AZ

Zəhmət tələb edən iş olsa da, gəlirli sahədir

Son illər respublikamızda baramaçılıq aqrar sektorun gəlirli sahələrindən biri kimi inkişaf etdirilir. Artıq ölkəmizin 40-dək bölgəsində insanlar baramaçılıqla məşğul olaraq, bu sahədən yaxşı gəlir götürürlər. Baramaçılıq regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifahının yüksəldilməsinə xidmət edir. Bu sahənin inkişafı kənd əhalisi üçün əlavə qazanc və yaxşı güzəran deməkdir.

Uzun illərdir təsərrüfatla məşğul olan Masallı rayonunun Bambaşı kənd sakini Mais Əhədov bu ildən kümçü kimi özünü sınamaq qərarına gəlib. Belə ki, o, bu il ipəkqurdu bəsləmək üçün toxum təhvil götürüb. Baramaçılığın gəlirli olduğunu deyən Mais Əhədov dövlətin bu sahəyə göstərdiyi diqqətdən faydalanmaq istədiyini bildirir: “Çox sağ olsun, dövlətimiz. Ölkəmizdə ənənəvi sahələrdən olan baramaçılığın inkişafı ilə bağlı böyük tədbirlər həyata keçirir. Son illər bu sahəyə böyük maraq var. Mənim də diqqətimi çəkdi. Tütünçülüklə məşğul oluram. Bu ildən ipəkqurdu da saxlayacağam. On gün olar ki, toxum götürmüşük”.

Təsərrüfatçı deyir ki, dövlət tərəfindən fermerlərə bütün lazımi materiallar, tut tingləri verilib, subsidiyalar ayrılıb və bununla da 30-40 gün ərzində yaxşı gəlir əldə etmək imkanı yaradılıb.

İşçi Minayə Əzimova isə baramaya qulluq prosesinin heç də asan olmadığını söyləyir: “Bu ildən baramaçılıqla məşğuluq. Baramanı becərməsən, yaxşı barama olmaz. Yarpaqları yuyuruq, təmizləyirik, sonra veririk. Əgər yaxşı qulluq etməsək barama olmaz. Zəhmət tələb edən iş olsa da, gəlirli sahədir”.

Mais Əhədov on qutu ipəkqurdu toxumundan 400 kiloqram məhsul əldə edəcəyinə inanır. Məhsulun hər kiloqramına görə, dövlət kümçülərə 6 manat subsidiya verir. Hər kiloqramı 5 manata satıldığını nəzərə alsaq, bir kiloqram baramadan 11 manat gəlir əldə edilir.

Xatırladaq ki, may ayının 1-dən Azərbaycanda 2024-cü ilin barama mövsümünə start verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
2
banker.az

3Mənbələr