AZ

Zəfərdən zəfərə

Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı Azərbaycan reallıqlarının öyrənilməsi üçün zəngin mənbədir. Bu baxımdan mayın 10-da Ulu Öndər Heydər Əliyevin anada olmasının 101-ci ildönümü günündə Şuşa şəhərinə səfəri zamanı birinci yaşayış kompleksinin açılışında iştirakı və bura köçmüş sakinlərlə görüşündəki çıxışı hazırda geniş təhlil edilir. Cənab İlham Əliyev 30 illik işğal dövründə yaşadıqlarımızdan, müstəqillimizin bərpasının ilk illərində Azərbaycanın qarşılaşdığı təhlükələrdən, faciələrdən, dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından və ölkəmizin həyatında yeni mərhələnin əsasının qoyulmasından, torpaqlarımızın tarixi sahibinə qovuşması istiqamətində atılan addımlardan, tarixi Zəfərimizdən və onun yaratdığı yeni reallıqlardan geniş bəhs etdi. Bir daha qeyd etdi ki, Ulu Öndərin fəaliyyəti nəticəsində inkişaf yoluna qədəm qoyduq. Ona qədər ölkədə hakimiyyətsizlik, özbaşınalıq, xaos hökm sürürdü. Şuşanı müdafiə etməyə söz verən, əks təqdirdə öz başına güllə çaxmağa söz verən ünsür görəsən indi hansı hisslər yaşayır? Əminəm ki, bu günə sevinmir: “Təsadüfi insanlar hakimiyyətə gəldi. Küçələrdən heç bir təhsil almamış, heç bir dövlət işində təcrübəsi olmayan, heç bir biliyə malik olmayan müdafiə nazirləri, dövlət katibləri, parlament sədrləri, prezident vəzifələrinə yiyələndilər və bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi.”Hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün tör-töküntüləri, onların böyük əksəriyyəti Zəfərimizə sevinməyiblər. Qələbəmizə bu günə qədər kölgə salmağa çalışırlar. Ermənilərlə əlbir olub Zəfərimizi aşağılamaq istəyirlər. Məhz onların hakimiyyətə can atmaları dövründə və ovaxtkı hakimiyyətin satqın, qorxaq olması səbəbindən Şuşa işğal altına düşdü. Şuşa yiyəsiz qalmışdı və Şuşanın düşmənə təhvil verilməsi Xalq Cəbhəsinə hakimiyyətə gəlmək üçün yol açdı.Azərbaycan xalqının böyüklüyü bir daha 1993-cü ildə özünü göstərdi. Xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət etdi. Çünki Azərbaycan xalqı bilirdi ki, o bəladan onu ancaq Ümummilli Lider Heydər Əliyev qurtara bilər.Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan yenidən quruldu, müstəqilliyinin daimiliyi və sarsılmazlığı təmin edildi. 1994-cü ilin 12 may tarixində Ümummilli Liderin səyləri nəticəsində atəşkəsə nail olundu, həmin ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanın hər bir sahədə uğurları davamlılığı ilə diqqətdə oldu. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl 2003-cü ildən bugünədək qazanılan uğurların əsası oldu. Bu təməl müasir müstəqil, qalib Azərbaycana bundan sonra da davamlı uğurlar qazandıracaq.Torpaqlarımızın işğaldan azad, ərazi bütövlüyümüzün təmin edilməsi əsas hədəfimiz idi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz dünyaya səs saldı. Dövlətimizin başçısı sözügedən çıxışında şanlı Qələbəyə gedən yoldan, son üç ildən artıq dövrdə qazanılan Zəfərlərdən danışdı. Vurğuladı ki, antiterror əməliyyatı nəticəsində biz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik, bir daha dövlətimizin gücünü göstərdik, güclü siyasi iradəsini göstərdik. Heç kimlə hesablaşmadan, heç nəyə baxmadan, heç kimdən qorxmadan lazım olan əməliyyatı böyük peşəkarlıqla, məharətlə və fədakarlıqla keçirdik. Beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir. Cənab İlham Əliyev Qələbələrimizin davamı olaraq bu mühüm məqama da diqqəti yönəltdi ki, bu gün Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan bizə qaytarılır. Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir.Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, torpaqlarımız lazım idi. Cənab İlham Əliyev artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən keçmiş Minsk qrupunun fəaliyyətindən də bəhs etdi. Qeyd etdi ki, Minsk Qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər: “Onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin. Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil.”Dövlət başçısı İlham Əliyevin mayın 11-də Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimindəki çıxışı da mühüm çağırışları ilə diqqətdə oldu. “Azərbaycan xalqının əyilməz ruhunu nümayiş etdirən bu məkan həm işğala qədər, həm işğal dövründə, həm də işğala son qoyulandan sonra hər birimiz üçün doğma və əzizdir. Bizim qəhrəman əsgər-zabitlərimiz, bax, bu sıldırım qayalara dırmaşaraq yüngül silahlarla şəhəri düşməndən azad etmişlər” söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev vurğuladı ki, Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda, eyni zamanda, qəhrəmanlıq rəmzidir, zəfər rəmzidir və sülhün rəmzidir. Çünki məhz Şuşanın azad olunmasından sonra işğalçılar tam anladılar ki, müqavimət göstərmək onlara heç nə verməyəcək.

Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
3
sesqazeti.az

4Mənbələr