AZ

Dünyanı, insanları dəyişmək mümkün deyilsə, çıxış yolu nədədir? - Fəxri Uğurlu


Kulis.az Cerom Devid Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanı haqqında Fəxri Uğurlunun "Uçmaq istəyən balıq" essesini təqdim edir.

Selincerin tərcüməyə çətin gələn dünya şöhrətli əsərlərini dilimizə uğurla çevirmiş Tehran Vəliyevin ruhu şad olsun!


Folkner çağdaşlarına tərif deməkdə xəsis idi, söhbətlərində daha çox bəyəndiyi, dönə-dönə oxuduğu klassiklərdən danışırdı. Nobel mükafatına layiq görülmüş tay-tuşlarından Heminqueyi yazıda “təhlükəli” manevrlərə getməkdən çəkinən cəsarətsiz, qorxaq yazıçı adlandırır, Steynbek haqqında isə deyirdi ki, o, yazıçı yox, reportyordur. Bütün bunlar paxıllıqdan, təşəxxüsdən, məncillikdən irəli gəlmirdi, sadəcə, ona yazı, yazıçı bəyəndirmək çətin idi. Özü bəstəboy olsa da, oksfordlu zahidin arşını çox uzun idi.

Sonrakı nəsillər haqqında isə Alber Kamünü çıxmaqla (o da ölümündən sonra) Folkner yalnız Selincer haqqında tərif demişdi (hər halda mənim xatırladığım budur). Universitetlərin birində bir tələbənin sualına cavabında dahi yazıçı bunları söyləmişdi: “Selincerin romanı məndə dərin təəssürat yaratdı. Müəllif bu əsərdə mədəniyyətimizin bizə göstərdiyi təzyiqə qarşı üsyana qalxıb. Bizim mədəni mühitdə şəxsiyyət olmaq çətindir. Mən bu kitabda Selincerin öz faciəsindən qaynaqlanan bir faciə gördüm. İnsanların çoxundan həssas olan savadlı yeniyetmə bəşər övladını sevmək, insanlığın mahiyyətinə varmaq istəyir, bu zaman görür ki, orada insana yer yoxdur. Əsərdəki faciə məhz bundan ibarətdir”.

Selincer özü isə hamıdan çox XIX əsrin böyük Amerika yazıçısı, dünya şöhrətli “Mobi Dik” romanının müəllifi Herman Melvilli bəyənirdi.

***

İlk dəfə 1951-ci ildə nəşr olunmuş “Çovdarlıqda uçurumdan qoruyan” romanı işıq üzü görər-görməz otuz iki yaşlı müəllifini dünya şöhrətli yazıçıya çevirdi. Selincer bu kitabı fasilələrlə on ilə yazmışdı, şah əsəri onunla birgə dünya savaşının odu-alovu içindən keçmişdi. Roman iyirminci əsrin ikinci yarısında Qərb sivilizasiyasının həyatına ən çox təsir göstərmiş kitablardan biri, bəlkə də birincisi sayılır. Altmışıncı illərdə baş qaldırmış tələbə hərəkatlarının, bitniklərin, hippilərin, eləcə də dünyaya səs salan sui-qəsdlər törətmiş üç terrorçunun (o cümlədən Con Lennonun qatilinin) ilham mənbələrindən biri bu kitab olmuşdu.

Ölümündən on dörd ildən çox vaxt keçsə də, Selincer müəmması hələ də çözülməyib. 1965-ci ildən əsərlərini çapa verməyi dayandırıb Nyu-Hempşir ştatındakı Korniş şəhərciyində inzivaya çəkiləndən sonra onun nə yazıb-nə yazmadığını, ta dünyadan köçdüyü 2010-cu ilə qədər necə ömür sürdüyünü, hansı düşüncələrlə yaşadığını bu gün də dəqiq bilən yoxdur. Hətta 1955-ci il təvəllüdlü qızının memuarları da bu kimi suallara tam aydınlıq gətirməyib. Qeyri-rəsmi məlumatlara görə, bu illər ərzində o, yazmağından, yeni əsərlər yaratmağından qalmayıb, di gəl, varlığı ehtimal olunan bu əsərlərdən işığa çıxarılanı hələ də yoxdur.

