AZ

Qarabağ və Şərqi Zəngəzur regionunun elektrik enerjisi tələbatı tam olaraq yaşıl enerji hesabına təmin edilir

Qarabağ

Laçın, 15 may, Tahir Ağaməmmədov, AZƏRTAC

“Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyaları (KSES) Həkəri çayının sağ qolu olan Zabux çayı üzərində tikilib. Stansiyalar vahid ölkə enerji sisteminə inteqrasiya olunub. İstehsal edilən elektrik enerjisi Laçın rayonunun enerji tələbatına istifadə olunacaq, artıq qalan enerji isə ölkə enerji sisteminə ötürüləcək.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında “Azərenerji” ASC-nin Texniki İstehsalat İdarəsinin rəis müavini Muxtar Mahmudov deyib. O bildirib ki, “Zabux” KSES 2,8 MVt, “Qarıqışlaq” KSES isə 4 MVt gücündədir. “Zabux” KSES-də il ərzində 8-9 milyon, “Qarıqışlaq” KSES-də il ərzində 11-12 milyon kilovat-saat yaşıl enerji istehsal ediləcək ki, bu da yaşıl enerji mənbələrinə keçid və regionun tam olaraq yaşıl enerji təchizatı üçün mühüm töhfədir. Hər iki stansiyada eko-turbinlər quraşdırılıb, onlar çayda ekoloji axımın normasını qorumaqla, ümumilikdə ekoloji axımdan 1,4 dəfə daha artıq suyun çayda saxlanılmasına şərait yaradır. Çay səviyyəsinin azalması halında isə avtomatik dayanır.

Çay ekosisteminin qorunması, daşqınların qarşısının alınması və su itkisinə yol verilməməsi üçün suqəbuledici qurğuda dib sutullayıcı, suaşıran, lilötürücü və balıqkeçirici qurğular quraşdırılıb.

Ümumilikdə Qarabağ və Şərqi Zəngəzurdakı SES-lər illik ortalama 45-50 faiz güclə çalışır. Respublikanın digər yerlərində isə bu göstərici cəmi 10-12 faizdir.

Ölkə enerjisistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionunun elektrik enerjisi tələbatı 100 faiz yaşıl enerji hesabına təmin edilir və tələbatdan artıq qalan həcm ölkə enerjisisteminə ötürülür.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 10-da Laçın rayonunda “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
2
azertag.az

3Mənbələr