AZ

 "Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər" mövzusunda konfrans keçirildi

15 may - Beynəlxalq ailə günündə Sosial Tədqiqatlar Mərkəzində "Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər" mövzusunda konfrans təşkil olunub.

Bakıvaxtı.az xəbər verir ki, konfransda  STM-in 2023-cü il ərzində həyata keçirdiyi sorğular əsasında tərtib olunan “Müasir Azərbaycan ailəsi” analitik hesabatının birinci buraxılışı təqdim edilib. 

Açılış nitqində STM-in İdarə heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycan cəmiyyətində ailəyə verilən dəyər və ailə məsələləri ilə bağlı həssaslığa, ənənələrə sadiqlik, eyni zamanda yeni tendensiyalara toxunub. Mediasiya Şurasının İdarə heyətinin sədri Nadir Adilov ailə münaqişələrinin həllində tədqiqat əsaslı strategiyaların vacibliyindən danışıb. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşı Nuranə Həsənova, Azərbaycan Milli Elmlər Akademiyasının Antropologiya mərkəzinin rəhbəri, prof.Əliağa Məmmədli və s. sözügedən məsələlərlə bağlı çıxışlar ediblər. 

STM-in sektor müdiri və analitik hesabatın müəllifi Humay Axundzadə hesabatın mühüm  istiqamətlərinə  əsaslanan təqdimat məruzəsi ilə çıxış edib. Hesabat 3478 respondentin rəyini əks etdirir. Mövzuların təhlilində respondentlərin cavablarının ümumi göstəricilərilə yanaşı, müxtəlif sosial-demoqrafik qrupların da nəticələri təqdim olunur. Bu, ekspert və oxuculara onları maraqlandıran məsələlərlə bağlı müstəqil olaraq müqayisə və təhlil etmək, öz tədqiqat işlərində istinad etmək imkanı verir.

Hesabatda irəli sürülən problemlər  ailəyə aid məsələlərin geniş spektrini əhatə edir: Azərbaycan insanının ailə dedikdə, ilk növbədə hansı birgəyaşayış formasını  təsəvvür etməsi, ailə başçısı rolunda kimi görməsi, valideynlik borcuna yanaşması, ailənin bünövrəsində hansı amilləri vacib hesab etməsi, müasir ailələrimizin adətən hansı tanışlıq üsulu ilə qurulması, qadınların həyat tərzinə aid sosial normalar, ailənin gender nizamı, ailə yaddaşının əsası olan amillər, ailə tarixinə maraq, ailə ənənələrinə münasibət və s. məsələlər hesabatda öz əksini tapıb. Vaxtaşırı  ictimai müzakirələrdə xüsusi yer alan boşanma və məişət zorakılığı ilə bağlı mövzulara da yer verilib. 

Aparılmış tədqiqatın əsas məqsədi Azərbaycan cəmiyyətinin çağdaş ictimai fikrində ailə ilə bağlı qeyd olunan mühüm məsələlərin necə yer alması, bu istiqamətdə ümumi mənzərənin və sosial-demoqrafik fərqlərin, təkrarlanan tendensiyaların sosial tədqiqatçılar və ailə problemləri ilə maraqlanan geniş oxucu kütləsinə təqdim edilməsidir. Ümid edirik ki,  ictimaiyyətə açıqlanan nəticələr sözügedən məsələlər haqqında ekspert rəyi və ictimai müzakirələrin tədqiqat əsaslı göstəricilərə istinadını təşfiq edəcək. 

Konfransda həmçinin BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının dosenti Lalə Cabbarova, Xəzər Universitetinin psixologiya departamentinin koordinatoru, Xəzər Psixoloji Mərkəzinin rəhbəri Mələk Kərimova müasir Azərbaycan ailəsinin aktual psixoloji məsələlərinə dair məruzələrlə çıxış ediblər. 

Daha sonra tədbirdə iştirak edən ali məktəb nümayəndələri, ekspertlər, QHT nümayəndələri çıxışlar edib, müzakirələr aparılıb. 

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
190
6
bakivaxti.az

7Mənbələr