AZ

Azərbaycan idmanı tarixində güləş

style='margin-bottom:10px;'>

Artıq hər kəsə məlumdur ki, Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. 

Əlbəttə ki, bunun əsas səbəblərindən biri ölkəmizdə idman növlərinə dövlət səviyyəsində qayğının göstərilməsi, idmançılarımızın hər bir şəraitlə təmin olunmaqlarıdır. Nəticədə də təmsilçilərimiz Avropa və dünya arenalarında titullar qazanırlar, bayrağımızı ucaldıb, himnimizi səsləndirirlər.

Güləş dünya və Azərbaycan tarixində

Dünyada və Azərbaycanda ən çox sevilən idman növlərindən biri də güləşdir. Hələ eramızdan 2500 il əvvəl Misirdə insanlar güləşlə məşğul olublar. Bizim eramızdan əvvəl 8-ci əsrə aid edilən “Gilqamış” dastanında b.e.ə 3-cü minilliyə aid olan Şumer abidələrinə istinadla güləş üzrə yarışlar haqqında məlumatlar verilib. Bu idman növü əsrlər keçdikcə daha da geniş yayılmağa başlayıb. Zaman keçdikcə güləş də növlərə bölünüb. Klassik güləş yunan-Roma güləşi, yeniliklərə açıq olan güləş növü isə sərbəst güləş adlanıb. Sonralar isə qadınlar güləşlə məşğul olmağa başlayıblar. Bununla da daha bir güləş növü - qadın güləşi yaranıb.

Azərbaycan güləşçilərinin də beynəlxalq arenalarda hegemonluq etdiklərini desək, yanılmarıq. Çünki güləş bizə ulu babalarımızdan ötürülən, qanımıza, canımıza hopan bir idman növüdür. Tarixə nəzər salsaq, görərik ki, ta qədimdə Azərbaycan igidləri güləşlə məşğul olublar, pəhləvanlarımız ər meydanında güləşiblər. Hətta "Kitabi-Dədə Qorqud" boylarında da igidlərin bir-birləri ilə güləşdiklərinə rast gəlinir. 

Qədim türk ənənələri güləşi ruhumuzun ayrılmaz bir parçasına çevirib. Çünki damarlarında türk qanı axan insanlar keçmiş zamanlarda problemlərini, mübahisələrini də güləşlə həll edirdilər. 

Güləş həm də Olimpiya Oyunlarının proqramında yer aldığına görə əksər insanların sevimli idman növüdür. Bəs, güləş nə vaxt Olimpiya Oyunlarının proqramına daxil edilib? Hələ 704-cü ildə güləş əsas idman növlərindən biri kimi tanınmış, Olimpiya Oyunlarının proqramına daxil edilmişdi. Həmin vaxt güləşin ən qədim növü olan yunan-Roma güləşi üzrə yarışlar Olimpiya Oyunlarına rəng qatıb. Müasir dövrdə, 1896-cı ildə Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında keçirilən ilk Olimpiadanın proqramında yer alan 9 idman növündən biri yunan-Roma güləşi olub. 

Azərbaycanın güləş idman növü üzrə ən böyük uğurları isə ölkəmizin Olimpiya yoluna çıxdığı vaxt başladı....

Azərbaycanın Olimpiya yolu - Atlanta-1996

Müstəqil Azərbaycan ilk dəfə 1996-cı ildə Yay Olimpiya Oyunlarında təmsil olunub. Ölkəmizin güləşçiləri dünyanın ən mötəbər idman turnirində misilsiz nailiyyətlərə imza ataraq, adlarını qızıl hərflərlə tarixə yazdırıblar. 

1996-cı ildə ABŞ-ın Atlanta şəhərində keçirilən Yay Olimpiya Oyunlarında Namiq Abdullayev (54 kq) yalnız finalda məğlub olaraq gümüş medala sahib çıxdı. Bununla da N.Abdullayev Olimpiya Oyunlarının medalını qazanan ilk azərbaycanlı kimi tarixə düşdü. Beləliklə, Azərbaycan Olimpiya Oyunlarını fəth etmək yolunda ilk addımını atdı.

Bu Olimpiadadan sonra Ulu Öndər Heydər Əliyev turnirdə iştirak edən heyəti qəbul etmiş, onlara xüsusi diqqət ayırmışdı. Ümumilli Lider Namiq Abdullayevin qazandığı gümüş medalı qızıl medal qədər dəyərli hesab edərək, güləşçimizin qızıl medalçı kimi mükafatlandırılmağı ilə bağlı sərəncam da imzalamışdı. 

Sidney-2000: İlk fəth! Azərbaycan bayrağı Sidneydə sancıldı! 

