AZ

Tərtərdə 54 yaşlı kişi həmyaşıdını öldürdü: “Qızları haqda elə sözlər dedi ki...” – Şok

Tərtər rayonunda 1970-cı il təvəllüdlü İlqar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı və həmyaşıdı Fəridi (adlar şərti verilib – red.) qətlə yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, İlqar 30 sentyabr 2022-ci ildə, saat 17:00-da yaşadığı Tərtər rayonunun kəndlərindən birində, “Kanalın üstü” deyilən ərazidəki beton pilləkənlərin üzərində əyləşib. O, həmin vaxt həmkəndlisi Natiqlə söhbət edərkən həmin yerdən təxminən qırx metr məsafədə yerləşən, həmkəndlisi Vaqifə məxsus evin həyətyanı sahəsində baş tutan toy şənliyi ilə bağlı quraşdırılmış mağardan çıxaraq onlara yaxınlaşan, əvvəllər aralarında baş vermiş mübahisəyə görə ünsiyyət saxlamadığı qohumu Fərid sərxoş vəziyyətdə ətrafda gəzişib.

Daha sonra Fərid İlqarın qarşısında dayanaraq onun özünün, azyaşlı qız övladlarının və yaxın qohumlarının ünvanına nalayiq ifadələr işlədib.

Bundan əsəbləşən İlqar Fəriddən qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib. O, özündə olan bıçaqla Fəridin bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri vurub. Fərid aldığı xəsarətlərdən vəfat edib.

İstintaq orqanı tərəfindən İlqarın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

“Ticarətlə məşğul olmuşam”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Tərtər rayonunun kəndində yaşayıb: “Mənim Banu və Gülay adında iki azyaşlı övladım var. Arvadım ilə rəsmi nikahım olmadığından övladlarımın soyadı onun soyadında olub. Rusiya Federasiyasının vətəndaşı olsam da, Azərbaycan Respublikasında doğulmuşam, təhsil almışam. Sadəcə işləmək məqsədilə Rusiya Federasiyasına getmişəm. Həmin ölkədə işləməyimlə bağlı Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişəm. Rusiya Federasiyasının Tümen vilayətinin Nijni-Vartovsk şəhərində yaşamışam. Orada müxtəlif işlərdə çalışmışam. Əsasən ticarətlə məşğul olmuşam. Sonuncu dəfə təxminən 14-15 il əvvəl Azərbaycana qayıtmışam. O vaxtdan Tərtər rayonunda yaşamağa başlamışam. Həmin vaxtdan qardaşım Vüqara məxsus, yaşadığımız kənddə yerləşən çayxananı işlətməklə ailəmi dolandırmışam”.

“Toyda içki içdiyini gördüm”

Təqsirləndirilən şəxs qeyd edib ki, Fərid onun qohumudur: “Mənim atam Əvəzlə Fəridin atası Əli əmioğlu olublar. Uzun illər əvvəl qardaşım Vüqar və Fərid arasında xatırlamadığım səbəbdən baş vermiş xırda mübahisəyə görə nə mən, nə də ailə üzvlərim onunla danışıb. Onunla aramızda heç bir münasibət olmayıb. Fəridi uşaqlıqdan həm qohum, həm də sinif yoldaşı kimi tanıdığım üçün onun çox çətin xasiyyətdə biri olduğunu bilmişəm”.

İlqarın sözlərinə görə, 30 sentyabr 2022-ci ildə, saat 14:00-da qonşuluqda yaşayan Vaqifin azyaşlı oğlunun kiçik toy şənliyində iştirak etmək üçün onun evinə gedib: “Həyətdə quraşdırılan toy mağarına daxil oldum və masalardan birinin arxasında əyləşərkən Fəridin həmkəndlilərimizlə birlikdə yanaşı masada oturaraq yemək yeyib, spirtli içki qəbul etdiyini gördüm. Təxminən 1 saat toy məclisində digər həmkəndlilərim ilə eyni masa arxasında əyləşdim, yemək yedikdən sonra yaşadığım evə getdim. Ümumiyyətlə, spirtli içkilərdən istifadə etmədiyimi, o cümlədən toy şənliyində olarkən də spirtli içki qəbul etmədiyimi bildirmişəm”.

