AZ

“Mütəmadi olaraq işçilər psixoloji diaqnostikadan keçməlidir” – Bu, şirkətlər üçün niyə lazımdır?

Günümüzün minimum 8 saatını iş yerlərimizdə keçirdiyimizi nəzərə alsaq deyə bilərik ki, iş və şəxsi həyatımız bir-birinin ayrılmaz parçasıdır. Gərgin və stresli keçən iş saatlarımızın bizə ötürdüyü mənfi enerji şəxsi həyatımıza təsir göstərə bildiyi kimi şəxsi həyatımızdakı problemlər də iş həyatımıza mənfi və müsbət mənada təsirsiz ötüşmür.

Aparılan araşdırmalar göstərilir ki, işçilərin yüksək performans göstərə bilməməsinin əsas səbəbi onların psixoloji durumlarıdır. Psixoloji gərginlik içərisində olan işçilər işə tam olaraq fokuslana bilmir və onlardan gözlənilən performansı tam şəkildə göstərə bilmirlər.

Ona görə də dünyanın nəhəng şirkətləri daim buna xüsusi nəzarət edir və mütəmadi olaraq işçilərin psixoloji ab-havasını daim yüksək tutmağa çalışırlar. Bəs Azərbaycanda vəziyyət necədir?

 

“99 faiz şirkət bunu etmir”

 

HR Hunter şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə Valyuta.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda çox nadir şirkətlərdə bu təcrübə var: “İşçilərə psixoloji dəstək lazımdır. Təəssüf ki, Azərbaycanda bu inkişaf etmiş sahə deyil. Barmaqla sayılacaq qədər şirkət var ki, peşəkar şirkətlərdən psixoloji dəstək alır, bu istiqamətdə işçilərə təlimlər təşkil edirlər. Demək olar ki, 99 faiz şirkət bunu etmir. Ümumiyyətlə, Azərbaycanda əksər şirkətlərdə işçinin iş həyatından kənar həyatı heç bir şəkildə maraqlı olmur və ondan ancaq işdə yüksək performans tələb olunur. Lakin beynəlxalq insan resursları standartlarına görə şəxs bir bütündür. Yəni, onun şəxsi həyatında baş vermiş hadisələr iş həyatına, işdə baş verənlər də şəxsi həyatına təsir edə bilər. Ona görə işçiyə bütün bir şəxs kimi yanaşmaq və bu cür qəbul etmək lazımdır. Azərbaycanda isə bu cür yanaşılmır və əksər rəhbərlər işçidən sadəcə iş həyatında yüksək performans göstərməsini, işə gəldiyi zaman isə şəxsi həyatını unutmasını gözləyirlər. Hətta bəzi iş yerlərində nəinki psixoloji dəstək göstərilmir, ümumiyyətlə mobbinq, yəni, şəxsə təzyiq göstərmə və çox toksik iş mühiti var. Bu isə bəzi hallarda ora gələn işçilərin də normal psixologiyalarının da pozulmasına səbəb olur”.

 

Hansı sahə üzrə şirkətlərdə bu xidmətə daha çox ehtiyac var?

 

İ.Mirzəzadənin fikrincə, psixoloji dəstəyin göstərilməsinin vacibliyi özünü xidmət sektorunda daha açıq büruzə verir: “Bank, sığorta təşkilatları və digər ağır sahələrdə (tikinti, təmir və s.) buna daha çox ehtiyac var. Bu cür ağır sahələrdə çalışan insanların ağır iş mühitindən dolayı böyük psixoloji problemləri olur və bəzən bu problemlər həmin şəxslərin narkotik və psixotrop maddələrin qəbuluna, hətta intihar etmələrinə belə gətirib çıxarır. Ona görə də bu şəxslərə ən azından orta və böyük şirkətlərdə kənardan da olsa bir psixoloqun konsultasiyası təşkil edilməli, yaxud onlar arasında heç olmasa bir sorğu aparılmalıdır. Heç olmasa ayda bir dəfə işçilərin psixoloji vəziyyətini yoxlamaq lazımdır”.

 

Psixoloji dəstəyin göstərilməsi iş keyfiyyətinə necə təsir göstərə bilər?

