AZ

Almatı danışıqlarını alqışlayırıq - Rusiya XİN

Moskva Qazaxıstanın Almatı şəhərində Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında sülh müqaviləsi üzrə aparılan danışıqları alqışlayır.

Yenisabah.az News.ru-ya istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

O bildirib: “Biz mayın 10 və 11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh müqaviləsi üzrə danışıqların keçirilməsini alqışlayırıq. Cənubi Qafqazda etibarlı və uzunmüddətli sülh və sabitliyin əldə edilməsi istiqamətində daha bir addım atıldı.

Astananın bu istiqamətdə səylərini tam dəstəkləyirik. Tarixə nəzər salsaq, Qazaxıstan 1991-ci ilin sentyabrında Qarabağ münaqişəsi zonasında hərbi qarşıdurmaya son qoymaq üçün ilk ciddi cəhdlərdən biri olan Jeleznovodsk Bəyannaməsinin hazırlanmasına və qəbuluna mühüm töhfə verib".

Qaluzinin sözlərinə görə, üçtərəfli işçi qrupu ritmik iş aparıb və mühüm nəticələr əldə edə bilib. Rusiya xarici işlər nazirinin müavininin sözlərinə görə, 2023-cü ilin iyununda Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpası məsələsində ümumi anlaşma əldə olunub.

O əlavə edib ki, tərəflər praktiki olaraq sistemli və balanslı razılığa gəliblər.

Nazir müavini bildirib ki, proses dayanıb, lakin Rusiyanın ucbatından deyil. Onun sözlərinə görə, İrəvan da üçtərəfli işçi qrupu səviyyəsində qarşılıqlı fəaliyyəti dondurmaq qərarına gəlib.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
yenisabah.az

1Mənbələr