Paradoksal olan burasıdır ki, Selincerin şöhrətdən, populyarlıqdan qaçışı son əlli-altmış ildə onun şöhrətini qat-qat artırıb. Yeganə romanı ötən yetmiş ildə təqribən 60 milyon nüsxədə çap olunub (ABŞ-da, yanılmıramsa, hər il 250 min tirajla yenidən yayılır), nəsildən-nəslə ötürülüb, bu gün də əl-əl gəzir. Özü Budda sayağı dərin sükuta dalan, qırx beş ildə bir-iki istisnanı çıxmaqla müsahibə verməyən, şəkil çəkdirməyən, bir sözlə, özünü unutdurmağa çalışan Selincerin sözü bu müddətdə bir gün belə susmayıb, bir gün unudulmayıb.

***

Roman Selincerin həm fəlsəfi-etik, həm də bədii-estetik mövqeyini aydın ifadə eləyir. Atası yəhudi, anası şotland-irland əsilli olsa da, yazıçı təskinliyi nə iudaizmdə, nə xristianlıqda – qədim hind fəlsəfəsində, zen-buddizm təlimində tapmışdı. Şübhəsiz, ruhi dincliyə, sakitliyə, tarazlığa meyillənməsində onun İkinci Dünya müharibəsinin od-alovundan keçməsi, savaş meydanlarında gördüyü dəhşətli mənzərələr, insan vəhşilikləri mühüm rol oynamışdı. Aldığı dərin mənəvi yaralar, psixoloji zərbələr ruhunun azadlığını qorumağa çalışan, insana inamını çoxdan itirmiş mizantrop xarakterli Selincerə ayrı yol qoymamışdı.

“Çovdarlıqda uçurumdan qoruyan” əsərini avtobioqrafik roman da adlandırmaq olar. Əsərdə müəlliflə qəhrəmanı, danışanla haqqında danışılanı bir-birindən ayırmaq mümkün deyil. Sanatoriyada vərəmdən müalicə olunan on yeddi yaşlı Holden Kolfild bir il əvvəl milad bayramı qabağı üç gün ərzində başına gəlmiş əhvalatları nağıl eləyir. Əslində, burada qeyri-adi bir əhvalat da yoxdur, baş verənlər Nyu-York küçələrini, barları, otelləri, karuselləri avara-avara dolanan bir küskün, acıqlı məktəblinin mənasız sərgüzəştləridir. Bu sərgüzəştləri izləyən oxucu hər kəsə, hər şeyə on altı yaşlı yeniyetmənin gözüylə baxır, həyatı onun prizmasından dəyərləndirir.

Beş fəndən dördü üzrə kafi qiymət ala bilmədiyinə görə Pensi məktəbindən qovulmuş Holden Nyu-Yorkda yaşayan valideynlərinin gözünə üç gün görsənə bilmir, çünki bu, artıq onun bayıra atıldığı üçüncü məktəbdir. Yeniyetmə üç gün ərzində sağa-sola veyillənir, özünün məqsədsiz-məzmunsuz macəralarından, anarxist tənhalığından, vəhşi sərbəstliyindən zövq alır. Fəqət tez-tez azadlığını onun burnundan gətirirlər, yetkin bir insan kimi müstəqil davranmağını, sərbəst dolanmağını ona bağışlamırlar.

***

Holden yaşadığı cəmiyyətə qarşı üsyana qalxır, ancaq onun üsyanı siyasi, sosial üsyan deyil; bu, belə demək olarsa, ekzistensial qiyamdır. Riyakarlığa, saxtakarlığa, ikiüzlülüyə, yalançı nəzakətə, qəlp şəfqətə, göstərmə məhəbbətə qarşı səmimiyyətin qiyamı. Holden imkanlı ailənin uşağıdır, aclıq-qıtlıq çəkmir, getdiyi yerlərə taksiylə gedir. Əslində, o, dibçəyində böyüyüb-bəsləndiyi burjua-kapitalist mühitindən razı olmalıdır. Məsələ də burasındadır ki, Holden Kolfild bu mühitdən iyrənir, yalanla yaşamaq, dibçək bəsləntisi olmaq istəmir.

