AZ

Çürük sistemin bir parçası! – “Araz Naxçıvan”!

AFFA İcraiyyə Komitəsinin qərarları gözləntilərin əksinə olsa da, kifayət qədər haqlı səbəblər var. Aydındır ki, əksəriyyətin məyusluğu Premyer Liqada komanda sayının artmaması ilə bağlıdır. Ancaq indiki vəziyyətdə reallığın bizə nə göstərdiyini gözardı etməməliyik.

Bu məsələdə AFFA üçün ən ideal nümunə “Araz Naxçıvan” klubudur. Ötən mövsüm Premyer Liqada çıxış etməyə vəsiqə qazanan Naxçıvan təmsilçisinin fəaliyyəti ölkə futboluna göz dağıdır, yaradır.

Cəmi 9 gündə yığılan komandanın yayda eyni aqibəti yaşayacağı sirr deyil. Bir neçə legioner göndəriləcək və onların yerinə heyətə tez-bazar başqa əcnəbilər cəlb ediləcək.

Sona qədər də klubun fəaliyyəti (!) bundan ibarət olacaq. Çünki “Araz Naxçıvan” illərdir ölkə futbolunun qanayan yarası kimi bilinən, üfunət qoxan sistemin çürük hissəsidir. 

Burada əsas problem dövlətin futbolun inkişafı üçün ayırdığı vəsaitin dağıdılması, yalnış istiqamətə sərf edilməsidir. Nəzərə alınmalıdır ki, klublar üçün ayrılan 3 milyon manatın bir milyonu klub akademiyasına xərclənməli və Azərbaycan futbolunun gələcəyinə yatırım edilməlidir.

Bəs Naxçıvan komandası bu istiqamətdə hansı işləri gördü? Görəsən, ümumiyyətlə klubun akademiyası mövcuddurmu? Söhbət balaca bir bina tikib, içinə yığılmaqdan getmir. Ölkə futbolunun gələcəyi üçün ciddi addımlar atmaqdan gedir.

Bu önəmli faktorun üzərində durmamaq elə vəsaitin sağa-sola dağıldılmasına göz yummaqdır.

Naxçıvan təmsilçisi klub olmaq yolunda heç bir addım atmır, aşağı yaş qruplarında ciddi işlər gözə çarpmır və təmsil etdiyi bölgədə çıxış edə bilmir.

Mövcud AFFA rəhbərliyi stadion və infrastruktur məsələsinə diqqət edirsə, “Araz Naxçıvan” üçün Premyer Liqa macərası bitməlidir. Son iclasın ardından federasiya rəhbəri Rövşən Nəcəf yuxarıda sadalanan faktorlara önəm verdiyini bildirdi.

İdman prinsipləri yalnız sonuncu yeri tutanın düşməsi deyil. Ən böyük prinsip dövlətin ayırdığı vəsaitin düzgün xərclənməsi və buna ciddi nəzarət olunmasıdır.

Bir komanda başına 15-20 nəfər yığıb I Liqada çempion olmasıyla dövlət büdcəsindən ayrılan məbləği istədiyi kimi istifadə etməməlidir. Çünki ayrılan vəsait kiminsə bir-iki illik müvəqqəti nəticə göstərməsinə yox, Azərbaycan futbolunun qazanması üçündür.

Görünən odur ki, “Araz Naxçıvan” ötən mövsüm ayrılan 3 milyonu konkret olaraq öz məqsədləri üçün xərcləyib. Çox güman ki, hazırki rəhbərlik bu xoşagəlməz tendensiyanı üzümüzə gələn mövsüm də davam etdirmək niyyətindədi.

Təcrübə bu qaydada faəliyyət göstərən komandalara ayrılan məbləğin israf olduğunu göstərir. Azərbaycan futbolunda belə neqativ nümunələr çoxdur. Yeni rəhbərlik ölkə futboluna nəfəs gətirmək istəyirsə, bu vacib məqamların arxasınca düşməli və dövlətin sahənin inkişafı üçün ayırdığı məbləğlərə sahib çıxmalıdır.

Çünki Azərbaycan futbolunun bundan sonrakı dönəmdə çölə atılası milyonları yoxdur!

Həsən Quluzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
idmanxeber.az

1Mənbələr