 

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov isə Valyuta.az-a açıqlamasında qeyd edir ki, bütün sahələrdə psixoloji xidmətin göstərilməsi vacibdir.

“Hər bir müəssisəni, hər bir kollektivi formalaşdıran orada çalışan fərdlərdir və bu fərdlərin hər birinin özünəməxsus psixoloji xüsusiyyətləri iş mühitində olduqca böyük əhəmiyyət kəsb edir. Xüsusən də vətəndaşlarla birbaşa çalışan bütün sahələrdə həmçinin xidmət, istehsalat və s. psixoloji xidmətin təşkili və təminatı mühümdür”.

E.Rüstəmovun fikrincə, psixoloji dəstək olmaması qurumlarda müxtəlif istiqamətlərdə özünü göstərir: “Psixoloji və sosial dəstəyi olmayan işçilər işdən daha çox uzaqlaşır, verilən tapşırıqlara qarşı laqeydliyi artır və işdən çıxma nisbətləri daha yüksək olur. Psixoloji dəstək olmayan qurumlarda həmçinin münaqişə və tez-tez kadr dəyişikliyi ehtimalı daha yüksək olur. İş stresi fiziki (yorğunluq və ya baş ağrısı kimi) və ya emosional (narahatlıq və ya tükənmişlik kimi) simptomlara səbəb olur. Bu isə özlüyündə xərclərin artmasına, məhsuldarlığın aşağı düşməsi, konflikt və daha ciddi psixoloji problemlərin yaranma riskinin artmasına səbəb olur”.

Psixoloq deyir ki, iş yerində psixososial risk faktorlarının mütəmadi olaraq qiymətləndirilməsi, şirkətlərin potensial stres mənbələrini müəyyən etməyə və qabaqlayıcı tədbirlər görməsinə kömək edir. Bu, iş yükünün, iş-həyat balansının, liderliyin və təşkilat daxilində ünsiyyətin qiymətləndirilməsini əhatə edir. Adekvat psixoloji dəstək olduqda isə psixoloji sıxıntı yaşayan işçilərin müvafiq yardım axtarmaq və almaq ehtimalı daha yüksək və daha əlçatan olacaq. Problemlərin qarşısını almaq və həll etmək işçilərin həyat keyfiyyətini artırmaqla yanaşı, onların motivasiyasını, şirkətə bağlılığını və tapşırıqlardakı performansını artırmasına gətirib çıxarır. Şirkətlərdə psixi sağlamlığın yaxşılaşdırılması uğurlu nəticələrinin açarıdır.

 

“Mütəmadi olaraq işçilər psixoloji diaqnostikadan keçməlidir”

 

E.Rüstəmov bildirdi ki, Azərbaycanda bir çox qurumlar psixoloji xidmətin təşkilini həyata keçirir: “Çünki psixoloqa müraciət edən insanların əksəriyyəti işləyən, hansısa müəssisələrdə çalışan insanlardır. Biz düşünürük ki, psixoloji xidməti müəssisə özü həyata keçirsə, bu proses işçilərin rifahı üçün daha müsbət təsirlər göstərəkdir. Azərbaycanda bununla bağlı müəyyən qədər təcrübələr var ki, bu təcrübələr də özünü doğrultmaqda davam edir. Lakin bu xidmətlər ölkəmizdə daha geniş şəkildə tətbiq edilsə, nəticələr də  bir o qədər faydalı və uğurlu alınacaq”.

“İstər dövlət, istərsə də özəl müəssisələrdə psixoloji dəstəyin təmin olunması cəmiyyətin rifahı üçün olduqca vacib mövzudur. Psixoloji dəstək həm psixoloji işin təşkili qaydalarına, həm də müəssisələrdə maarifləndirmə və profilaktik tədbirlərə uyğun olaraq aparılmalıdır. Mütəmadi olaraq işçilər psixoloji diaqnostikadan keçməli və onlarla psixoloji seanslar təşkil olunmalıdır. Bu istiqamətdə xidmətlərin göstərilməsi və təşkil olunması Azərbaycan Respublikasının "Psixoloji Yardım Haqqında" qanununda öz əksini tapıb” – deyə E.Rüstəmov qeyd etdi.

Rəhim

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
27
valyuta.az

10Mənbələr