AZ

Azərbaycanın gənc musiqiçisi: Ən böyük məqsədim dirijor olmaqdır

Azərbaycanın

Bakı, 15 may, AZƏRTAC

AZƏRTAC beynəlxalq müsabiqələr laureatı olmuş Azərbaycanın gənc istedadlı musiqiçiləri haqqında məqalələr silsiləsini davam etdirir.

Növbəti həmsöhbətimiz Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin fortepiano ixtisası üzrə IV kurs tələbəsi, beynəlxalq və respublika müsabiqələrinin iştirakçısı və laureatı Hüseyn Kərimovdur.

Hüseynin 19 yaşı var. O, Lənkəran şəhər Vaqif Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyində təhsil alıb. Təhsil illərində müxtəlif olimpiadalarda iştirak edib. Paralel olaraq 5 il Lənkəran şəhər Cəfər Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsində təhsil alıb. Müxtəlif konsertlərdə uğurlu çıxışları olub. Musiqi məktəbinin xor və orkestr kollektivi ilə ayrı-ayrı bölgələrə konsert səfərlərində iştirak edib. Musiqi məktəbini fərqlənmə ilə bitirib.

2020-ci ildə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin fortepiano şöbəsinə daxil olan Hüseyn Kərimov deyib: “II kursdan etibarən təhsilimi kollecin fortepiano şöbəsinin müəlliməsi Jalə Vəliyevanın sinfində davam etdirirəm. Bir çox uğurlarım elə burdan başladı. Kollecimizin müxtəlif konsertlərində və master klasslarında ifalarım olub. Həmçinin Jalə xanımla müxtəlif Beynəlxalq və Respublika müsabiqələrində iştirak etmişəm. Belə ki, “Ümid” beynəlxalq incəsənət müsabiqəsində çıxış edərək “Laureat” diplomuna layiq görülmüşəm. 2023-cü ildə Heydər Əliyev adına gənc ifaçıların IV Respublika müsabiqəsində iştirak edərək “Fəxri fərman”la təltif edilmişəm. Ötən ilin dekabr ayında Gürcüstan İncəsənət Xadimləri Birliyi və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən “Future Stars” XVI Beynəlxalq Klassik Musiqi festivalı çərçivəsində keçirilən beynəlxalq müsabiqədə III yerə layiq görülərək “Laureat” adını qazanmışam”.

Hüseyn bildirib ki, musiqi zövqünün düzgün istiqamətdə formalaşması üçün müxtəlif pianoçuların və peşəkar orkestrlərin ifalarını dinləyir. Onun sevdiyi pianoçular arasında Andreas Schiff, Qriqori Sokolov, Pletnyov, dirijorlardan isə mərhum Abbado, Leonard Bernstayn və Rojdetsvenskin var.

Gənc istedad dünyagörüşünün geniş olması üçün mütaliə edir və xarici dilləri öyrənməyə üstünlük verir. Boş vaxtlarında isə gəzintiyə çıxmağı, film izləməyi və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutan konsertləri dinləməyi sevir.

Hüseynin qarşısına qoyduğu ən böyük məqsəd dirijor olmaqdır: “Bu məqsədimə çatmaq və dirijorluq sənətində peşəkarlaşmaq üçün musiqi kollecini uğurla başa vurduqdan sonra xaricdə opera-simfonik dirijorluğu ixtisası üzrə təhsili almaq istəyirəm. Planlarımda gələcəkdə müasir bəstəkarların əsərlərini, eyni zamanda, dahi və mənim çox sevdiyim Avstriya bəstəkarı Qustav Malerin ölkəmizdə az səslənən simfoniyalarına Azərbaycanda dirijorluq etmək arzumdur. Təbii ki, Azərbaycan bəstəkarlarının da əsərlərini xarici publikaya tanıtmaq istəklərim arasındadır.

Uğurlarımın əldə olunmasında şübhəsiz ki, müəllimimin rolu danılmazdır. Jalə xanımla hər bir dərsimiz mənim üçün həm böyük imtahan, həm də böyük zövqdür. Onun tələbələri müxtəlif Beynəlxalq və Respublika müsabiqələrində Qran-Pri və laureat adlarına layiq görülüblər. Müəllimim və mən çalışırıq ki, repertuarımda müxtəlif musiqi cərəyanları bəstəkarlarının fərqli-fərqli janrlarda yazılan əsərləri yer alsın: Motsart, Frans Yozef Haydn, Sergey Vasilyeviç Raxmaninov, Aleksandr Skryabin, Qara Qarayev və s.”

Jalə Vəliyeva şagirdi haqqında sevə-sevə danışır. “Hüseyn mənim sinfimdə bir neçə ildir təhsil alır. Digər tələbələrdən fərqlidir və seçilir. Öz üzərində çalışması üçün ona nəsə söyləməyə ehtiyac yoxdur, özü bunu dərk edir, öz üzərində ciddi şəkildə çalışır və özünü hərtərəfli inkişaf etdirir. Üzərinə düşən bütün öhdəlikləri lazımından da artıq yerinə yetirir”.

Müəllim Hüseynin müxtəlif pianoçuların ifalarını dinləyərək onlardan yaxşı nümunələr götürdüyünü vurğulayıb. O qeyd edib ki, tələbəsi musiqi dinləməklə yanaşı, musiqi ədəbiyyatı və tarixi haqqında çoxlu mütaliə edir, bəstəkarların əsərlərini çox gözəl analiz etməyi bacarır: “Məsələn, bu həftə Bakı Musiqi Akademiyası və BMA nəzdində məktəb-studyanın təşkilatçılığı ilə Qara Qarayev adına VI elmi-ifaçılıq müsabiqəsi baş tutacaq. Bu müsabiqə çərçivəsində YouTube səhifəsində Hüseynin Qara Qarayevin “Tsarskoselskaya statuya” əsərinin analizinə qulaq asa bilərsiniz. Hüseyn daxili zəngin və nəcib oğlandır. Bu, onun ifasına yansıyır. Çox istedadlı və ağıllı tələbədir”.

Hüseyn isə deyir ki, sözügedən müsabiqəyə ciddi hazırlaşır, məşq prosesləri davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
azertag.az

1Mənbələr