Sosial qəhrəman olmasa da, əsər boyu ara-sıra Holdenin sosial fenomenlərə, tutalım, dinə, təhsil sisteminə münasibətini də eşidirik. İsa Məsihi bəyənsə də, onun apostollardan, başqa xristian müqəddəslərindən xoşu gəlmir. Kafedə iki rahibəylə rastlaşan qəhrəmanın daxili monoloqundan bir fraqmenti dinləyək: “Bütün söhbət boyu qorxurdum ki, birdən mənim katolik olub-olmadığımı soruşarlar. Katoliklər həmişə sənin katolik olub-olmadığını bilmək istəyirlər. Mənim başıma belə şeylər tez-tez gəlir, qismən də ona görə ki, soyadım irland soyadıdır. Məlumdur ki, irlandların çoxu katolikdir. Yeri gəlmişkən, atam özü də əvvəllər katolik olub. Anamı alandan sonra isə bunun daşını atıb. Ancaq bu katoliklər elə tipdirlər ki, lap sənin soyadını bilməsələr də, həmişə katolik olub-olmadığını soruşurlar…” Bu müşahidələr Holdenin yetkin, ağıllı bir yeniyetmə olduğunu göstərir. Sadəcə, o, tənhalıq aşiqidir, sosiallaşmağa yox, tam tərsinə, yalquzaq kimi asosiallığa meyillidir.

Onun yaxşı mütaliəsi, incə zövqü var, tay-tuşlarından fərqli olaraq teatr tamaşalarını, Hollivud filmlərini sərraf kimi dəqiq qiymətləndirə bilir, ən adlı-sanlı sənətkarların da saxtakarlığı onun gözündən yayınmır. Məşhur aktyorların oynadığı tamaşa haqqında on altı yaşlı yeniyetmə görün nə deyir: “Bu tamaşa əvvəl baxdıqlarıma nisbətən o qədər də bəd gəlmədi mənə. Amma bu da bir zibil deyildi. Lovğa ər-arvadın üst-üstə beş yüz min illik həyatından bəhs eləyirdi. Başlanğıcda lap cavan vaxtlarını göstərirlər, qızın valideynləri əvvəlcə onu bu oğlana vermək istəmirlər, ancaq qızın qərarı qətidir. Sonra da başlayırlar qocalmağa. Ər müharibəyə gedir. Arvadın qardaşı içkiyə qurşanır. Nə isə, çox maraqsız oldu. Yəni bir ailədə biri öldü, ya qaldı, məni o qədər maraqlandırmır. Çünki bilirdim ki, bunlar aktyordurlar, vəssalam, oyun çıxarırlar. Düzdür, ərlə arvad çox yaxşı təsir bağışlayırdılar, dilli-dilavər idilər, ancaq onlardan da sən deyən xoşum gəlmədi. Əvvəla ona görə ki, bütün tamaşa boyu çaydımı, nəydimi, onu içməklə məşğul idilər. Bu qocalar hər dəfə səhnədə görünəndə ya qulluqçu onların qabağına çay qoyur, ya da qadın kiməsə nə isə süzürdü. İkincisi də, bütün tamaşa boyu onların yanına biri girir, biri çıxırdı: bu adamların dəqiqəbaşı oturub-durmaqlarına baxmaqdan gözüm dörd olmuşdu. Qoca ər-arvadı Alfred Lantla Lin Fontann oynayırdılar, özü də çox gözəl oynayırdılar, amma mənim xoşuma gəlmədi. Mən də başa düşürəm, onlar başqa aktyorlara bənzəmirlər. Səhnədə özlərini nə adi adam, nə də aktyor kimi aparırlar. Bunu izah eləmək mənim üçün çox çətindir. Elə oynayırdılar, elə bil addımbaşı özləri də hiss eləyirdilər ki, onlardan yaxşısı yoxdur. Yəni yaxşı oynamaqlarına yaxşı oynayırdılar, amma həddən artıq… Bilirsiz, bir adam bir işi həddən artıq gözəl bilirsə, o işi görəndə hər dəfə özünə nəzarət eləməsə, başlayır öz bacarığını gözə soxmağa. Bununla da hər şey korlanır…”

Göründüyü kimi, ən usta sənətkarların da oyunundakı saxta, qəlp məqamlar, cizgilər Holdenin hələ mühitin çirkabına bulaşmamış, maskalanmağa alışmamış saf qəlbinin senzurasından keçə bilmir. Onun misal gətirdiyim nitqindən bütöv bir estetik platforma çıxarmaq olar.

