AZ

Məhərrəm Novruzovun DAŞ YARAN QÜDRƏTİ... - Pul və nüfuz qanunları yenəndə...

Məhərrəm

"Azərbaycanda "Ədalət" yalnız adam adıdır".

Bu cümləni narazı xalqın dilində "sifarişlə hökm çıxaran" ədalətsiz hakimlər formalaşdırıb.

Elin gözü tərəzidir.

Dünyada heyvan öldürənlərə belə bir neçə il, hətta bəzən ömürlük həbs cəzası verildiyi bir zamanda, Azərbaycanda sərxoş vəziyyətdə 4 nəfər adamın ölümünə səbəb olan biznesmen kürəkəni cəmi iki illik həbsdən sonra məhkəmə qərarı ilə azadlığa çıxır.

Bu isə o, deməkdir ki, Azərbaycanda "əl çirki", "kağız parçası" dediyimiz əskinaslar çooox şeylərə qadirdir.

Təsəvvür edin, 2021-ci ilin iyun ayında “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun kürəkəni Elşad Kəlbəliyevin sərxoş vəziyyətdə idarə etdiyi “Range Rover” markalı avtomobil Murad Ziyadov adlı şəxsin idarə etdiyi “Daeewo Damas” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “Daeewo” markalı avtomobilin sürücüsü M.Ziyadov və onun sərnişinləri – Kamran Əhmədov, Ülman Şıxəliyev və Tovuz rayon sakini Yunis Əhmədov ölüblər.

"DogruXeber.az" qeyd edir ki, yayılan xəbərlərdə güya sonradan ölən şəxslərin hüquqi varislərinin E.Kəlbəliyevlə barışdığı bildirilir.

Beləliklə, E.Kəlbəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 263-1.4 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilir. Bakı Apellyasiya Məhkəməsi isə həbs müddətini 8 ilə endirir. Qərara əsasən o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli idi. Lakin, 2023-cü ilin iyul ayında yayılan xəbərlərdə Bakı Apellyasiya Məhkəməsində baxılan iş üzrə birinci instansiya məhkəməsinin hökmünün dəyişdirildiyi və "şanslı kürəkən"in cəzasının 5 ilə qədər endirildiyi qeyd olunur.

Deməli, hakim Fərid Əyyubovun sədrlik etdiyi hakim heyəti Elşad Kəlbəliyevin hadisə zamanı sərxoş olmadığı qənaətinə gəliblər.

Ardından isə Elşad Kəlbəliyev "İslah əmək düşərgəsi"ndə təcili keçirilən məhkəmənin qərarı ilə "həbs müddətindəki nümunəvi davranışına görə" cəzasının qalan hissəsindən azad edilir.

Bir sözlə, "Möcüzələr yaradan" Azərbaycan məhkəməsi, "qanun və ədalətə savaşda qalib gələrək", "bəxtəvər kürəkən", eyni zamanda "Əlincə" Futbol klubunun prezidenti Elşad Kəlbəliyevi "sudan quru çıxarmağa" nail olur.

Kürəkəndən cəmi bir neçə gün sonra qaynana Gülnar Əsəd qızı Hüseynovanın idarə etdiyi 90-HN-009 dövlət nişanlı "Mersedes Galandwagen" markalı avtomobillə "duz gölü"nün yaxınlığında törətdiyi, 3 avtomobilin ("Nissan ", "Mercedes" və "VAZ-2106") və 3 nəfər şəxsin ağır xəsarətləri ilə nəticələnən qəza hadisəsi isə elə oradaca ört-basdır edilir.

Bu "nailiyyətlərin" əsas səbəbkarı isə hacı Məhərrəm Novruzovdur.

Qeyd edək ki, bu milyonçu hacının adı, zaman-zaman vətəndaşlarla qalmaqalları, hətta, pandemiya dövründə bəzi ailələrin dolanışığına müdaxilə etdiyi, bundan bezən vətəndaşın onun evinin qarşısında intihara cəhd etdiyi və sair kimi sensasion məlumatlarla media gündəmində ön sıralarda olub.

Novxanıda dəniz sahilində sahibi olduğu "My Beach" otel və çimərliyinin "əl yandıran qiymətləri" də hər zaman əhali arasında narazılığa səbəb olur.

Amma, reallıq bunu göstərir ki, bu qədər hadisələrə və narazılıqlara rəğmən "Qurtuluş-93" MTK, "My Beach otel-restoran", "Bağçalı evlər" şirkəti, Şabran rayonundakı hektarlarla tərəvəz sahələrinə sahib olmağın "avantajı" Məhərrəm Novruzovun özü və yaxınları üçün "gülləbatmaz duası"ndan da güclüdür.

Hətta, o, qədər güclüdür ki, ədaləti bərpa etməli olan Azərbaycan məhkəməsinin "dilini-ağzını bağlamağa" da qadirdir.

Yazıda adı hallanan şəxslərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
yenisoz.az

1Mənbələr