Bu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 17 milyard manatlıq, o cümlədən 9,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

İndex.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilir ki, 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,3%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 %, qeyri-ərzaq malları üzrə 5,1 % artıb.

Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,2 %-i ərzaq məhsullarının, 5,2 %-i içkilər və tütün məmulatlarının, 13,4 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 %-i avtomobil benzini və dizel yanacağının, 4,4 %-i elektrik malları və mebellərin, 2,4 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,3 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib. 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 2024-cü ilin yanvar-aprel aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 10,2 %, fərdi sahibkarlar üzrə 0,1 %, bazar və yarmarkalarda 1,5 % artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 416,5 manatlıq, o cümlədən 235 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 181,5 manatlıq qeyri-ərzaq malları alıb.