AZ

İran qəzetindən təxribat kimi yazı

 “Farhihteqan”ın iddiasına görə, Azərbaycanda İrana  məxsus bir neçə obyektin, o cümlədən “mədəniyyət obyektlərinin” müsadirə edilməsi planlaşdırılır; Azərbaycan Pasdaran rayonunda 20 milyon dollara əmlak alıb? 

İranda nəşr olunan gündəlik “Farhihteqan” qəzetinin məlumatına görə, Azərbaycanda İslam Respublikasına məxsus bir neçə obyektin, o cümlədən “mədəniyyət obyektlərinin” müsadirə edilməsi planlaşdırılır. Onların arasında ali dini lider Ayətullah Əli Xameneyinin Azərbaycandakı nümayəndəsi vəzifəsində çalışmış Əli Əkbər Ocaq Nejatın Bakı ofisi də var. Məlumatı Haqqın.az saytı yayıb. 

Ofisin özü 2021-ci ildə bağlanıb. Eyni zamanda Nejat Azərbaycanı tərk edib. Qəzet iki ölkə arasında münasibətlərin “pozulmaqda davam etdiyini” yazır və həmçinin qeyd edir ki, Azərbaycanda müsadirə edilməsi planlaşdırılan digər İran obyektləri də var. 

Qəzet Azərbaycanın bu yaxınlarda Tehranın nüfuzlu Pasdaran rayonunda daşınmaz əmlak almasını da tənqid edib. İddia olunur ki, söhbət sahəsi üç min kvadratmetrdən çox olan və təxminən 20 milyon dollara başa gələn binadan gedir. Səfirliyə hücumdan sonra Bakının lobbiçilik səylərinin nəticəsi kimi xarakterizə edilən bu addımı qəzet “tamamilə mənasız” adlandırıb, çünki “Azərbaycan öz fəaliyyətini dayandırmağa və İranın əmlakını müsadirə etməyə davam edir”. Nəşr iddia edir ki, bu obyektlər “diplomatikdir” və Azərbaycanda onların müsadirə edilməsinə haqq qazandırmaq üçün heç bir hüquqi prosedur olmayıb. 

“1991-ci ildə müstəqillik əldə etdikdən sonra İslam inqilabını ixrac etmək üçün İranın dəstəyi ilə yaradılan Azərbaycan İslam Partiyası dörd ildən sonra hökuməti devirmək və ölkəni İslam respublikasına çevirmək cəhdi ittihamı ilə buraxılıb. Azərbaycan İranın əzəli düşməni olan İsraildə səfirlik açdıqdan sonra iki ölkə arasında münasibətlər daha da gərginləşdi. Elə ötən il İranın dəstəyi ilə İsrailin Bakıdakı səfirliyinə edilən hücumun qarşısı alınıb”. Qeyd edək ki, Azərbaycan hüquq-mühafizə orqanları bu yaxınlarda ölkədə İranın çoxsaylı agentlərini həbs edib. O cümlədən bu ölkənin xüsusi xidmət orqanlarının göstərişi ilə müxtəlif terror aktlarını planlaşdıran və həyata keçirməyə cəhd edən qruplar zərərsizləşdirilib. İran xüsusi xidmət orqanlarının nəzarətində olan bu cür qruplar sosial şəbəkələrdə və məscidlərdə Azərbaycanda dünyəvi dövlətin devrilməsi və onun yerində İslam şəriəti əsasında idarə olunan rejimin qurulması çağırışları ilə çıxış edirdilər.

Məlumdur ki, bu fəaliyyəti əlaqələndirmək üçün Əli Əkbər Ocaq Nejatın Bakıdakı "Hüseyniyyə" məscidində yerləşən yuxarıda adıçəkilən ofisindən istifadə edilib. Ofisin bağlanması və Nejatın Azərbaycanı tərk etməsi koronavirus pandemiyasının baş verdiyi vaxta təsadüf edib: rəsmilər bu addımı karantin tədbirləri ilə əsaslandırıblar. Amma ofisin fəaliyyəti hələ də bərpa olunmayıb.

İran qəzetinin “Azərbaycanda İslam Respublikasına məxsus bir neçə obyektin, o cümlədən "mədəniyyət obyektlərinin" müsadirə edilməsinin planlaşdırıldığını yazmasında məqsəd nə ola bilər? İranın Azərbaycanda, Bakıda müsadirə edilməli hansısa obyektlərinin olması mümkünmü? Yoxsa İran qəzetləri ənənəvi anti-Azərbaycan mövqelərini davam etdirmək və sadəcə, aranı qatmaq, münasibətləri daha da korlamaq xəttini davam etdirirlər?

