AZ

Bakı-Sofiya: Sürətlə və uğurla inkişaf edən əlaqələr

Azərbaycanın milli maraqlar üzərində qurulan xarici siyasəti həm də çoxvektorlu olması ilə səciyyələnir. Ölkəmizin müsbət reallıqları dünyanın bütün regionlarında təqdir olunaraq böyük maraqla izlənilir. Təbii ki, respublikamızla qarşılıqlı maraqlar əsasında sıx münasibətlər quran dövlətlərin də sayı getdikcə artır. Avropa İttifaqı (Aİ) məkanında yerləşən Bolqarıstan da bu sırada yer alır. Bu günlərdə dost ölkənin Prezidenti Rumen Radev respublikamızda rəsmi səfərdə olub. Səfər çərçivəsində Prezident İlham Əliyev və Prezident Rumen Radev müxtəlif tədbirlərə qatılaraq ikitərəfli gündəliyin aktual məsələlərinin müzakirələrini aparıblar. Mətbuata verdiyi bəyanatında “Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar” deyən dövlətimizin başçısı vurğulayıb ki, bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib. 

Fəal siyasi dialoqun yaratdığı imkanlar

Azərbaycanla Bolqarıstan arasında bugünkü yüksəksəviyyəli münasibətlərin formalaşmasına tarixdən gələn ənənələr öz təsirini göstərib. Azərbaycanın uzun illər ərzində tərkibində yaşadığı keçmiş Sovet İttifaqının dağılmasına qədər respublikamızla Bolqarıstan arasında elm, təhsil və mədəniyyət sahələrində sıx əlaqələr qurulmuşdu. Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra bu münasibətlərin genişlənməsi üçün yeni imkanlar açılıb.

Hazırda iki ölkə arasında siyasi dialoq kifayət qədər yüksək səviyyədədir. Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasından 30 ildən çox vaxt ötüb. İki ölkə arasında diplomatik əlaqələr 5 iyun 1992-ci ildə qurulub. Bolqarıstanın Azərbaycanda səfirliyi 1999-cu ilin dekabr ayından, Azərbaycanın Bolqarıstandakı səfirliyi isə 2004-cü ilin aprelindən fəaliyyətə başlayıb. Ötən dövr ərzində iki ölkənin dövlət və hökumət başçılarının, parlament rəhbərlərinin, nazirlərin və digər vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil olunub. 1995-ci il 29-30 iyun tarixlərində Azərbaycanın dövlət başçısının  Bolqarıstana ilk rəsmi səfəri baş tutub və bundan sonra belə yüksəksəviyyəli səfərlər intensiv hal alıb. Prezident İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstana səfəri zamanı iki ölkə arasında “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb. Bu sənədlə tərəflər qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq platformalar çərçivəsində əməkdaşlığı dərinləşdirmək məqsədilə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan ediblər. Birgə Bəyannaməyə əsasən, xarici işlər nazirlərinin sədrliyi ilə Azərbaycan-Bolqarıstan Strateji Dialoqu təsis olunub. Strateji Dialoqun birinci iclası 2018-ci ildə, ikinci iclası isə 2022-ci ildə keçirilib. 

İndiki mərhələdə dövlətlərarası münasibətlərin formalaşmasında liderlərin əlaqələri xüsusi rol oynayır. Bu baxımdan Azərbaycan və Bolqarıstan prezidentləri arasında yaranan dostluq münasibətləri dövlətlərimizin və cəmiyyətləriizin bir-birlərinə yaxınlaşmasına müsbət təsir göstərir. Təkcə son vaxtlarda dövlətlərimizin başçıları dörd dəfə görüşüblər. Qeyd olunduğu kimi, bu, təkcə vacib bir göstərici deyil, eyni zamanda ən yüksək səviyyədə olan siyasi dialoq üçün yaxşı zəmin yaradır. “Bizim Prezident Radevlə görüşlərimiz müntəzəm xarakter daşıyır. Keçən il həm Prezident Radev Azərbaycana, həm də mən Bolqarıstana səfərlər etmişdik. Eyni zamanda, keçən il biz Bolqarıstan-Serbiya sərhədində görüşmüşdük. Bir sözlə, fəal siyasi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələrimiz genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin”, - deyə Prezident İlham Əliyev bildirib.

Öz növbəsində Bolqarıstan Prezidenti də mətbuata verdiyi bəyanatında ikitərəfli münasibətlərin inkişafında, ölkəsinin enerji təhlükəsizliyinin möhkəmlənməsində Azərbaycan Prezidentinin mühüm rol oynadığına xüsusi diqqət çəkib. “Bizi ənənəvi dostluq, anlaşma və qarşılıqlı etimad əlaqələri birləşdirir. Biz ən yüksək səviyyədə siyasi-strateji dialoqu aparırıq” deyən Rumen Radev vurğulayıb: “Mən Prezident Əliyevlə yeddi ildən artıqdır ki, tanışam və bu dövr ərzində bizim çoxsaylı müzakirələrimiz olub. Mən onun cəsarətli baxışına şahidəm, ona çox gözəl bələdəm. O, Azərbaycanı dinamik şəkildə inkişaf etdirmək əzmindədir. Yaşıl enerji layihələri bunun bariz nümunəsidir. Bununla yanaşı, onun fəal diplomatiyası da imkan verdi ki, bu gün biz beynəlxalq səviyyədə sülh və təhlükəsizlik, sabitlik haqqında danışaq. Ona görə mənə heç də təəccüblü gəlmədi ki, Azərbaycan COP29 kimi olduqca mötəbər bir tədbirə ev sahibi seçildi. Biz Bolqarıstan olaraq o zaman Azərbaycanın namizədliyini qəti şəkildə dəstəklədik. Bu gün mən Prezident Əliyevə məlumat verdim ki, biz də öz növbəmizdə institusional və ekspert səviyyəsində COP29-a dəstək verməyə hazırıq”.