“Ağır söyüşlər söydü”

İlqar qeyd edib ki, təxminən 1 saat ərzində evdə yatmağa çalışsa da, yuxusu gəlmədiyindən evdən çıxıb, yolun kənarı ilə “Kanalın üstü” adlandırılan yerdəki körpünün yaxınlığına gedib: “Orada demək olar ki, hər gün müxtəlif mövzular barəsində söhbət etdiyim, ordan-burdan danışdığım kəndin ağsaqqalı Natiqlə görüşdüm və onunla söhbət etməyə başladım. Təxminən 1 saat sonra Fəridin sərxoş vəziyyətdə həmin yerdən təxminən 30-40 metr aralıda yerləşən toy mağarından çıxaraq mənə məlum olmayan səbəbdən həmkəndlimiz Vasifin ünvanına ağır söyüşlər və nalayiq ifadələr işlədə-işlədə bizim olduğumuz yerə yaxınlaşdığını gördüm. Vasif Fəriddən təxminən 5-10 metr aralı məsafədə dayanmışdı. Ətrafda olan şəxslər Fəridi oradan uzaqlaşdırdılar. Bundan sonra Fərid yanıma gələrək Natiqin əlində olan çomağı götürdü və yaxınlıqda gəzişməyə başladı. Bir qədər sonra isə həmin çomağı gətirərək Natiqə qaytardı”.

“Çomaqla var gücü ilə zərbə endirdi”

İlqar deyib ki, həmin vaxt Fərid sərxoş vəziyyətdə olduğu üçün dayanmadan söyüşlər söyüb: “Bu hərəkətlərini kənardan oğlu Zülfü, Natiq kişi və həmkəndlimiz Musa görüb. Fərid çomağı qaytardıqdan təxminən 5 dəqiqə sonra yenidən Natiqə yaxınlaşdı və yüngülvari zarafat edərək, çomağı onun əlindən aldı. Xatırladığım qədəri ilə Natiq çomağı Fəridə vermək istəməyib. Fərid çomağı Natiqin əlindən aldıqdan sonra qarşımda dayanaraq, mənim və qardaşımın ailəsinin ünvanına ağır söyüşlər söydü. Qəflətən çomaqla başımın ortasından bir dəfə var gücü ilə zərbə endirdi. Zərbənin təsirindən bir qədər özümü itirsəm də, ləngərləyə-ləngərləyə ayağa qalxdım. Çomağı Fəridin əlindən alaraq kənara tulladım”.

“Hadisə barədə polisə məlumat verdim”

Təqsirləndirilən şəxs deyib ki, bu zaman onun sifət nahiyəsindən ardıcıl yumruq zərbələri endirməyə başlayan Fəridin zərbələri nəticəsində baş və sol göz nahiyəsindən xəsarət alıb: “Fəridin bütün bu hərəkətlərindən əsəbləşdim. Əynimdə olan şalvarımın cibindəki cib bıçağını çıxardım və Fəridin bədəninin müxtəlif nahiyələrindən ardıcıl bıçaq zərbələri endirdim. Həmin vaxt Fəridin mənə endirdiyi zərbələrin təsirindən tam özümə gələ bilmədiyim üçün vurduğum bıçaq zərbələrinin dəqiq sayını və bədəninin konkret hansı nahiyələrindən dəydiyini xatırlamamışam. Fəridə bıçaq zərbələri vuran zaman yanımızda Natiq və Musa olub. Baş vermiş hadisəni görsələr də, Natiq çox qoca olduğundan, Musa isə kənarda dayanması səbəbi ilə hadisəni törətməyimə mane ola bilməyiblər. Musa qaçaraq özünü çatdırdıqda, mən artıq Fəridə bıçaq zərbələrini vurmuşdum. Əvvəlcə Musa bıçağı əlimdən alaraq yerə atsa da, hamı Fəridin arxasınca getdikdən sonra bıçağı yerdən götürərək cibimə qoydu. Hadisədən sonra Fəridi oğlu Zülfünün köməkliyi ilə oradan kənarlaşdırdılar.

Təxminən 20-30 metr sonra yerə yıxıldı. Mən isə su kanalının yaxınlığında saxladığım qardaşıma məxsus “VAZ-21015” markalı avtomobilə əyləşdim və könüllü şəkildə təslim olmaq məqsədilə Tərtər Rayon Polis Şöbəsinə getdim. Yol ilə gedərkən Tərtər şəhəri, H.Əliyev prospektindən keçən hissəsində yerləşən “Ana abidəsi”nin yaxınlığından keçərkən avtomobili saxladım. Hadisənin törədilməsində istifadə etdiyim bıçağı yolun kənarındakı su arxına atdım. Sonra yenidən avtomobilə əyləşərək polis şöbəsinə getdim. Polis şöbəsinin yanında qardaşım Telmana zəng edərək digər qardaşım Vüqarın və mənim ailəmin ünvanına ağır söyüşlər söyməsi səbəbindən Fəridi bıçaqladığımı, təslim olmaq üçün polis şöbəsinə getməyim barədə məlumat verdim. Sonra polis şöbəsinin növbətçi hissəsinə yaxınlaşdım və baş vermiş hadisə barəsində məlumat verdim. Bir qədər şifahi sorğu sualdan sonra isə polis əməkdaşları məni aidiyyəti üzrə Tərtər rayon prokurorluğuna gətirdilər”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İlqar 10 il 6 ay azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Müəllif: Hacı Zeynalov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
1
teleqraf.com

2Mənbələr