***

Bütün uşaqlar, yeniyetmələr tez böyüməyə, yaşlanmağa, sərbəst həyata başlamağa can atırlar, ancaq Holden uşaqlığından ayrılmaq istəmir. Görüşdüyü, öpüşdüyü qızlar belə ona təsəlli ola bilmir, onun bu dünyadakı tək təsəllisi, qoruyucu mələyi on yaşlı bacısı Fibidir. Kiçik qardaşı Alli dünyadan vaxtsız köçüb, böyük qardaşı D.B. isə müstəqil yazıçılığın daşını atıb Hollivud üçün ssenarilər yazır. Hollivud da, onun artistləri, filmləri də Holdendən ötrü riyakarlığın, saxtakarlığın simvoludur.

Heç şübhəsiz, Amerika kino sənayesinin nəhənginə Selincerin bəslədiyi səmimi, barışmaz nifrətin bir səbəbi də onun gənclik xatirəsindən irəli gəlir. Yazıçı cavanlığında məşhur Amerika dramaturqu Yucin O’Nilin qızı Unaya aşiq olmuşdu. Onda Selincerin 23, qızın 16 yaşı vardı. Selincer müharibəyə yollanandan az sonra 18 yaşlı Una özündən 36 yaş böyük Hollivud aktyoruna – 54 yaşlı Çarli Çaplinə ərə getmişdi. O vaxtdan yazıçı dünya şöhrətli aktyora bəslədiyi kin-küdurəti ömrü boyu sinəsində gəzdirdi, onun filmlərinə heç vaxt baxmadı, Hollivuddan heç vədə xoşlanmadı.

Holden Kolfild də öz yaradanı kimi Hollivud adı çəkiləndə çimçəşir, hətta xəyalən böyük qardaşını Amerikanın qərbində, bir meşənin dərinliyində tikəcəyi komasına çağırıb ona yazıb-yaratmaq üçün rahat şərait quranda belə tək şərti bu olur ki, onun pak daxmasında Hollivud üçün ssenarilər yazılmayacaq.

***

Holden özünü on iki yaşlı uşaqtək hiss eləməyinə anormallıq kimi baxır, ancaq bundan zövq alır. Uşaqlığını tutub saxlamaqla o, saflığının ömrünü uzatmağa çalışır, həmin saf, təmiz fəhmiylə bilir ki, böyüdükcə o da ikrah duyduğu adamlardan birinə çevriləcək. Oteldə çirkli, kobud liftçi ona qadın təklif eləyəndə Holden razılaşır, amma məqsədi o qadınla dərdləşmək, həmsöhbət olmaq, onu duymaqdır. Qadınsa, əlbəttə, onu başa düşmür, axırda liftçiylə birləşib Holdendən zorla əlavə beş dollar da qoparır. Holden o gecə şüursuz bir cəhdlə oğlanlığını, bakirliyini, həyata, o cümlədən qadına saf baxışını qoruyur. Onsuz da pozulmağa vaxtı çox olacaq.

Holden Kolfildin qiyamı bir az da metafizik qiyamdır. Dostoyevskinin İvan Karamazovu kimi Allahı tanısa da, bu oğlan Allahın yaratdığı dünyanı heç cür qəbul eləyə bilmir. Anlayır ki, bizə bundan başqası verilməyib, insanları dəyişmək heç vaxt mümkün olmayacaq, bununla belə, barışmaz anarxist kimi daim üsyankar halda, permanent qiyam ovqatında yaşamaqdan da usanmır. Bilir ki, bu kainat özgə mülküdür, dünya onun nazıyla oynamır-oynamayacaq, çərxi-fələk onun istəyilə fırlanmır-fırlanmayacaq, bu qumarda onun qazancı olsa-olsa bu olar ki, qumara girməz, yaxasını bu dünyanın əlindən müvəqqəti qoparıb, bir müddət qarı fələyin gözündən oğurlanar. Di gəl, yenə ərköyünlüyündən qalmır, aslana cuman quzu ceyran sayağı üzü üzlər görmüş qocaman kainata kəllə atır, atdıqca da başı qaranlıq, soyuq boşluğa dəyib geri qayıdır.

