AZ

“Qəbələ”ni hansı aqibət gözləyir?

AFFA İcraiyyə Komitəsinin son iclasında yeni mövsümdə Premyer Liqa komandalarının sayında dəyişikliyin olmayacağı dəqiqləşdi. Bu da o deməkdir ki, sonuncu pilləni tutan “Qəbələ” mövsümün sonunda elitanı tərk edəcək.

Bununla ardıcıl iki ildir ki, Azərbaycan çempionatında idman prinsiplərinə riayət olunacaq. Təbii ki, bu da sevindirici haldır. Çünki Elxan Məmmədovun yaratdığı “Abşeron birinciliyi”ndə uzun müddət elitanı tərk edən olmurdu. Amma uzun fasilədən sonra ötən mövsüm “Şamaxı” son pilləni tutsa da, güzəştdən məhrum oldu. Cari “futbol ili”ndə də “Qəbələ”yə “eyni sifəti göstərdilər”.

Hərçənd “qırmızı-qaralar”ın çemionatda mövqeyini qorumaq ehtimalı var idi. Məsələ ondadır ki, Rövşən Nəcəf hələ AFFA prezidenti seçilməmişdən əvvəl Premyer Liqada komanda sayının artıralacağı ilə bağlı söhbətlər dolaşırdı. Bu da “Qəbələ”ni haradasa ümidləndirmişdi. Axı I Liqadan tələblərə cavab verən 3 komanda tapmaq çətin olacaqdı. Ona görə də “Qəbələ” qalmaq şərtilə daha 2 komandanı elitaya qaldıra bilərdilər. Ancaq görünən o oldu ki, bunu süni şəkildə həyata keçirmək problemə çevriləcəkdi. Hər halda, ötən mövsüm “Araz Naxçıvan” belə I Liqanın qalibi olduğu halda belə stadion məsələsini həll edə bilmədi. Ona görə də elitada keçirdiyi debüt mövsümündə görüşlərini Bakıda oynadı. Halbuki, maddi imkanlarına görə muxtar respublikanın komandası tələblərə cavab veririrdi.

Kim bilir elitaya təşrif buyuracaq yeni komandalar özləri ilə birgə hansı problemləri “cehiz gətirəcəklər”? Ona görə də AFFA risk etmədi. Hər halda, buna görə onları qınamağa dəyməz. Sadəcə, burada bir məsələ var. “Qəbələ” elitanı tərk edəcəyi halda problemlə üzləşəcəkmi? Ölkə futbolunda bəlkə də ən yaxşı akademiyaya malik klubun infrastrukturu və inkişafına xələl gələcəkmi?

Əslində, normal futbol ölkələrində bunu problemlə çevirmək absurd sayılardı. Aşağı dəstəyə yuvarlanmaq həbsxanaya düşmək demək deyil. Tarix boyu elitada yerini itirən o qədər böyük klubların aşağı divizionlarda oynayıb geri qayıtdığını görmüşük ki. Şotlandiyada “Qlazqo Reyncers” 4-cü diviziona qədər yuvarlandı, “Yuventus” B Seriyasına sürgün edildi. Amma hazırda bu komandalar nəinki öz ölkələrində çempionluq uğrunda mübarizə aparır, hətta avrokubok finallarında oynayır.

Hələ geri qayıtmayan komandalar da var. Bu mənada Almaniyanın ən titullu klublarından olan “Hamburq”un adını çəkə bilərik. Bu klub 2017/18 mövsümündən etibarən Bundesliqanı tərk edib və hələ də geri qayıtmayıb. Həm də ki, elitanı tərk etmək klubun niyə akademiya siyasətinə mənfi təsir göstərsin ki? Türkiyədə ən böyük akademiyalardan biri, bəlkə də ən birincisi “Altınordu”ya məxsusdur. Amma bu komanda hələ də Superliqa üzü görməyib. Oyunçu yetişdirmək üçün mütləq elitada oynamaq lazımdırmı?

Ona görə də “Qəbələ”yə görə məyus olmağa dəyməz. Sadəcə, adam ona görə narahatdır ki, Azərbaycanda mövcudiyyət səbəbi elitadır. Futbolumuz o qədər kövrək qanunlar üzərində idarə olunur ki, adam narahat olanları qınaya bilmir. “Bakı” və “Xəzər Lənkəran” kimi klublar öz fəaliyyətlərini dayandırırsa, “Qəbələ”yə görə niyə narahat olmayaq? Nəzərə alaq ki, klub əvvəlki kimi möhkəm əllərdə deyil. Hətta demək olar ki, AFFA-nın əlinə baxırlar.

Amma ötən mövsüm “Şamaxı” nümunəsi göstərdi ki, qorxmağa dəyməz. Bu komanda artıq elitaya qayıtmağa real namizəddir. “Qəbələ” də bu yolu gedə bilər. Necə deyərlər, su gələn arxa bir də gələr. Amma gəlin, belə məqamda yaxın keçmişə səyahət edək. Azərbaycan Premyer Liqasını tərk edən komandalardan hansı geri qayıtmağı bacarıb? Hansı klubu “Qəbələ”yə “qorxma, mənim də başıma gəlib, mən geri qayıtmışam” mesajını verib? “Turan Tovuz”, “Kəpəz”, “Araz-Naxçıvan”…

Gedib-qayıtmayanlar daha çoxdur. Ümid edək ki, “Qəbələ” qayıdanlardan olacaq!..

AĞA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
futbolinfo.az

1Mənbələr