AZ

ATƏT sədri erməniləri məyus etdi, şantaja keçdilər

Yan Borqa Qarabağdan köçmüş  ermənilər adından məktub təqdim edilib; quruma sədrlik edənin açıqlamalarından narazı qalanlar onu Maltanın Qərbi Azərbaycan məsələsində mövqeyinə görə ittiham etmək istəyiblər

Mayın 13-də İrəvanda olan ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici işlər, Avropa işləri və ticarət naziri Yan Borqa Qarabağdan köçmüş  ermənilər adından məktub təqdim edilib. 

“Artsax xalqının tələb və ümidlərini əks etdirən məktub” xarici işlər naziri Ararat Mirzoyana da verilib. Bildirilir ki, məktubda “artsax xalqının öz vətənlərinə qayıtmaq istədiyi” əks olunub. 

“ATƏT artsax məsələsini bağlayıbmı? ATƏT erməni əhalinin geri dönüşünü necə təsəvvür edir?” kimi təxribatçı suallara cavab olaraq Yan Borq qeyd edib ki, rəhbərlik etdiyi qurum iştirak etmədiyi prosesə daxil ola bilməz və hər iki ölkənin mövqeyinə hörmətlə yanaşır. Erməni mediası bu cavabdan əlbəttə ki, narazı qalıb. ATƏT sədri birbaşa cavabdan yayınmaqla 30 il mənasız vasitəçi olan Minsk Qrupunu “dəfn edib”.

Mətbuat konfransında Yan Borqdan ittihamedici tonda iddia olunub ki, Bakı guya ATƏT platformasından Qərbi Azərbaycan qaçqınlarının problemini gündəliyə gətirməyə çalışır və  Malta da dolayısı ilə “Ermənistana qarşı ərazi iddialarını təbliğ etmək üçün” dəstək verir. Cavabında maltalı nazir əmin edib ki, Maltanın ATƏT-dəki sədrliyi “çox şəffaf və dürüstdür” və təmsil etdiyi dövlət də hərtərəfli sülhə nail olmaqda Ermənistan və Azərbaycana kömək etmək niyyətindədir. Sərhədlərin delimitasiyası ilə bağlı suala cavab verən Borq prosesi konstruktiv qiymətləndirib, lakin daha dolğun fikir bildirməkdən imtina edərək, prosesin ikitərəfli olduğunu, ATƏT-in bu prosesə  qarışmadığını bildirib. 

Rusiya

Rəşad Bayramov 

Politoloq Rəşad Bayramov hesab edir ki, Yan Borqun Ermənistana səfəri zamanı ona ünvanlanmış suallar təsadüfi  deyildi: “Bu suallar faktiki olaraq Ermənistanın rəsmi mövqeyini ifadə edir. Yəni başqa sözlə, Ermənistanın davamlı olaraq beynəlxalq qurumlardan istədiyi - Qərbi Azərbaycana qayıdış məsələsinin gündəmdən çıxarılması, sərhədlərin Almatı Bəyannaməsi əsasında bütün delimitasiya prosesinə şamil olunması, ermənilərin Qarabağa qayıtması üçün hansısa təhlükəsizlik zəmanəti kimi məsələlər indi ayrı-ayrı jurnalistlər vasitəsilə dilə gətirilir. 

Borqun ATƏT-in ikitərəfli əsasda danışıqlara sadiqliyi, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasının zəruriliyi barədə kifayət qədər adekvat bəyanatlarını təbii ki, müsbət qiymətləndirmək olar. Birincisi ona görə ki, “ATƏT artsax məsələsini bağlayıbmı? ATƏT erməni əhalinin geri dönüşünü necə təsəvvür edir?” kimi suallara “ATƏT iştirak etmədiyi prosesə daxil ola bilməz” cavabı verməklə faktiki olaraq ATƏT-in proseslərdən kənar dayandığını və Qarabağ məsələsi ilə bağlı 30 illik fəaliyyətinin səmərəsiz olduğunu etiraf edib. Bu həm də ATƏT-in Minsk Qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsi gerçəkliyini də ortaya qoyur. İkincisi, ATƏT-in ikitərəfli əsasda danışıqlara sadiqliyi ilə bağlı bəyanat həm də Azərbaycanın vasitəçi olmadan danışıqlar formulu ilə üst-üstə düşür və Yan Borqun bu mövqeyi təkcə erməniləri başından etmək yox, həm də Azərbaycanla anlaşmağın vacibliyinə yönəlmiş mövqe baxımından da müsbətdir. 

ATƏT sədrinin delimitasiya prosesi ilə bağlı, yəni Ermənistanın prosesin yalnız Alma-Ata bəyannaməsi əsasında aparılmasını istəməsi ilə bağlı mövqeyi də kifayət qədər aydın oldu. Və bu proses ikitərəfli qaydada müzakirə olunur deməklə ATƏT-in Almatı Bəyannaməsi ilə bağlı Azərbaycana təzyiq etmək niyyətində olmadığını nümayiş etdirdi. 

