AZ

Ağa Salamov: Bu, məhsulun fiziki çirklənməyə məruz qaldığını göstərir

Çörəyin içindən taxta qırıntısı çıxdı

“İstehsal müəssisələrində daim nöqsanlar aşkarlanır, lakin istehsalçılar bundan heç bir nəticə çıxarmır”
 
 “Çörəyin içində hər hansı yad cisim aşkarlanırsa, bu, məhsulun fiziki çirklənməyə məruz qaldığını göstərir”. 
Bu sözləri “Sherg.az”a açıqlamasında qida eksperti Ağa Salamov bildirib.
 Binə çörək zavodunun istehsalı olan çörəyin içində taxta qırıntısı aşkarlanması hadisəsini şərh edən ekspert qida istehsalı müəssisələrinin fəaliyyətində kifayət qədər nöqsanlar olduğunu dedi:
- Çörəyin bişirilməsi zamanı  fiziki çirklənmə baş verirsə, bu, təlimsiz və məsuliyyətsiz işçi heyətin günahıdır.  Təlimsiz işçi heyəti qidaları fiziki, kimyəvi və bioloji çirklənməyə məruz qoya bilir. Nədənsə, 21-ci əsrdə Azərbaycanda istehsalatda işçi heyəti HACCP, İSO 22000, İSO9001 təlimlərindən kənarda qalır. Bu təlimlər işçilərə sanitar-gigiyenik qaydaları, istehsalın düzgün texnologiyasını öyrədən təlimlərdir. Amma sahibkarlar işçilərini belə təlimlərə cəlb etmir. Çünki ancaq öz ciblərini çox maliyyə sərf etmədən doldurmaq istəyirlər. Belə olduğu halda isə qida zəhərlənmələri qaçılmaz olur.

 A.Salamov bildirdi ki, çörək istehsalı müəssisələrində, çörək sexlərində daim nöqsanlar aşkarlanır, lakin istehsalçılar bundan heç bir nəticə çıxarmır:
- Çörək sexlərinin, təndirxanaların bir çoxunda antisanitar vəziyyət hökm sürür. Un kisələri yerə düzülür, işçilər oradan unu yoğurma aparatına tökürlər, natəmiz masalarda xəmiri kündələrə ayırırlar, ortalıq qarışıq vəziyyətdə, belə halda çörəyin içinə nə desəniz düşər. İşçilər gigiyenalarına fikir verməlidir, əllərini dezinfeksiyaedici məhlullarla təmizləməli, xəmir yoğuranda, çörək yapanda əllərinə əlcək geyinməlidirlər. Təsəvvür edin ki, bəzi çörək sexlərində çörəkçi həm də yeri süpürür. Belə halda hansı təmizlikdən, gigiyenadan danışmaq olar?!

 Ekspert qeyd etdi ki, standartlara uyğun çörək istehsal edən müəssisələr çox azdır:
- Çörəyin hazırlanması üçün istifadə olunan əksər qatqılar standartlara uyğun deyil. Çörək daha ağır çəkiyə malik olsun deyə, maya həddindən artıq miqdarda vurulur. Bəzən çörəklər tam bişməmiş satışa çıxarılır. Keyfiyyətsiz, istifadə müddəti bitmiş qatqı maddələrindən istifadə edilir. Ona görə də çörəklərdə kif göbələkləri aşkarlanır.  İstehsal prosesində çörəyin kimyəvi çirklənməyə məruz qalması da adi hal alıb. Ona görə də bəzən çörəklər sabun, ətir dadı verir, çörəklərdən xoşagəlməz qoxu gəlir. Problem təkcə çörəyin istehsalında  deyil, daşınmada da problem var, rəflənmədə də. Çörəklər antisanitar vəziyyətdə daşınır, çörəyi satış mərkəzlərinə təhvil verənlər xüsusi əlcəklərdən istifadə etmir, çörəklər daşınmada da çirklənməyə məruz qalır. Söhbət açıq halda satışa çıxarılanlardan gedir. Dəfələrlə bildirmişik ki, çörək, un məmulatları mağaza və marketlərdə xüsusi qoxusu olan mallardan kənardakı rəflərə yerləşdirilməlidir. İyli, qoxulu məhsullarla təmas olmamalıdır. Amma yenə də eyni nöqsanlar təkrarlanır. Rəflərdə çörəklərin üzəri şəffaf örtüklə örtülməlidir. Marketlərdə havalandırma sistemində problem olduqda da çörək kimyəvi məhsulların ətrini canına çəkir. Marketlərin özündə kimyəvi, fiziki, bioloji çirklənmə halları baş verir. Bütün bu amillər nəticədə hər birimizin keyfiyyətsiz çörəklə təminatımıza yol açır.

 Qeyd edək ki, Binə çörək zavoduna məxsus çörəyin içərisindən taxta qırıntısının çıxması haqqında məlumatlar yayıldıqdan sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sözügedən zavodda yoxlama aparıb və bir sıra nöqsanlar aşkarlayıb. Bu barədə AQTA-nın məlumatında deyilir:
 “Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Zaur Şərifov küçəsi, ev 22 ünvanında fəaliyyət göstərən “Binə Çörək Zavodu” MMC-yə məxsus çörək emalı müəssisəsində agentliyin əməkdaşları tərəfindən yoxlama keçirilib. Yoxlama zamanı xəmiryoğurma sahəsində çirkab suyun toplandığı, anbar sahəsində havalandırma sisteminin quraşdırılmadığı, divar və tavanında bəzi hissələrin tamlığının pozulduğu, emal sahəsinin normativlərə cavab vermədiyi və müvafiq təmizlik işlərinin aparılmadığı məlum olub. Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nöqsanların aradan qaldırılmasına dair göstərişlər verilib”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
sherg.az

1Mənbələr