AZ

Bu müəllimlərə MİQ imtahanlarında güzəşt OLUNACAQ

Xəbər verdiyimiz kimi, bu gündən dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlanıb. Müsabiqə üzrə qeydiyyat mayın 22-si saat 11:00-dək davam edəcək.

Builki müsabiqədə müəllim olmaq istəyən hansı namizədlərə güzəşt olunacaq?

Elm və Təhsil Nazirliyindən Modern.az-a bildirlib ki, MİQ imtahanlarının nəticələri hesablanarkən aşağıdakı namizədlərə güzəşt olunacaq:

- Müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq.
Məsələn, həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi məktəbdə 3-5 il ərzində fasiləsiz çalışan və hazırda həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi məktəbdə fəaliyyətini davam etdirən müəllimin imtahan nəticəsi 72 baldırsa, bu nəticə 1,05 artım əmsalına vurularaq 75,6 bal kimi hesablanacaq. Həmin müəllim 5 il və daha artıq müddətdə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisədə işləyirsə, bu halda onun imtahan nəticəsi (72 bal) 1,1 artım əmsalına vurularaq 79,2 bal kimi hesablanacaq. Namizəd qeyd olunan kateqoriyadan hər hansı birinə aiddirsə, qeydiyyatdan keçərkən elektron ərizəsində həmin məlumatları müvafiq xanaya düzgün şəkildə daxil etməyi vacibdir, əks halda əmsal tətbiq olunmayacaq.
 

- Müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə veriləcək.
Namizədin şəhid ailəsinin üzvü olması təqdim etdiyi sənədlər və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” əsasında müəyyənləşdiriləcək. Şəhid ailəsinin üzvü olan şəxs qeydiyyatdan keçərkən tələb olunan sənədləri - şəhid ailəsi üzvü olduğunu təsdiq edən sənədin və ya vəsiqənin surətini, həmçinin şəhid ailəsinin üzvü olduğunu təsdiq edən doğum haqqında şəhadətnamənin və nikah haqqında şəhadətnamənin surətini vahid bir faylda toplayaraq “pdf” variantda müvafiq xanaya yükləməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
3
modern.az

4Mənbələr