AZ

“Temu” “Trendyol”un yolunu bağlayacaq? - Qısa müddətdən sonra...

Müəyyən müddətdir ki, Azərbaycanda Çinin onlayn ticarət platforması "Temu" şirkəti fəaliyyətə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, saytdan edilən sifarişlər 7-10 gün ərzində birbaşa Azərbaycana çatdırılır. Eyni zamanda 50 manatdan yuxarı məhsul sifarişində çatdırılma ödənişsizdir. Bəzi istifadəçilərə isə 35 manatdan yuxarı sifarişlərin də pulsuz çatdırılması təklif olunur. Bir sözlə, "Temu" onlayn mağazası hazırda sürətlə inkişaf edən və ucuz məhsullar təqdim edən platformadır. Elə buna görə də qiymətlərin olduqca münasibət olması yerli istifadəçilər tərəfindən müsbət qarşılayıblar.

Məlumat üçün bildirək ki, ölkəmizdə "Trendyol", "Alibaba", "Shein" kimi ticarət platformaları da fəaliyyət göstərir. Lakin bu şirkətlər içərisində müştərisi daha çox olan "Trendyol"dur. Lakin ötən gün Türkiyənin məşhur onlayn alış-veriş şirkəti olan "Тrendyol" Azərbaycana məhsulların çatdırılma xidmətində qiymət dəyişikliyi edib. Belə ki, şirkət qiymətləri 2.5 dəfə artırıb. Nəticədə dünənə kimi 79.99 TL (4.23 manat) hesablanan çatdırılma xidməti artıq 199.99 TL (10.63 azn) dəyərində təklif olunur.

Maraqlıdır ki, qarşıdakı dövrdə "Temu" şirkəti "Trendyol"u daxili bazardan uzaqlaşdıra bilərmi?

İqtisadçı Razi Abasbəyli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, hazırda ABŞ-nin tətbiq etdiyi sanksiyalara görə bir sıra Çin şirkətləri ilə yanaşı, "Trendyol"da da daşınma problemləri ortaya çıxıb.

Onun sözlərinə görə, bu, onlayn ticarətdə mühüm paya sahib olmaq uğrunda gedən savaşda "Trendyol"un zəiflədilməsinə səbəb olub. Hazırda "Trendyol" nəzərdə tutduğu hədəflərinə çata bilməyib:

"2010-11-ci illərdə "Trendyol" şirkəti cəmi 300 min dollar sərmayə ilə yaradılıb. Qısa müddət sonra Çinin "Alibaba" şirkəti tərəfindən "Trendyol"a ciddi şəkildə investisiya yatırılıb. "Alibaba" şirkəti "Trendyol"a 2018-ci ildə 700 milyon, 2021-ci ildə isə 350 milyon dollar yatırım edib. Nəticədə Çin şirkətlərinin "Trendyol"da olan payı təxminən 65 faizə çatıb".

Çatdırılma haqqının bahalaşmasına hansı amillər təsir edib?

İqtisadçı hesab edir ki, logistik xərclərin artması, xammal təminatında yaranan problemlər və ABŞ tərəfindən Çin şirkətlərinə qoyulan embarqolar satışa çıxarılan məhsulların qiymətlərinin bahalaşmasına və çatdırılma haqqının artmasına yol açıb. Bu, qlobal iqtisadi maraqların toqquşmasının nəticəsidir.

Razi Abasbətli: Temu"nun "Trendyol"a rəqib olması qısamüddətli olacaq

"Azərbaycana gəlincə, çatdırılma haqqının bahalaşmasının digər səbəbi bu sahədə fəaliyyət göstərən karqo şirkətlərin sayının az olmasıdır. Demək olar ki, "Trendyol"un əməkdaşlıq etdiyi karqo şirkətlərimizin arasında rəqabət mühiti yoxdur. Azərbaycan bazarının və mövcud onlayn ticarət bazarında rəqabət imkanlarının düzgün qiymətləndirilməməsi yanlış addımdır. Bu, "Trendyol"un Azərbaycan bazarındakı dövriyyəsinin ciddi şəkildə kiçilməsinə səbəb olur". - deyə R. Abasbəyli bildirib.

Bəs görəsən, "Temu" Azərbaycan bazarında böyüyə biləcək?

Müsahibimizin fikrincə, hazırda "Temu" şirkəti Azərbaycanda yalnız bir karqo şirkəti ilə əməkdaşlıq edir. İstifadəçilərə təklif olunan endirimlərin və kampaniyaların hansı müddətə qədər davam edəcəyi məlum deyil:

"Nəzərə alaq ki, hər bir ölkənin gömrük rüsumları siyasəti var. Hələlik ölkəmizdə çox da böyük olmayan dövriyyə üzərindən ticarət həyata keçirilir. Düşünmürəm ki, Azərbaycan bazarında "Temu" şirkəti "Trendyol"a alternativ ola biləcək. Çünki "Trendyol"da olan yüngül sənayə məhsulları, xüsusilə də tekstil məhsulları "Temu"da o qədər də çox deyil. Burada keyfiyyət məsələsini də unutmaq olmaz".

Razi Abasbəyli qeyd edir ki, "Temu"nun "Trendyol"a rəqib olması qısamüddətli olacaq.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
bakivaxti.az

1Mənbələr