AZ

Sülh yolunda anklav-eksklav “şlaqbaum”u

Qarabağın azadlığı uğrunda Vətən mühaibəsində erməni işğalçıların darmadağın edilib ölkəmizdən qovulmasının ardınca separatçı tör-töküntünün cəmləşdiyi Xankəndi xuntası bir zərbə ilə çökdürüldü. Müstəqil Azərbaycan dövlətinin suverenliyi onun bütün ərazisində təmin edildi. 

Bu hərbi-siyasi qələbələrinin rəs­miləşdirilməsinin yekunu olacaq iki ölkə arasında sərhədlərin müəyyənləşdiril­məsi və sülh müqaviləsinin razılaşdı­rılması anklavlar məsələsini gündəmə gətirib. Məğlub ölkənin yaranmış reallı­ğı qəbul etmək məcburiyyətində qalmış rəhbərliyinin Ermənistan ərazisindəki Azərbaycan eksklavlarından Qazağın 4 kəndini geri qaytarması sülh prosesinin irəliləməsində əməli addım oldu. Lakin davakar erməni kilsəsi, Qarabğ sepa­ratçılarının bədnam qalıqları və Ermə­nistanın müxtəlif təmayüllü müxalifəti bütün vasitələrlə, xüsusən xarici pozucu dairələrin dəstəyi ilə Azərbaycan kəndlə­rinin geri qaytarılmasına etiraz edir, bu torpaqların sahibi olduqlarını sübut et­mək istəyirlər.

Ermənistan ərazisində qalmış həmin kəndlərin xalqımıza məxsusluğu tarixdən az-çox xəbəri olanlarda heç bir şübhə yaratmır. Belə bir məqamda, üstəlik, ta­rixi həqiqətin mötəbər açıqlaması olaraq AMEA Tarix və Etnologiya İnstitutunun anklav-eksklavlar barədə arayışını oxu­cularımıza təqdim edirik.

Yuxarı Əskipara 

Yuxarı Əskipara kəndi Qazax rayo­nunun Əskipara ərazi-inzibati vahidinə daxildir və Ermənistanın İcevan Tavuş vilayətində Azərbaycanın eksklavıdır. Yuxarı Əskipara dağətəyi ərazidədir. 

Qazax nahiyəsinin 1860-cı ilə aid ka­meral təsvirində Qazağın türk kəndləri siyahısında Köhnə Əskipara (14 ailə) və Tatar Əskipara (96 ailə) kəndlərinin adı çəkilir. Bu kəndlərin adı sonrakı dövrlər­də dəyişərək Köhnə Əskipara – “Yuxarı Əskipara”, Tatar Əskipara isə “Aşağı Əs­kipara” adlandırılmışdır. 

”Əskipara” sözü Azərbaycan türk di­lində “əski” (köhnə, qədim) , “para” isə “parça”, “hissə”, “yer” mənasını verir. Əskipara, “qədim, köhnə yer” anlamına gəlir. Qazax nahiyəsinin 1860-cı ilə aid kameral təsvirində 22 erməni ailəsinin də yaşadığı Əskipara (ermənilər onu Vos­kepar adlandırmışlar) kəndinin də adı çəkilir.

1920-ci illərdə Azərbaycan SSR-lə Ermənistan SSR arasında mübahisəli məsələlərdən biri də İcevan qəzasının daxilində qalmış, əhalisi 577 nəfər, əra­zisi 3104 desyatin olan Qazax qəzasının Sofulu, Bar-xudarlı və Yuxarı Əskipara kəndləri idi. Qazax qəzasına aid olan bu 3 kənd Azərbaycan ərazisindən erməni ərazi zolaqları ilə ayrılır. 1929-ci il 19–20 iyul tarixlərində Cənubi Qafqaz MİK-nin yerli Komissiyası bu 3 kəndin Ermənistan SSR-in İcevan qəzasına verilməsi barə­də əsassız qərar qəbul etmişdir. Ancaq Azərbaycan tərəfinin dirənişi nəticəsində bu kəndlər ölkəmizin tərkibində saxlanıl­mışdır. 

Torpaq Komissiyasının 1928-ci ilə aid hesabatından göründüyü kimi, Qazax qəzasının ümumi yaylaqlarından Ermə­nistan SSR-ə 75 min 904 desyatin yararlı torpaq və 79 min 208 desyatin əkinə ya­rarsız torpaq verilmişdir. Beləliklə, Qazax qəzasının yaylaqlarının 50 faizi Ermənis­tana verilmişdir.

Azərbaycan SSR Torpaq Komissarlı­ğının 21.04.1938-ci il tarixdə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə təqdim etdi­yi sənədə əsasən, Yuxarı Əskipara kəndi Ermənistan SSR-in ərazisində Azərbay­can SSR-in eksklavı kimi təsdiqlənmişdir. Sənəddə göstərilir ki, bu kənd Azərbay­can SSR-in Qazax rayonuna tabedir və ölkənin sərhədlərindən 9–10 km məsafə­də Ermənistan SSR ərazilərində yerləşir. Azərbaycanla Yuxarı Əskipara kəndini bir-birindən ayıran Ermənistan ərazisi eni 3–5 km olan meşə zolağından ibarətdir. Əhalisi yalnız azərbaycanlılardan ibarət olmuşdur. İqtisadi cəhətdən Qazax rayo­nu ilə bağlı kənd Ağstafa – Dilican avto­mobil yolundan uzaqda yerləşir. 

