AZ

Torpaq, uğrunda ölən varsa, Vətəndir - Bir evin iki itkin oğlu

Vətən itkin övladlarına yenidən qovuşur 

32 illik həsrətdən sonra özü yox, nəşi öz doğmalarına qovuşdu. Söhbət Birinci Qarabağ Müharibəsində itkin düşmüş sayılan şəhid Mustafayev Sabir İslam oğlundan gedir. Bu gün onun nəşi Əmircan qəsəbəsində torpağa tapşırılıb. 1963-cü il 19 mart tarixində Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində anadan olan Sabir Mustafayev 1992-ci il 25-26 yanvar tarixlərində baş verən "Daşaltı əməliyyatında" itkin düşmüşdü. 

Bir evin iki qəhrəmanı

Ürəyi vətən eşqi ilə döyünən tək Sabir deyildi. Qardaşı 1959-cu il təvəllüdlü Malik İslam oğlu Mustafayev onunla eyni taleyi bölüşmüş, "Torpaq, uğrunda ölən varsa, Vətəndir" deyib müharibəyə qatılmışdır. Mustafayev qardaşlarını birləşdirən sadəcə qan bağları deyil, eyni zamanda Vətən eşqi və eyni tale idi. Belə ki, müharibəyə qatılan Malik Mustafayev də fevralın 17-i Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı zamanı itkin düşüb.

Gözü yollarda qalan ana

"Hər zaman övladlarının gələcəyinə inanırdı. Həmişə deyirdi ki, övladlarımdan heç olmasa biri bir gün gələcək. Övladlarının yoxluğu onun üçün çətin idi. Amma düşünəndə ki, balaları Vətən uğrunda gedən qəhrəmandır, bu onun ürəyinə su sərpirdi. İllərdir yolunu gözlədi amma təəssüflər olsun ki, artıq şəhidlərimizin anası vəfat edib. Buranın bütün övladları igiddir. Hər biri Vətən uğrunda döyüşmək üçün könüllü gedən qəhrəmanlardır." - deyə News365.az-a açıqlamasında Sabir Mustafayevin böyüyüb boya - başa çatdığı məhlənin sakinləri bildirib.

Könül


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
news365.az

1Mənbələr