AZ

İxracın yeni körpüsü

Çinin daha bir şəhərində “Azərbaycan Ticarət Evi” açılır

Azərbaycan-Çin iqtisadi əməkdaşlığının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi, Azərbaycan məhsullarının Çin bazarlarına çıxarılması, ixracın və istehsalın stimullaşdırılması, həmçinin iki ölkənin iş adamları arasında əlaqələrin inkişafı son illərdə ölkəmizin iqtisadi siyasətində əsas  prioritetlərdən birini təşkil etməkdədir. İqtisadi əlaqələrin hərarətinə təkan verən amillərdən biri də Çində fəaliyyət göstərən “Azərbaycan Ticarət Evləri”dir. İndiyədək Çinin Çindao, Canciaciye, Sian, Çendu və Pekin şəhərlərində Azərbaycanın “Ticarət Evləri”, açılıb, eləcə də Şanxay, Harbin, Cinan və Uhan şəhərlərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 Şərab Evinin fəaliyyəti təmin edilib.

Yaxın günlərdə açılışı baş tutacaq Çinin Nankin şəhərində yeni “Azərbaycan Ticarət Evi” ölkəmizdə istehsal edilən qida və içki sənayesinə aid 50-?ə yaxın məhsulun nümayiş olunması, milli ixrac qabiliyyətinin imkanlarının təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edəcək. Bu Evlərdə diqqəti cəlb edən “Made in Azerbaijan” rəflərinin təşkili yerli qeyri-neft məhsullarının vahid brend ilə dünyada tanıdılması və təşviq edilməsi baxımından ən təsirli ixrac ideyası sayıla bilər.

Qeyd edək ki, “Ticarət Evləri” Azərbaycan məhsullarının təkcə satışı və tanıdılması üçün əhəmiyyət daşımır, bu cür iqtisadi strukturlar həm də iki ölkə arasında faydalı iqtisadi müzakirələr üçün platforma rolunu oynayır, Azərbaycan ixracatçılarının  potensial imkanlarını nümayiş etdirir. Həmçinin “Ticarət Evləri”nin sayının artması Azərbaycan və Çin arasında qarşılıqlı ticarət mübadiləsinin də həcminin artmasını təşviq edəcək, xüsusilə də ölkəmizdən Çinə ixracın həcmini yüksəldəcək. Qeyd edək ki, hazırda iki ölkə arasında qarşılıqlı mal dövriyyəsinin həcmi təxminən 3,1 milyard dollar təşkil edir, Azərbaycanın bu ölkəyə ixracının həcmi 100 milyona dollara bərabərdir. İxracda əsas məhsullar qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə məhsullarıdır.

Artıq bir neçə ildir ki, iqtisadi ənənəyə çevrilmiş Çinin Urumçi şəhərinə təşkil olunan Azərbaycanın İxrac missiyaları da iki ölkənin biznes icması arasında təmasların genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İxrac missiyaları yeni bazarlara çıxış imkanlarını aşkar etmək, mövcud bazarlarda yerli məhsulların mövqeyini möhkəmlətmək və bu bazarlara yeni məhsullar təqdim etmək məqsədi ilə təşkil olunan dəstək tədbiridir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki Ticarət nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən bu cür tədbirlər Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsində əsas vasitələrdən biridir.

Azərbaycan sahibkarları davamlı olaraq Çində təşkil olunan ənənəvi nəhəng “Avrasiya” sərgisində iştirak edirlər. Son 5 ildə “Made in Azerbaijan” vahid ölkə stendi ilə nümayiş olunan malların həm coğrafiyası artır, həm də “Ticarət Evləri”ndə təmsi olunan sahibkarların sırası genişlənir.

Hazırda Çin Azərbaycanın 5 böyük ticarət tərəfdaşından biridir, 4-cü yerdə qərarlaşır. İdxalda isə 3-cü yeri tutur. Çin həm də ölkəmizdə potensial investorlardan hesab edilir. İndiyə qədər 1,5 milyard dollara qədər sərmayə yatırılıb. Öz növbəsində, Azərbaycan bu Asiya-Sakit region ölkəsinə çoxhəcmli investisiya qoyuluşlarında xüsusi paya malikdir, investisiyaların həcmi 1,7 milyard dolları ötməkdədir.

Hazırda Azərbaycanda hazırlanmış yeni ixrac xəritəsi sayılan Milli ixrac strategiyasının əsas hədəflərdindən biri Azərbaycanın qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının ixracının genişləndirilməsi, yeni bazarların araşdırılması, ixracın stimullaşdırılması və təşviqi istiqamətində sistemli və kompleks tədbirlər, həmçinin  yeni xarici ölkə bazarlarının tapılması və ixrac istiqamətlərinin coğrafi hüdudlarının genişləndirilməsindən ibarətdir. Hazırda Belarus, Ukrayna, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Latviya, Çin, Qazaxıstanda “Azərbaycan Ticarət Evləri” fəaliyyət göstərir. Həmin prioritetlərdən biri də xarici ölkələrdə “Azərbaycan Ticarət Evi”nin sayının artırılmasıdır ki, bu sırada əsas ölkələrdən biri kimi Çin dayanır.

“Milli ixrac strategiyası” 15-dən çox hədəf bazarını və 120 çeşid ixrac məhsulunu müəyyən edir. Strategiyaya əsasən, Azərbaycanın qeyri-neft ixracını 2025-ci ilədək ötən illə müqayisədə iki dəfə artırmaq və 3,7 milyard dollara çatdırmaq planlaşdırılır. Adambaşına düşən qeyri-neft ixracının 2025-ci ildə 450 dollar hədəfinə çatdırılması nəzərdə tutulur. Həmçinin xarici ölkələrə qeyri-neft məhsullarının ixracı ilə məşğul olan sahibkarların fəaliyyətinin daha da təşviq edilməsi, “Made in Azerbaijan” və “İnvest in Azerbaijan” ixrac portalları üzrə sifarişlərin daha qlobal ticarət şəbəkələrinə inteqrasiyasının təkmilləşdirilməsi, iri investorların Azərbaycana gətirilməsi və qeyri-neft istehsalı sahələrinə cəlbi məqsədilə yeni qitisadi alətlərin tətbiqi strategiya sənədinin əsas prioritetləri sırasında yer alır.

Bu baxımdan “Milli ixrac strategiyası” Azərbaycan-Çin münasibətlərinin daha da inkişafına təkan verəcək, Çinin digər iri şəhərlərində də “Azərbaycan Ticarət Evləri”nin fəaliyyətə başlamasını təşviq edəcəkdir.  

Beləliklə, Çin və Azərbaycan arasında iqtisadi əlaqələlərin ən məhsuldar platformasına çevrilmiş “Ticarət Evləri” vahid ixrac ideyasına - “Made in Azerbaijan” brendinin dünya bazarlarında daha geniş formatda tanıdılmasını təmin etməyə xidmət edir.

E.CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Mənbələr