AZ

Bakıda reklam lövhələri olan binaların fasadında dəyişikliklər edilir - FOTO

Bakının mərkəzi küçələrində, əsasən reklam lövhələri olan binaların fasadında dəyişikliklər edilir. 

"Operativ Media" xəbər verir ki, bununla bağlı artıq Yasamal, Nərimanov, Nizami, Xətai rayonlarında işlərə başlanılıb.

Reklam lövhələri sökülür, onların arxasındakı alkaponlar çıxarılır və yeni materiallar quraşdırılır. Daha sonra isə obyektin loqosu və ya şüarı yeni materialın üzərinə bərkidilir. 

Mövzu ilə bağlı bir sıra obyekt nümayəndələri "Operativ Media"ya bildiriblər ki, göstəriş İcra Hakimiyyətləri tərəfindən gəlib. Onlar alkaponun nə üçün söküldüyünə isə məntiqi açıqlama almadıqlarını bildirirlər: 

"İllərdir ki, biz bu alkapondan istifadə edirik. Təhlükəsizliyi yüksək səviyyədədir. Həm ölkədə istehsal olunur, həm də xaricdən ölkəyə gətirilir. Bu qanunsuz olsaydı, əvvəlcədən məlumat verərdilər, biz də istifadə etməzdik" - deyə obyekt sahibi A.Manafov bildirib.

Reklam üzrə ekspert Sabit Məmmədov isə bildirib ki, alkaponların sökülməsi ilə bağlı aidiyyəti dövlət qurumları açıqlama yaysalar daha yaxşı olar:

"Hazırda Bakıda binaların üzərindəki reklamlar xaotik şəkildədir və demək olar ki rənglərlə bağlı heç bir norma yoxdur. Amma indi bununla bağlı işlərə başlanılıb. Yaxın gələcəkdə şəhərimizdə reklamları daha səliqəli görə biləcəyik. Alkaponun sökülməsi məsələsi isə sahibkarlar arasında da, reklam şirkətləri arasında da birmənalı qarşılanmır. Çünki bu materialdan istifadə etmək heç bir qanun pozuntusu deyil. Yaxşı olar ki, bu barədə aidiyyəti qurumlar açıqlamalar verələr"-deyə o qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
operativmedia.az

2Mənbələr