AZ

Tikinti işlərinə nə zaman polis və icra hakimiyyəti müdaxilə edə bilməz? - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikinti işlərinin dayandırılması və tikinti obyektlərinin sökülməsi həmin Məcəllənin 92 və 95-ci maddəsinə müvafiq olaraq aparılır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir:

1) tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə;

2) tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda;

3) bu Məcəllə ilə nişanlanması tələb edildiyi halda tikintidə nişanlanmamış və ya qanunsuz nişanlanmış tikinti materiallarından və məmulatından istifadə edildikdə;

4) tikinti işlərinə bu Məcəllənin 51-ci maddəsində nəzərdə tutulmuş peşə sahələri üzrə müvafiq ixtisası və sertifikatı olmayan şəxslər cəlb edildikdə.

Yazılı göstərişdə hər bir pozuntu ayrıca təsvir olunur və həmin pozuntunun sifarişçi (podratçı) tərəfindən aradan qaldırılması üçün ağlabatan müddət müəyyən edilir.

Yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı gündən ən geci 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq icra hakimiyyəti orqanı sifarişçiyə (podratçıya) icrası yoxlanılmış yazılı göstərişin icra olunmayan hissəsində yenidən yazılı göstəriş təqdim edir.

Tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir:

1) tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan tikildikdə

2) tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda;

3) bu Məcəllənin 92.1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda;

4) bu Məcəllənin 92.1.2-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 6 ay müddətində aradan qaldırılmadıqda;

5) bu Məcəllənin 92.1.3-cü və 92.1.4-cü maddələrində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda.

Tikinti işlərinin dayandırılması barədə qərar icra olunmadıqda, həmin tikinti obyektlərinə dair Qanunla müəyyən edilmiş tədbirlər tətbiq edilir".

"Yerli icra hakimiyyəti orqanı Yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə bağlı pozuntu halları aşkar etdikdə tikinti işlərinin dayandırılmasını sifarişçiyə (podratçıya) yazılı qaydada tövsiyə edir, tikinti işlərinin dayandırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini məlumatlandırır və bu barədə bütün məlumatları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərir.

Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür:

1) tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə;

2) bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda;[107]

3) bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda;[108]

4) bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda

5) sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə.

Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.

Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir.

Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər

Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı tərəfindən sökülür..

Tikinti obyektinin sökülməsi müvafiq layihə əsasında həyata keçirilir.

Tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsi tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin dairəsini nəzərdə tutur. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə İCAZƏ TƏLƏB OLUNMUR:

1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin;

2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların;

3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla);

4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin;

5. kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının;

6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin;

7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin;

8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin;

8. bu Məcəllənin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin;

9. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların (örtülü şitilliklər).

Yuxarıda sadalanan tikinti obyektləri üzrə işlər aparılması üçün hər hansı qurumdan icazə alınması tələb edilmir. Lakin yuxarıdakı siyahı istisna xarakteri daşıyır və bu siyahıdan kənarda tikililər üçün ya məlumatlandırma icraatı tətbiq edilir ya da müvafiq tikinti icazəsi alınmalıdır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
sia.az

1Mənbələr