Əli

 Əli Orucov

Siyasi ekspert Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, İranın Azərbyacandakı fəaliyyəti heç vaxt yaxın qonşuluq və səmimi dostluq prinsiplərinə uyğun gəlməyib. Rəsmi Tehran “mədəniyyət, humanitar, din” müxtəlif adlar altında Azərbaycanda geniş casus şəbəkəsi formalaşdırıb ki, bunun da idarə edilməsində ali dini lider Ayətullah Əli Xameneyinin nümayəndəsi vəzifəsində çalışmış Əli Əkbər Ocaq Nejatın Bakı ofisinin xüsusi rolu olub. Təlimatların və göstərişlərin bir çoxu buradan verilib. Təsadüfi deyil ki, Azərbaycanın xüsusi təhlükəsizlik orqanlarının İranın casus şəbəkəsinə qarşı həyata keçirdiyi geniş əməliyyat zamanı Nejat gecəikən İrana qaçıb özünü xilas edə bildi: “Bakı ofisi bağlansa da, mən İran kəşfiyyatına və hakim dairələrinə bağlı gizli hücrələrin qalmasını istisna etmirəm. İranın yetişdirdiyi və təlim keçdiyi din əbasına bürünmüş onlarla tərəfdarı, əmr qulları fəaliyyətlərini müəyyən qədər məhdudlaşdırsa da, dövlətçiliyimiz üçün ciddi təhlükə olaraq qalırlar. İranın rəsmi dairələrinin nəzarətində olan media qurumları  sifarişləri yerinə yetirərək Azərbaycana qarşı qarayaxma və böhtan kampaniyalarının önündə olub. Hətta bəzən bütün əndazələri aşaraq açıq təhqirə, aşağılamalara, şantaj və hədə-qorxuya da əl atıblar. Bunun əvəzində Azərbaycan münasibətlərin zədələnməsindən qaçmağa çalışıb və humanizm mövqeyindən çıxış edib. İran rejiminin davamlı anti-Azərbaycan siyasətinə tolerantlıq göstərib. Baxmayaraq ki, İrandakı səfirliyimizə sifarişli terror hücumu baş verdi, itkilər verdik, amma Bakı yenə də səbrini basdı. Adekvat cavab vermədi. İranın Azərbaycandakı səfirliyinin fəaliyyəti normal iş rejimimdə, təhlükəsiz şəraitdə çalışdı. Bildiyimə görə, "Farhihteqan" qəzetinin iddia etdiyi kimi, İranın Azərbaycanda “müsadirə ediləcək” heç bir obyekti yoxdur.  Obyekt yoxdursa, demək, belə bir plan da yoxdur. Qəzet İslam Partiyasının on illər öncə qeydiyyatının ləğvi məsələsini də qəsdən indi gündəmə gətirir. İslam Partiyası simasında dini, milli təfriqəçiliyi yayan, İslam radikalizmini təbliğ edən, dünyəvi dövlətçilik prinsiplərinə zidd fəaliyyət göstərən təşkilatlara və qurumlara qahmar çıxır. Halbuki Azərbaycan Konstitusiyasında din dövlətdən ayrıdır və dini siyasi təşkilatların dövlət qeydiyyatına alınması yasaqdır. İran qəzeti bunu bilməmiş deyil. Sadəcə olaraq, qəsdən kimlərisə qızışdırmağa hesablanan məsələni ortaya atır. Şübhə etmirəm ki, belə bir fikrin dövrəyyəyə buraxılması məqsədlidir və Azərbaycana qarşı aparılan informasiya müharibəsinin tərkib hissəsidir".

Əli Orucov hesab edir ki, İran rejimi əməkdaşlığa, münasibətlərin normal məcrada davamına maraqlı olmadığından, ən əsası Azərbaycanı suveren, müstəqil, gülcü bir dövlət kimi qəbul etmədiyindən münasibətlərin sanki gərginləşməsinə meyillidir. Aparılan siyasətin ana xətti də məhz buradan doğan kinə, küdurətə və inkarçılığa əsaslanır: “Məncə, Bakı Tehran rejiminə adekvat yanaşma sərgiləməli, aşırı humanizmdən qaçmalıdır. Ona görə də İranın daxili casus şəbəkəsinə qarşı da sərt davranmaqdan çəkinməməlidir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
musavat.com

1Mənbələr