Heydər Əliyev Fondunun töhfələri 

Bu günlərdə yaranmasının 20 illiyi qeyd olunan Heydər Əliyev Fondu ölkəmizdə dövlət-cəmiyyət tərəfdaşlığının gözəl nümunəsinə çevrilib. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond bütün istiqamətlərdə dövlət siyasətinə güclü dəstək verir. Eyni zamanda, Fondun respublikamızda sosial sferanın, milli mədəniyyətimizin, təhsilin, səhiyyənin inkişafı ilə bağlı irəli sürdüyü təşəbbüslər dövlət siyasətində nəzərə alınır. Belə koordinasiyalı fəaliyyət son nəticədə Azərbaycanın tərəqqisinə güclü impuls verir. 

O cümlədən Fond ölkəmizin beynəlxalq səviyyədə imicinin yüksəlməsinə, xarici dövlətlərlə ünsiyyət bağlarının möhkəmlənməsinə, Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasına da davamlı töhfələr verir. Bu baxımdan Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun dost Bolqarıstanda reallaşdırdığı layihələr də böyük əhəmiyyət daşıyır. Fond tərəfindən Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası həyata keçirilib. Qoruğun bərpadan sonra açılışı 23 sentyabr 2016-cı il tarixində Bolqarıstanın Baş nazirinin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə baş tutub. Yaşıl təpələr arasında yerləşən Veliko Tırnovo şəhəri XII-XIV əsrlərdə Avropanın aparıcı mədəni, tarixi, ictimai-siyasi mərkəzlərindən biri olub və özünün bənzərsiz təbiəti, gözəlliyi, habelə məhz memarlıq xüsusiyyətləri, müdafiə təyinatlı qala divarları ilə fərqlənib. “Trapezitsa” qoruğu bütün bolqar xalqının milli sərvətidir, eyni zamanda, o, Ümumavropa mədəni irsidir. Dünya əhəmiyyətli bu tarixi-mədəni abidəyə ikinci həyat bəxş etməklə Heydər Əliyev Fondu bir tərəfdən Azərbaycanın xoş məramını, bəşəriyyətin mədəni irsinə münasibətini nümayiş etdirib, eyni zamanda, iki ölkə arasında qarşılıqlı hörmət və inam mühitinin möhkəmlənməsinə töhfə vermiş olub.  Qeyd edək ki, “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası, texniki infrastrukturunun inşası və təmiri haqqında” saziş 2015-ci il mayın 27-də Sofiyada imzalanıb. Sazişə əsasən, Heydər Əliyev Fondu tarixi abidədə 158 metr uzunluğunda qərb divarının konservasiyası və bərpasını, 880 metr uzunluğunda turizm xiyabanının salınmasını, mədəni irs mərkəzinin yaradılmasını, ərazidəki orta əsrlərə aid 3 kilsənin təmiri və konservasiyasını həyata keçirib. Təxminən 10 ay rəzində aparılan bütün bərpa əməliyyatları ən yüksək səviyyədə tamamlanıb. “Biz cənab Prezidentin Bolqarıstana səfəri çərçivəsində Azərbaycanın qədim mədəniyyət paytaxtı Şuşa və Veliko-Tırnovo ilə əlaqələr qurduq. Mən Sizə təşəkkür edirəm ki, Sizin dəstəyinizlə bir neçə gözəl layihə həyata keçirilib. Bu işdə Heydər Əliyev Fondunun da fəal rolu olub. Bu Fond bizim ölkədə tarixi-mədəni abidələrin qorunması layihələrini həyata keçirib”, - deyə Bolqarıstan Prezidenti  Rumen Radev mətbuata verdiyi bəyənatında minnətdarlıq hissi ilə vurğulayıb.

Hüquq-müqavilə bazasının möhkəmləndirilməsi

Azərbaycan-Bolqarıstan münasibətlərinin hüquq-müqavilə bazası davamlı olaraq möhkəmləndirilir. İndiyədək iki ölkə arasında 70-dən çox sənəd imzalanıb. Bolqarıstan Prezidentinin ölkəmizə son səfəri çərçivəsində imzalanan yeni sənədlərlə bu siyahı daha da genişlənib. O cümlədən səfər çərçivəsində 

- Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”ni,

- Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov və “Bulgaria Air” aviaşirkətinin İdarə Heyətinin üzvü Xristo Todorov “Azərbayca  n Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Bulgaria Air” Səhmdar Cəmiyyəti arasında kod paylaşma Sazişi”ni,

- Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov və Bolqarıstan Respublikasının energetika nazirinin vəzifəsini icra edən Vladimir Malinov “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu,

- Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Asarel Investment” şirkətinin müşahidə şurasının sədri Dimitar Tsosorkov “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Asarel Investment” arasında Anlaşma Memorandumu”nu imzalayıblar. 

İmzalanan sənədlərdən də göründüyü kimi, hazırda qarşılıqlı münasibətlər o səviyyəyə yüksəlib ki, iki dost ölkə strateji tərəfdaşlığın çərçivələrini daha da genişləndirmək niyyətindədirlər. Eyni zamanda, imzalanan sənədlər bir sıra istiqamətlər üzrə daha geniş əməkdaşlıq perspektivləri açır.

Mübariz ABDULLAYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
yeniazerbaycan.com

1Mənbələr