq şansı yoxdur. Təəssüflər olsun ki, sürətlə, avtoxuliqanlıqla, sonunda ölümlə çilingağac oynayan çox vaxt elə gənclər olurlar.

Ələlxüsus da son zamanlar “TikTok” sosial platformasında köhnə kişilər demişkən “formazonluq” etmək üçün min oyundan çıxırlar. Sürət həddi keçilir, canlı yayımda video çəkilir, müxtəlif manevrlər edilir, radar qurulmuş yollar heçə alınır. Hələ üstəlik bu qəbildən olan videoları da böyük qəhrəmanlıq edirmiş kimi sosial şəbəkələrdə da paylaşılır.

Düşünürəm ki, bütün bunlar yüksək “intellektin” göstəricisidir. Adamın başı “dolu” olanda ortaya belə mənzərə çıxır. Müdrik şəxslər deyirlər ki, boş qazanlar bərk səs edir. Yenə də, hər məsələdə olduğu kimi, dirənirik təhsilə, biliyə. Çünki fizikanın təməl qanunu belə deyir ki, təsir əks təsirə bərabərdir.

Fizika elminin, mühəndisliyin nailiyyəti olan mühərrik, avtomobil və s. yarananda əsas məqsəd insanlığın daha komfortlu, daha faydalı alətlərdən istifadə edərək həyatını daha rahat etmək məqsədi güdürdü. Amma nə oldusa, komfort bizim insanın əlinə keçəndən sonra döndü oldu Əzrayılın Azərbaycan nümayəndəsi. Aldı qabağına keçəni, vurub öldürdü. 

Hələ də, çoxuna başa salmaq olmur ki, qəzaların yaşanması an məsələsidir. Sonu da ən yaxşı halda əlil qalmaqdır, ən pis halda isə ölüm. Sürətlə maşını idarə edən kəslərin əksəriyyəti deyir ki, “heç nə olmaz!” Spirtli içki içəndən sonra sükan arxasına oturanların da əksəriyyəti əmindirlər ki, Şumaxerə dərs keçə bilərlər, Yazqı Şumaxer... 

İndi gələk bayaq gənclərə “farmazon” deyən köhnə kişilərə. Daha doğrusu onların avtomobili idarə etməsinə. Köhnə sürücülər də iddia edirlər ki, “bəs indiki cavanlar maşın sürə bilmirlər”. Biz 40 ildir maşın sürürük, bir dəfə də olsun qəza etməmişik. 

Amma bizim də gördüyümüz bir məsələ var, bu da odur ki, yaşından, dinindən, siyasi baxışından, əqidəsindən asılı olmayaraq sürücüləri iki hissəyə bölmək olar, məsuliyyətli və məsuliyyətsiz sürücü. 

Məsuliyyətsiz sürücünün yaşı, təcrübəsi və digər tərəfləri müzakirə olunmur. Bu sürücülər polis maşını görən kimi sürəti azaldır, radar quraşdırılan yollarda səliqəli sürürlər. Radar və polis maşınını ötəndən sonra isə yenə sürət yığırlar.

Amma özünü Şumaxer kimi təsəvvür edəndə realda başqa hadisə baş verir. Yüksək sürətlə hərəkət edən avtomobil, bundan alınan həzz, adrenalin partlayışı, qəfil yola çıxan maneə, təkərlərin asfaltla təmasından çıxan tükürpədən səs, toqquşma və ölüm… 

Kino çox zaman bununla da bitir. KİV-də isə filan yolda yüksək sürət həddini aşan filan dövlət nömrə nişanlı avtomobil qəza törətdi kimi məlumat yayılır. 

Qəza nəticəsində filan qədər adam həyatını itirib, filan qədəri isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər, həyatını itirənlərin nəşi ailələrinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. 

Bütün qəza xəbərləri statistik məlumata çevrilir. İlin sonunda toplanır və Dövlət Statistika Komitəsinin saytında yerləşdirilir. 

Həyatlar isə bitir. Çox ümid edirəm ki, bu yazını oxuyanlar, oxumayanlara göndərər, bəlkə kiminsə həyatı daha da uzun olar.  Daha səliqəli idarə olunar avtomobillər. Təhlükəsizlik kəmərləri taxılar, sürət həddi  yalnız polis maşını, radar görəndə yox, yolun tələbinə uyğun olar. 
Təəssüflər olsun ki, yolda hərəkət edən sürücülərin əksəriyyəti Əzrayılın Azərbaycan nümayəndəsidir. Həm öz həyatına susayıblar, həm də başqalarının...

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
oxu.az

1Mənbələr