AZ

Çayla axan zibilin üzə çıxartdığı problem: “Məmurlar nə vaxt məsuliyyətli olacaqlar?”

Bugünlərdə sosial şəbəkələrdə Göyçayda daşqın zamanı çəkilmiş video narahatlığa səbəb olub.

Video-görüntülərdə çayda sel sularının məişət tullantılarını- sellofan torbaları, plastik qabları və su butulkalarını axıtdığı görünür. Videonu sosial şəbəkələrdə paylaşan insanlar “Təbiətin qisası amansız olur”, “Çaylar atdığımız zibilləri özümüzə qaytarır” kimi şərhlər yazıblar. 

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli “Cebhe.info”-ya açıqlamasında videonu ürək ağrısı ilə izlədiyini deyib:

“Bu məsələ ilə bağlı çoxdan həyəcan təbili çalınırdı. Bölgələrdə məişət tullantıları hara gəldi atılır, çox zaman yandırılır. Zibil qalaqları daha çox əkin sahələrinin kənarına və çay yataqlarına yığılır. 

Bölgələrdə bələdiyyələr obrazlı desək, tənbəl sahibələr kimi evi təmizləmək əvəzinə zibili xalçanın altına süpürürlər. Nəticə göz önündədir. Bu hadisə bir daha göstərdi ki, bölgələrdə məişət tullantılarının idarə olunması bərbad vəziyyətdədir. Bələdiyyələr öz işinin öhdəsindən gələ bilmir. Hətta mən Ağdam rayonunda Sultanbud təpəsinin yaxınlığında da acınacaqlı durumun şahidi olmuşam. Məişət tullantıları Xaçın çayının yatağına atılır. Çox hallarda məişət tullantıları qazılaraq yerə basdırılır”. QHT sədri qeyd edib ki, bunun qarşısı alınmalıdır:

“Nəzərə almaq lazımdır ki, 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Prezident İlham Əliyev yaşıl düşüncəyə çağırış edib. Hazırda qlobal ekoloji böhranın fəsadları gözlə görünən həddədir. Biz cəmiyyət olaraq nə zaman problemin ciddiyyətini dərk edəcəyik? 

Məmurlar nə zaman məsuliyyətli olacaqlar? İş işdən keçdikdən sonra? Bələdiyyə səlahiyyətliləri məgər bilmirlər ki, plastik qablar, sellofan torbalar yüz illərlə  yerin altında çürümür. Plastik qabları yandırmaq olmaz. Bu, atmoseferə zəhərli qazların atılmasına gətirib çıxarır. Nəticədə insanlarda, heyvanlarda sağalmaz xəstəliklər yaranır”. 

Elman Cəfərli Azərbaycanın Qərb bölgələrində də məişət tullantılarının təkrar emalı müəssisələri yaradılmasını təklif edib:

“Təklif var ki, mərkəzi regionlardan birində- Gəncədə və ya Yevlaxda məişət tullantılarının qəbul məntəqəsi yaradılsın. Bakıda məişət tullantılarının çeşidlənməsi zavodu var. Bu müəssisə ölkədə təkrar emal sahəsini inkişaf etdirmək məqsədilə yaradılıb. Alman texnologiyaları əsasında qurulmuş müəssisənin illik gücü 200 min tondur. Çeşidləmənin aparılması nəticəsində təkrar emal üçün yararlı olan kağız, şüşə, plastik, əlvan metal, dəmir və digər xammallar ayrılır. 

Bunun nəticəsində tullantıların ümumi həcmi azalır, ucuz xammal bazarı formalaşır, enerjiyə qənaət olunur və tullantıların ətraf mühitə mənfi təsiri azalır. Eyni zamanda, batareya və akkumulyator kimi təhlükəli tullantılar ümumi kütlədən ayrılaraq düzgün utilizasiya məqsədi ilə aidiyyəti yerlərə göndərilir. Məişət tullantılarının çeşidləmə prosesi olduqca faydalıdır. Bu, ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərin azaldılması, təbii ehtiyatlara və enerjiyə qənaət, təkrar emalın stimullaşdırılması, yeni iş yerlərinin açılması deməkdir”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
cebheinfo.az

1Mənbələr