2000-ci ildə Avstraliyada keçirilən Yay Olimpiya Oyunlarında Namiq Abdullayev finalda ABŞ təmsilçisi Samuel Hensonu məğlub edərək, qızıl medalı qazandı və yeni salnamə yazdı. Nəticədə Namiq Abdullayev həm də Olimpiya Oyunlarının çempionu olmağı bacaran birinci azərbaycanlı güləşçi kimi tarixə düşdü.

Afina-2004

Afina-2004 Olimpiya Oyunlarında Azərbaycan idmanının yeni şanlı səhifəsi yazıldı. Azərbaycan milli komandası Olimpiya Oyunlarının vətəni Yunanıstanda təşkil olunan bu möhtəşəm yarışdan 1 qızıl, 4 bürünc medalla qayıtdı. Həmin vaxt hələ 22 yaşında olan yunan-Roma güləşçimiz Fərid Mansurov (66 kq) bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. 

Pekin-2008

Hər növbəti Olimpiya Oyunları Azərbaycan üçün özü ilə bərabər uğurları da gətirdi. Belə ki, Çinin paytaxtı Pekində keçirilən 2008-ci il Yay Olimpiya Oyunlarında ilk dəfə Azərbaycanın qadın güləşçiləri də mübarizə aparmağa başladılar. Bu turnirdə yunan-Roma güləşçilərimiz Vitali Rəhimov (60 kq) və Rövşən Bayramov (55 kq) gümüş, sərbəst güləşçimiz Xetaq Qazyumov (96 kq) və qadın güləşçimiz Mariya Stadnik isə bürünc medala yiyələndi. 

London-2012

London əsl əzmkarlıq və vətənpərvərliyi seyr etdi. Bəli, bəli! Azərbaycan güləşçiləri Böyük Britaniyadakı Olimpiadada möhtəşəm səviyyədə mübarizə apararaq özlərini bütün dünyaya tanıtdılar. Sərbəst güləşçilərimiz Toğrul Əsgərov (60 kq) və Şərif Şərifov (84 kq) Londonda bayrağımızı ucaltdılar, himnimizi səsləndirdilər. Xetaq Qazyumov (96 kq) isə Olimpiadanın bürünc mükafatını qazandı. Yunan-Roma güləşi üzrə yarışlarda Rövşən Bayramov (55 kq) gümüş, Emin əhmədov (74 kq) bürünc medala yiyələndi. Qadın güləşi üzrə yarışlarda isə Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç (55 kq) bürünc medala sahib çıxdı.

Rio-2016

Bu dəfə sədamız planetin o tayından  - Cənubi Amerikadan gəldi. Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan 2016-cı il Olimpiya Oyunları Azərbaycan idmanı tarixində xüsusi iz qoydu. Belə ki, Azərbaycan idmançıları bu yarışda rekord sayda - 18 medal qazandılar. Bu medallardan 9-u güləşçilərimizin payına düşdü. 

Sərbəst güləşçilərmiz Toğrul Əsgərov, Xetaq Qazyumov və qadın güləşçimiz Mariya Stadnik yalnız finalda məğlub oldular. Yunan-Roma güləşçilərimiz Sabah Şəriəti və Rəsul Çunayev, qadın güləşçimiz Nataliya Sinişin, sərbəst güləşçilərimiz Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov isə Rio-de-Janeyro Olimpiadasının bürünc medallarına sahib çıxdılar.

Tokio-2020

Bütün azərbaycanlıların fəxrinə çevrilən Hacı Əliyev və Mariya Stadnik Tokioda da ölkəmizi medalsız qoymadılar. Bu dəfə Hacı Əliyev gümüş, Mariya Stadnik və yunan-Roma güləşçimiz Rafiq Hüseynov isə bürünc mükafat qazandı. 

Güləşçilərimizin beynəlxalq arenalarda qazandıqları uğurlar xalqımızın milli kimliyini, vətənpərvərlik ruhumuzu, Azərbaycanın tarixini bütün dünyaya tanıtmaq üçün ən gözəl vasitələrdən biri oldu.

Döyüş meydanından öncə idman meydanında!

Azərbaycan güləşçilərinin ötən illər ərzində nankor qonşu - mənfur düşmən olan Ermənistan idmançılarının kürəyini dəfələrlə yerə vurduğunu qeyd etməmək olmaz. Rəsul Çunayev, Cəbrayıl Həsənov, Fərid Baxışlı, Nihat Məmmədli, Sabah Şəriəti, Həsrət Cəfərov, Rafiq Hüseynov, Hacı Əliyev erməni rəqiblərinə aman verməyiblər və Azərbaycan idmançısının kim olduğunu onlara göstəriblər. Buradan da göründüyü kimi, biz qələbə siqnallarını döyüş meydanından əvvəl idman meydanında vermişdik...

Növbəti hədəf...

Əlbəttə ki, bütün bu uğurlar ölkəmizdə güləşə xüsusi diqqətin ayrılmasından irəli gəlir. Dövlətimizin güləşə qayğısı isə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlayıb.

