AZ

“Qəbələ”yə görə göz yaşı tökməyə dəyərmi?

Bəli, AFFA İcraiyyə Komitəsinin dünənki iclasından sonra “Qəbələ”nin elitanı tərk edəcəyi dəqiqləşdi. Baxmayaraq ki, futbol ictimaiyyətinin müəyyən kəsimi belə ciddi infrastruktura, akademiyaya malik klubun elitada qalmasını istəyirdi.

Ancaq nə etmək olar? Sonuncu yeri tutan komandanın əvəzinə başqa birisi elitadan düşürülməlidi? Yoxsa “Qəbələ” elə sadəcə, yaxşı infrastruktur və akademiyaya malikdi, bölgə təmsilçisisi deyə elitada saxlanılmalıdı?

“Qəbələ” kimi uğurları, tarixi olan bir komandanın növbəti mövsümdən etibarən 1-ci liqada mübarizə aparması üzücü haldı. Lakin idman prinsiplərinə, reqlamentə əməl olunmalıdı. Diqqətinizi çəkmək istədiyim məqam isə fərqlidi. Belə ki, bölgə təmsilçisi elitadan düşməsi rəsmiləşəndən sonra keçirdiyi iki matçda iki qələbə qazandı. “Qırmızı-qaralar”ın son iki turda sərgilədiyi oyunla öncəki matçlarını müqayisə etsək, arada böyük fərq görünür. Çox uzağa getməyəcəm, 32-ci turda “Kəpəz”ə məğlub olub, elitadan getməyi rəsmiləşdirdikləri matça diqqət yetirək. Komanda 90 dəqiqə boyunca, demək olar ki, bircə dənə də real qol vəziyyəti yarada bilmədi. Halbuki futbolçular çalışdılar, vuruşdular, lakin nə etdiklərini özləri də bilmədən. Düşünürəm ki, burda psixoloji basqı çox önəmlidi. Çünki “Kəpəz”lə oyunda oyunçuların əksəriyyəti, bəlkə də hamısı “elitadan düşəcəyik” qorxusu ilə yaşayırdı. Təzyiq altında qalan heç bir futbolçu isə qüvvəsini, diqqətini oyuna kökləyə bilməz. Elə bunun nəticəsidi ki, gürcü mütəxəssis “Kəpəz”lə oyundan sonrakı mətbuat konfransında giley-güzarını dilə gətirmişdi: “Qapı xəttindən futbolçu qol vura bilmirsə...İstərdim ki, məsuliyyəti öz üzərimə götürüm. Amma belə vəziyyətdə götürə də bilmirəm”.

Sxadadzenin işarə etdiyi Əyyub Allaş son iki oyunun hər birində baxımlı qola imza atmaqla komandasının qələbəsində pay sahibi olub. “Sabah”la oyunda isə komandada olan əzmkarlıq, istək və rahatlıq, bir az şans avrokuboklar yolunda mübarizə aparan komandanı büdrətməyə yetdi. Elə Sxadadze cənabları da oyundan sonra bu məsələyə də toxundu: “Çox oyunda, sadəcə, bəxtimiz gətirmədi. "Neftçi" qapımıza bir zərbə vurdu, qalib gəldi. "Səbail"lə görüşdə 2:0 qalib gəlirik, sonda uduzuruq. Bəhanə gətirmirəm, sadəcə, faktı deyirəm”.

Doğrudu, Elmar Baxşıyevin dönəmində də komanda, adətən, minimal fərqlə, fərdi səhvlər üzündən uduzurdu. Amma bir reallıq da var ki, illərlə ölkəmizdə çalışmış mütəxəssis və onun köməkçiləri futbolçuların potensialı üzərində düzgün dəyərləndirmə aparmayıb. “Qəbələ”nin elitanı tərk etməsinin yeganə günahkarı Sxadadze deyil. Çünki o komandaya gec qoşuldu. Lakin ən azı düzgün dəyərləndirmə və doğru strategiya ilə premyer-liqada qalmaq uğrunda mübarizəni son tura qədər davam etdirmək olardı. Hətta bəlkə elitada qalmaq da. Təəssüf ki, bu gün bir sıra əcnəbi məşqçilərin belə ilk səfərində tərif dolu sözlər söylədiyi, infrastrukturu yaxşı səviyyədə olan klub elə həmin infrastrukturla birlikdə 1-ci liqaya yuvarlandı. Sonuncu ümid İcraiyyə Komitəsinin iclasına idi ki, dünən idman prinsipləri qorundu, sonuncu pillədə qərarlaşan komandanın 1-ci liqaya yuvarlanacağı deyildi. Necə deyərlər, hər işdə bir xeyir var. Ümid edək ki, “Qəbələ” son mövsümdəki səhvlərdən dərs çıxarıb, tezliklə yenidən premyer-liqaya dönə biləcək.

KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
football-plus.az

1Mənbələr