AZ

“Kommunikasiyaların açılması ilə bağlı Rusiya tərəfi onsuz da iştirak etməlidir” - İlqar Vəlizadə

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Moskva Rusiya, Ermənistan və Azərbaycan liderlərinin qərarı ilə 2021-ci ildə yaradılmış üçtərəfli işçi qrupun tamhüquqlu işini mümkün qədər tez bərpa etməyi zəruri hesab edir: “Qərbin təzyiqi ilə İrəvan Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması işi üzrə üçtərəfli əməkdaşlığı dondurmaq qərarına gəlib”.

Azərbaycan və Ermənistan rəsmiləri arasında bu il artıq bir neçə dəfə keçirilən ikitərəfli görüşdən sonra üçtərəfli işçi qrupun bərpa olunmasına ehtiyac varmı?

Politoloq İlqar Vəlizadə Herbiand.az-a bildirib ki, üçtərəfli işçi qrupu konkret məsələlərlə bağlı toplanırdı:

“Qərarlar da heç kəsə sirr deyildi. Qərarlar ondan ibarətdir ki, hər üç ölkə öz nəqliyyat sistemlərini birləşdirərək yol-nəqliyyat layihələrini həyata keçirəcək. Xüsusilə də Zəngəzur dəhlizi ilə bağlı olan layihələr hər üç ölkənin tranzit imkanlarını genişləndirəcək. Üçtərəfli işçi qrupda təxminən bu səmtdə danışıqlar aparılırdı. Nəyə görə Rusiyanın burda maraqları var və bu, hiss olunan dərəcədə görsənir? Qeyd etmək lazımdır ki, Emənistanın bütün qatarları, dəmiryol infrastrukturu Rusiyanın əlindədir. Yükdaşımalar, xüsusən də əsas ixrac olan dağ-mədən emalı mallarını Ermənistanda nəzarət paketinə malik olan Rusiya şirkətləri həyata keçirir. Ona görə Rusiya çox canfəşanlıq göstərir ki, proseslərdə iştirak etsin”.

Politoloq qeyd edib ki, üçtərəfli sazişə əsasən Rusiya sərhədçiləri, xüsusilə Zəngəzur dəhlizi çərçivəsində keçən kommunikasiyaların təhlükəsizliyini qorumalı idi:

“Azərbaycan və Ermənistan razılıqlarını veriblər. Lakin Ermənistan sonradan Qərbin tövsiyyəsi ilə bundan imtina edib. Azərbaycan Prezidenti bunu dəfələrlə deyib. Ümumiyyətlə, əgər kommunikasiyalar açılsa bunun təhlükəsizliyinə kim cavabdeh ola bilər? Məsələ belədir ki, Rusiya ilə Azərbaycan uzun müddətli münasibətlər saxlayır. Rusiyanın kommunikasiyalarını Azərbaycan istifadə edir və burda təhlükəsizliklə bağlı problem yoxdur. Eyni zamanda, Rusiya da Azərbaycanın yol infrastrukturundan istifadə edir. Zəngəzur dəhlizindən yüklər və gələcəkdə də sərnişinlər hərəkət etsə təhlükəsizliyə kim zəmanət verəcək, erməni hərbçiləri? Yaxud erməni tərəfinin təhlükəsizliyə cavabdeh olan orqanları zəmanət verəcək? Hal-hazırda bu bir qədər müşkül məsələ kimi görsənir. Biz görürük ki, Ermənistanda iğtişaşlar və müxtəlif təxribatlar baş verir. Belə olan halda harda zəmanət var ki, bu təxribatlar Zəngəzur dəhlizində də baş verməyəcək? Ona görə də biz təhlükəsizlik mexanizminin yaradılmasını istəyirik. Burda da müəyyən dərəcədə Rusiya tərəfinə ümidlər var idi. Amma dediyim kimi, Ermənistan və Qərb bunu istəmir. Ermənistan indiki zamanda heç bir zəmanət verə bilməz. Ona görə də düşünürəm ki, gələcəkdə kommunikasiyaların açılması ilə bağlı bu və ya digər şəkildə Rusiya tərəfi onsuz da iştirak etməlidir”.

İlqar Vəlizadənin sözlərinə görə, Rusiya çox güman ki, təhlükəsizliklə bağlı zəmanət verə bilər:

“Ola bilər ki, gələcəkdə bu məsələdə başqa strukturlar özünü göstərə bilər. İnanmıram ki, Qərbin hərbçiləri burada olsun və təhlükəsizliyə zəmanət versin. Amma KTMT-nin qoşunları bu məsələdə iştirak edə bilər. Çünki Ermənistan KTMT-nin üzvüdür. Bu təşkilatda Azərbaycanın dostları çoxdur. Gələcəkdə istisna etmək olmaz ki, onlar da həmin yol-nəqliyyat infrastrukturunun təhlükəsizliyinə müəyyən dərəcədə zəmanət verə bilən qüvvələr olsun. Düşünürəm ki, mexanizm yaranmasa infrastrukturun təhlükəsizliyinə heç kəs zəmanət verə bilməz”.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
herbiand.az

1Mənbələr