Əgər dünyanı, insanları dəyişmək mümkün deyilsə, çıxış yolu nədədir? Dünyadan, insanlardan uzaqlaşmaqda. Zahidlik yolu, Budda təriqi. Zahid özü də öz tənhalığının şüşə köşkündə gizlənmiş anarxistdir.

***

Sivil həyat, sivil insanlar Holdenin ürəyini bulandırır. Bu dünya ona ögey ananın beşiyi kimi soyuq, yad gəlir. Hətta sivilizasiyanın ən parlaq nişanələrindən olan avtomobillər, snobist həyat tərzi keçirənlərin qürur, təşəxxüs yeri maşınlar belə onda daxili etiraz doğurur, öz-özünə deyir ki, at bu cansız mexanizmlərdən qat-qat yaxşıdır, çünki atda nə qədər olmasa insani nələrsə var, atla barı danışa bilərsən.

Taksiylə donmuş gölün yanından keçəndə Holden sürücüdən soruşur, bu gölün ördəkləri qışda hara uçurlar? Sürücüyə elə gəlir, oğlan onunla məzələnir, cavabında deyir, ördəklərin hara getdiyini bilmirəm, amma balıqlar dəqiq buradadırlar, heç yana getməyiblər… Bu incə yumorun, istehzanın altında nə yatır? Buz bağlamış gölməçə Holdenin içində böyüdüyü mühitə çox bənzəyir. O göldə sağa-sola çovuyan balıqlar öz dünyalarında özlərini xoşbəxt sanırlar, yeyirlər, yeyilirlər, bundan başqa dünyanı heç arzulamırlar da. Ancaq o balıqların arasında bir balaca balıq da var ki, gölü zindana döndərmiş buz layını deşib çıxıb pərvazlanmaq, yerə göydən baxmaq istəyir, ördəklərə qoşulub isti, işıqlı, rahat ölkələrə uçmaq istəyir.

Holdenin tək arzusu Qərb bölgələrinə gedib orada bir meşəyə çəkilmək, tənha bir daxma qaraldıb gözdən-könüldən uzaqda ömür sürməkdir. Getdiyi yerlərdə o, benzindoldurma məntəqəsində işə düzələcək, özünü lallığa-karlığa vurub heç kəslə danışmayacaq, sonra da bir gözəl lal-kar qız tapıb onunla evlənəcək. Uşaqlarını məktəbə qoymayacaq, onlara özü yazıb-oxumaq öyrədəcək.

Bu xəyallarını o, teatra dəvət elədiyi Salli Heyslə bölüşəndə qız ona ağıldanseyrək kimi baxır. Onun birlikdə qaçmaq təklifinə Salli soyuq ağılla cavab verir, çünki bu qız içində yaşadığı cəmiyyətin burnundan düşüb, kübar mühitdə, diqqət mərkəzində olmağı çox xoşlayır, pulun-malın gücünü, dadını, qiymətini yaxşı hiss eləyir. Salli Holdenin yaşıdı olsa da, romantik yox, praqmatik xislətlidir. Qızla kobud davranıb onu özündən uzaqlaşdıranda oğlan sövq-təbii saf, romantik xəyallarını kirli, praqmatik ağılın təcavüzündən qoruyur.

***

Salli Heysə ürəklə zəng vursa da, əvvəlki istəklisi Ceyn Qallaherin nömrəsini yığmağa Holden özündə cəsarət tapmır. Artıq onun özündənrazı sinif yoldaşı Stredleyter Ceynin qəlbinə girə bilib, necə deyərlər, yeməyənin payını yeyərlər. Holdenin davranışından görünür ki, onun Ceynə münasibəti sevgiyə çevrilmək ərəfəsindədir, bəlkə də artıq çevrilib. Stredleyter Ceyni ələ ala bilsə də, onu duymaq, anlamaq iqtidarında deyil. Yaraşıqlı, imkanlı olsa da, bu oğlanın içi boşdur, onun kişi gözəlliyi mənəvi əsasdan məhrumdur. Holden Ceynin Stredleyterə təslim olmasının mümkünsüzlüyünə özünü inandırmağa nə qədər çalışsa da, zalım gerçəklik onun çiynindən basır, həyat reallığı yenə arzulara qalib gəlir. Bu reallığı Ostrovskinin “Cehizsiz qız” pyesində olduğu kimi təxminən belə ifadə eləmək olar: gözəl qızlar həmişə əxlaqsız kişilərə meyil göstərirlər.

