AZ

IAAR nümayəndələri ilə görüş keçirilib  

Azərbaycan Tibb Universitetində (ATU) Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin (IAAR) xarici ekspert komissiyasının tövsiyələrinin yerinə yetirilməsi ilə bağlı müzakirələr aparılıb.

 

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.

 

ATU-nun Tədris işləri üzrə prorektoru, professor Sabir Əliyevin rəhbərliyi ilə IAAR nümayəndələri ilə onlayn görüşdə “Müalicə işi”, “Stomatologiya” və “Əczaçılıq” tədris proqramlarının akkreditasiyadan sonrakı müddətdə monitorinqinin nəticələri və tövsiyələrin icrasının mövcud durumu barədə fikirlər səsləndirilib.

 

Görüş zamanı qeyd edilib ki, tövsiyələrin icrası çərçivəsində ATU-nun yeni inkişaf strategiyası hazırlanıb, missiya və baxış prioritetləri müəyyənləşdirilib. Akkreditasiya ilə əlaqəli maraqlı tərəflər dairəsi müəyyən edilib, onlarla görüş və sorğular keçirilib, monitorinq aparılıb.

 

Həmçinin ATU-nun fəaliyyətinin təkmilləşdirilməsi üçün bu müddət ərzində müəyyən sahələrin idarə edilməsinə dair təlimatlar, əsasnamələr hazırlanmışdır. Tövsiyələrin həyata keçirilməsi ilə bağlı müzakirələrdə adları qeyd olunan fakültələrin dekanları - dosent Fərəh Mədətli, dosent Elmira Əliyeva və dosent Elşad Novruzov, Tədris departamentinin nümayəndələri iştirak ediblər.

 

Bundan əlavə, İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin müdiri Aygün Babayeva bu şöbənin fəaliyyəti ilə bağlı sualları ətraflı şəkildə cavablandırıb. O, akkreditasiyalarla iş (yerli və beynəlxalq), dünya reytinqləri, təhsildə, elmi və ictimai fəaliyyətdə keyfiyyətin monitorinqi haqqında danışıb, həmçinin ATU-nun fəaliyyətinin müxtəlif istiqamətləri üzrə meyarları özündə birləşdirən keyfiyyət siyasəti və keyfiyyət təlimatı kimi sənədlər haqqında məlumat verib. Şöbə müdiri AMEE Guides əsasında tədris prosesinə tətbiq edilən innovativ tədris və qiymətləndirmə metodlarından da söz açıb.

 

Görüşün sonunda tövsiyələrin icrası ilə bağlı digər məsələlər müzakirə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
aztibb.az

1Mənbələr