Yan Borqun cavablarında vacib məqamlardan biri də şübhəsiz ki, Qərbi Azərbaycan məsələsi oldu. Maltanı da Qərbi Azərbaycan məsələsini gündəmə gətirməkdə, Azərbaycana dəstək verməkdə günahlandıran jurnalistə ATƏT sədrinin "Malta ATƏT-in fəaliyyətdə olan sədri kimi şəffaf və dürüstdür. Biz Ermənistanı və Azərbaycanı hərtərəfli sülh sazişinin əldə edilməsi üçün dəstəkləyəcəyik" cavabı əslində "Həqiqi, davamlı və hərtərəfli sülh istəyirsinizsə, Qarabağ ermənilərinin qayıdışı məsələsi ilə yanaşı qərbi azərbaycanlıların da qayıdışını qəbul etməlisiniz" anlamını daşıyır ki, bu da tamamilə düzgün mövqedir. 

Amma təəssüf ki, Yan Borqun bu şəkildə reallıqdan çıxış edərək sərgilədiyi müsbət mövqe bütövlükdə Avropa institutları tərəfindən sərgilənmir. Avropa institutlarının ayrı-ayrı vaxtlarda Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə və bəyanatlar bunun bariz sübutudur".

Əli

 Əli Orucov

Siyasi şərhçi Əli Orucov qeyd etdi ki, ATƏT Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həlli barədə üzərinə götürdüyü vasitəçilik missiyasını həyata keçirmədi: “44 günlük müharibə zamanı ATƏT-in Minsk Qrupunun əsl siması çılpaqlığı ilə ortaya çıxdı. Xüsusən də Fransa əsl mahiyyətini pərdələyə bilməyərək, işğalçının vəkili funksiyasını icra etməyə başladı. ABŞ-ın və Rusiyanın ATƏT-i yenidən dövriyyəyə gətirmək cəhdləri də uğursuz alındı. Çünki ATƏT-in keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı uğursuz fəaliyyəti müharibədən sonra hər hansı bir prosesə faydası yox, zərəri dəyəcəkdi. Bu baxımdan da Prezident İlham Əliyevin ATƏT Minsk Qrupu barədə söylədikləri reallığa söykənirdi və haqlı olaraq da "cəhənnəmə" göndərildi. Xatırladım ki, tarixi zəfərdən sonra Ermənistan Paris və Vaşinqton, Moskva vasitəsilə Bakıya təzyiq göstərərək müharibədən sonrakı proseslərə hansısa formada kənar gücləri cəlb etməyə çalışırdı. Lakin rəsmi Bakının iradəsi və qəti mövqeyi nəticəsində “beynəlxalq təhlükəsizlik qarantiyası” kimi uydurma mexanizmlərə imkan verilmədi. Ermənistan baxmayaraq ki, son dövrlər Azərbaycanla normallaşma prosesində vasitəçisiz müəyyən addımlar atır. Qazağın işğal altında qalan 4 kəndini qaytardı, delimitasiya və demarkasiya, həmçinin digər məsələlərdə pozitiv yanaşma sərgiləyir. Digər tərəfdən isə ATƏT, Avropa Birliyi və yaxud ayrıca olaraq Fransanı danışıqlara gətirməyə can atır. Məqsəd nizamlanmanı pozmaq, yaxud ləngitmək, vaxt qazanmaqdır. Ermənilər məqsədlərinə çatmaq üçün hər cür vasitəni, terroru, şantajı, rüşvətlə ələ almağı, satqınçılığı məqbul sayıblar. Bir müddət Moskvanı şantaj etdilər, bundan bir nəticə hasil olmayanda indi də Qərbi şantaj etməyə başlayıblar. Ermənilər hələ də anlamaq istəmirlər ki, “artsax” adlı dövlət heç vaxt olmayıb və bundan sonra da olmayacaq. O ki qaldı Qarabağ iqtisadi rayonundan Ermənistana könüllü köç məsələsinə, mən onların geri qayıdacağını zənn etmirəm. Onlar zatən oranın aborigen xalqı deyil, Azərbaycanın Rusiyaya ilhaqından sonra İrandan və başqa yerlərdən köçürülüblər. Qərbi Azərbaycan, indiki Ermənistan azərbaycanlıların tarixi torpaqlarıdır və yüz minlərlə yerli əhali silah gücünə qovulub. Onların öz tarixi yurd-yuvalarına dönməsi doğal hüquqlarıdır və bu hüquqlar bərpa olunmaldır. Müharibədən sonrakı reallıqlarla Qərb də tədricən barışmağa məcburdur. Artıq bir gerçəyi anlamaqdadırlar ki, Qərb institutlarının, o cümlədən ATƏT-in Azərbaycan-Ermənistan, Ermənistan-Türkiyə arasında münasibətlərin qurulmasında yeri və rolu yoxdur. ATƏT-in fəaliyyətdə olan maltalı sədri Yan Borqun Ermənistanda verdiyi cavablarla erməniləri məyus etməsi bir daha sübut etdi ki, Azərbaycan diktə edən tərəfdir və rəsmi Bakının mövqeyi ilə hesablaşırlar. Söhbət ondan gedir ki, ermənilər hansı vasitəyə əl atırlarsa atsınlar, bu, Bakının qətiyyətli və prinsipal mövqeyinə təsir göstərmir. Qərb də Azərbaycanla münasibətləri ermənilərin uydurma iddialarına və utopiyalarına görə pozmaz. Ermənilərin özləri Azərbaycanın suverenliyi altında dinc yaşamaq, cəmiyyətə reinteqrasiya olunmaq şanslarını birdəfəlik itirdilər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
musavat.com

1Mənbələr