Holdenin yeganə sevinci Fibiyə gözü dolusu baxmaq, karuseldəki atın belində oturanda onu qıraqdan seyr eləməkdir. Bacısı da çamadanını yığıb gətirib onunla birgə uzaqlara getmək istədiyini deyəndə Holden elə bil ayılır, Fibiyə əvvəlcə boz üz göstərsə də, sonra qızın könlünü almağa çalışır. Bu dünyada onu təmənnasız istəyən, onun dalınca dünyanın o başına getməyə hazır olan tək varlıq Fibidir. Qardaşı dansa da, Fibi anlayır ki, onu yenə məktəbdən qovublar. Holdeni heç nəyi bəyənməməkdə, hər şeyə, hər kəsə, bütövlükdə həyata nihilist münasibət bəsləməkdə qınayan bacısına oğlan normal ağıla sığmayan qəribə cavab verir. Bacı-qardaş arasında dialoqun bir parçasına diqqət yetirək:

“ – Bilirsən mən nə olmaq istəyərdim? – Dedim. – Bilirsən nə? Əgər mən əclafa imkan versəydilər…

– Nə? Bəsdir də, söyüş söymə.

– Sən bu mahnını bilirsən: “Oğlan qızı tutmuş olsa çovdarlıqdan keçən zaman…”

– Düz demədin, mahnının sözləri belədir: “Qız oğlana ürcah olsa çovdarlıqdan keçən zaman…” – Fibi dedi. – Özü də bu, mahnı yox, şeirdir. Robert Börnsün şeiridir.

– Mən də bilirəm Robert Börnsün şeiridir.

Düz deyirdi. Doğrudan da, şeirdə “ürcah olsa” idi. Mən bunu tamam unutmuşdum.

– Mən onu “oğlan qızı tutmuş olsa” kimi bilirdim, – dedim. – Nə isə, bilirsən, bu şeiri yadıma salanda gözümün qabağına belə bir səhnə gəlir: bütün körpə uşaqlar axşamçağı yığışıb ucsuz-bucaqsız bir çovdar zəmisində qaçdı-tutdu oynayırlar. Milyon-milyon körpə uşaq, ətrafda bircə nəfər də – yəni böyükləri deyirəm – yoxdur, tək mənəm. Mən də uca, sərt qayanın lap qırağında dayanmışam. Mənim işim bu qayanın altındakı uçuruma yaxınlaşan uşaqları tutmaqdır. Axı onlar qaçdı-tutdu oynayanda gözləri ayaqlarının altını görmür, hara qaçdıqlarını veclərinə almırlar. Ona görə də uçuruma yaxınlaşanları o dəqiqə qaçıb tuturam ki, ora yıxılmasınlar. Bütün günü işim ancaq bu olur: çovdar zəmisində uşaqları uçurumdan qorumaq! Bilirəm, bu da bir cür sarsaqlıqdır, ancaq ürəyimə yatan tək peşə varsa, o da budur…”

***

Fəqət yer kürəsində belə bir iş, vəzifə yoxdur. Bəs eləysə Holden Kolfildə nə qalır? Onun gələcəyi necə olacaq, bu zalım dünyada nə təhər baş girləyəcək?

Holdenin üç yolu var: ya Balzakın saflığını itirmiş qəhrəmanları kimi içində boğulduğu zalım, saxta cəmiyyətin çirkabına bulaşıb, öz ekzistensial varlığından üz döndərib əclaflığın min bir fəndinə yiyələnəcək, ya amansız dünyanın basqısı qarşısında tərksilah olunub intihar eləyəcək, ya da öz etiraflarını, qəlbinin intim sirlərini qələmə alıb Selincer olacaq.

Xoşbəxtlikdən o, üçüncü yolu seçdi. Selincer iyirminci əsrin Buddası kimi özünə alınmaz qala qurub varlığını kənar müdaxilədən, “sarı iblisə” aşiq cəmiyyətin təcavüzündən qorumağı bacardı. İndən belə o qalanı heç kim uçura bilməz. Sənətin möcüzəsi bax budur...

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
1
kulis.az

2Mənbələr