Qeyd etmək lazımdır ki, 22 il əvvəl - 2002-ci ildə Ulu Öndər Heydər Əliyev Bakıda keçirilən sərbəst güləş üzrə 45-ci Avropa çempionatı zamanı Avropa Güləş Federasiyasının Tseno Tsenovu qəbul etmiş, ona Azərbaycan xalqının güləşə olan sevgisindən bəhs etmiş, sərbəst güləşin xalqımızın qədim idman növü olduğunu vurğulamışdı. 

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının ortaya qoyduğu iş bizi ildən-ilə uğura aparır. Azərbaycanın əsas güləş millisi kimi, yeniyetmələrdən, gənclərdən ibarət yığma komandaları da bütün lazımi şəraitlə təmin olunublar. Milli komandalarımız ölkə xaricində təlim-məşq toplanışlarında iştirak edir, beynəlxalq turnirlərdə, dünya və Avropa çempionatlarında mübarizə aparırlar. Məhz buna görə də hər il yeni isimlər - gənc güləşçilər beynəlxalq arenalarda qazandığı uğurlarla xalqımızı sevindirirlər. Çünki bölgələrdə görülən işlər, güləşin təbliği nəticəsində uşaqlarda, onların valideynlərində güləşə qarşı daha çox maraq yaranır.

Həmçinin ölkə başçısının Azərbaycan güləş millisini qəbul etməyi, onların uğurlarını dəyərləndirməyi də güləşə ayrılan xüsusi diqqətin göstəricisidir.  Buna görə də Azərbaycan güləşçiləri yalnız Olimpiya Oyunlarında yox, bütün yarışlarda öz adlarından söz etdirməyi bacarırlar. 

Üçqat dünya, dördqat Avropa çempionu, Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı Hacı Əliyev, ikiqat dünya, onqat Avropa çempionu, Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı Mariya Stadnik artıq nəinki Azərbaycan güləşinin, hətta dünya güləş tarixinin ən önəmli adlarına çevriliblər. 

Qarşıdan isə Paris-2024 Yay Olimpiya Oyunları gəlir. Artıq Azərbaycanın 12 güləşçisi Olimpiadaya vəsiqə qazanıb. Sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomodov (86 kq), Maqomedxan Maqomedov (97 kq), Giorgi Meşvildişvilinin (125 kq), yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq), Sabah Şəriətinin (130 kq), qadın güləşçilərdən isə Mariya Stadnikin (50 kq) Paris-2024-də mübarizə aparacağı dəqiqləşib.

2022-ci ildə Prezident İlham Əliyev güləş millimizi qəbul edərkən Hacı Əliyevlə dialoq qurmuş, onun haqqında xoş sözlər səsləndirmişdi: "Mən hesab edirəm ki, sən artıq Olimpiya Oyunlarının qızıl medalını qazanmısan". İndi hər birimizin istəyi Hacı Əliyevin bunu cəmi 2 ay sonra Parisdə reallaşdırmağıdır. 

35 yaşlı Mariya Stadnik isə Olimpiya Oyunlarına vəsiqəni 4 gün əvvəl Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində dişi-dırnağı ilə qazanıb. Uğurlarının tayı-bərabəri olmayan Azərbaycan güləşçisi karyerasında 5-ci dəfə Yay Olimpiya Oyunlarında mübarizə aparacaq. Bu isə nəinki ölkə, bütün dünyanın qadın güləşi tarixində ilkdir. 

Əlbəttə ki, hazırda bütün Azərbaycan xalqının və Mariyanın arzusu onun Paris-2024-də qızıl medal qazanmasıdır. Çünki dünya şöhrətli Mariya Stadnikin medal kolleksiyasına çatışmayan tək şey Olimpiya qızılıdır. Bütün Azərbaycan xalqı Stadnikin bu işin öhdəsindən gələcəyinə inanır. Şübhəsiz ki, 20 il əvvəl çıxılan yolun əsas mükafatına qovuşmağın həzzi bir başqa olacaq. Ona görə də Olimpiya Oyunlarına vəsiqə qazanmış bütün Azərbaycan idmançılarından layiqli mübarizə, əmzkarlıq və medallar gözləyirik. Şübhəsiz ki, Vətən müharibəsindəki qələbəmiz, dilbər guşəmiz Qarabağın azad olunması, Azərbaycanın suverenliyinin bərpa olunması idmançılarımızın Paris-2024-dəki mübarizəsinə müsbət təsir göstərəcək. 

Bütün güləşçilərimizə Paris-2024-də və qarşıdakı beynəlxalq yarışlarda qələbə arzulayırıq. Çünki Vətən müharibəsi göstərdi ki, qələbə ən çox bizə yaraşır. 

Nur Zeynalova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
5
teleqraf.com

8Mənbələr