1992-ci ilin iyunun 8-də Yuxarı Əski­para kəndi erməni işğalçıları tərəfindən işğal edilmişdir. Yerli əhali təcavüzə mə­ruz qalaraq doğma evlərini tərk etməli olmuşdur. Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində bütün tarixi mədəniyyət abidələri dağıdılaraq yandırılmışdır. Tək­cə Yuxarı Əskipara kəndində V–VII əsr­lərə aid Alban məbədi, XII əsrə aid yeraltı su kəməri, XII əsrdə inşa edilən Qüllə, Türbə, Qatır körpüsü, Kazım körpüsü, Qulucanlı körpüsü, Koroğlu qülləsi və qə­dim hamam qalıqları, XIV əsrdə salınan yeraltı yol, XVI əsrdə inşa edilən Şəhər­gah qalası və s. yerlə-yeksan edilmişdir. 

Qazax rayonunun işğal olunan əra­zilərində mövcud olan təbii sərvətlər də tarixi mədəniyyət abidələri kimi qəddar­lıqla dağıdılır və talan olunur. Sərhəd boyu yerləşən meşə sahələrində qiymətli ağac növləri; palıd, fıstıq, vələs, dəmi­rağac, ağcaqayın və s. ağaclar erməni işğalçı ordusu və orada yaşayan erməni əhalisi tərəfindən məhv edilir.

Sofulu

Sofulu kəndi Qazax rayonunun Cəfər­li ərazi inzibati vahidinə daxildir və Ermə­nistanın İcevan rayonunda Azərbaycanın eksklavıdır. Kəndin adı onun əsasını qoy­muş Zəngəzur və Qazax qəzalarında ya­şayan kəngərlilərin sofulu tayfasının adı ilə bağlıdır. Köçəri həyat sürən bu tayfa Azərbaycan ərazisində müxtəlif bölgələr­də Sofulu adında yaşayış məskənlərinin əsasını qoymuşlar. Qazax rayonuna aid olan Sofulu kəndinin əhalisi bu kənddə XIX əsrin əvvəllərindən oturaq həyata keçmişlər. 

Barxudarlı 

kəndi də Qazax rayonunun Cəfərli ərazi-inzibati vahidinə daxildir, Ermənis­tanın İcevan rayonunda Azərbaycanın eksklavıdır. Barxudar şəxs adından və “lı” şəkilçisindən əmələ gəlmiş toponim hesab olunur. Barxudar (bərxudar) bəy XVI əsrin ikinci yarisi, XVII əsrin əvvəl­lərində yaşamış, məşhur top tökmə us­tası olmuşdur. Səfəvilər dövlətində ona "topçubaşı" ləqəbi və vəzifəsi verilmişdir. XVII əsrin əvvəllərində Səfəvi–Osman­lı müharibələri dövründə Təbriz, İrəvan, Gəncə və başqa şəhərlərin mühafizəsin­də istifadə edilən iri qaladağıdan toplar Barxudarın başçılığı ilə hazırlanmışdır. Kəndin adı barxudarlı nəslinə mənsub ailələr tərəfindən salındığına görə belə adlanmışdir.

Ermənistanda hesab edirlər ki, bu kəndlərə azərbaycanlılar ilk dəfə, guya, 1930-cu illərdə köçürülmüşlər. Ancaq Rusiya imperiyası dövrünə aid mən­bələrə görə, artıq 1860-cı ildə Sofulu və Barxudarlı kəndləri var idi və Yelizavetpol quberniyasının Qazax distansiyasına daxil idi. Həmin ilin məlumatına əsasən, Sofuluda 22 ailə (104 nəfər), Barxudarlı­da isə 13 ailə (59 nəfər) tatar (Azərbay­can türkü) yaşayırdı.

1920-ci illərdə Azərbaycan SSR-lə Ermənistan SSR arasında mübahisəli məsələlərdən biri də İcevan qəzasının daxilində qalmış, əhalisi 577 nəfər, əra­zisi 3104 desyatin olan Qazax qəzasının Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləri idi. Qazax qəzasına aid olan bu kəndlər Azərbaycan ərazisindən erməni ərazi zolaqları ilə ayrılır. 

Azərbaycan SSR Torpaq Komissarlı­ğının 21 aprel 1938-ci ildə respublikanın Mərkəzi İcraiyyə Komitəsinə təqdim etdi­yi sənədə əsasən, bitişik olan Sofulu və Barxudarlı kəndləri Ermənistan SSR-in ərazisində Azərbaycan SSR-in eksklavı kimi təsdiqlənmişdir. Sənəddə göstəril­mişdir ki, bu kəndlər Azərbaycan SSR-in Qazax rayonuna tabedir və ölkə sərhəd­lərindən 3–4 km məsafədə Ermənistan SSR ərazilərində yerləşir. Eksklav iqti­sadi cəhətdən Qazax rayonu ilə bağlıdır, hər iki kənd Ağstafa – Dilican avtomobil yolunun üstündə yerləşir. 

I Qarabağ müharibəsi dövründə, 1990-cı ilin martından 1992-ci illin mar­tına qədər kiçik miqyaslı atışmalar olsa da, işğal hadisəsi baş verməmişdi. Barxudarlı və Sofulu kəndlərinə ermə­nilərin genişmiqyaslı hücumu 1992-ci ilin aprelin 23-dən başlamış və 4 gün davam etmişdir. Kənd sakinləri Barxu­darlıda 11, Sofuluda 9 post quraraq düşmənə qarşı döyüşmüşlər. Qazax ra­yonundan köməyə gələn olmasın deyə, ermənilər dəmiryolu xəttini partlatmışlar. Sofulu və Barxudarlı aprelin 27-də işğal edilmişdir. Ağır döyüşlərdə 7 nəfər kənd sakini şəhid olmuş, 3 nəfər isə ağır ya­ralanmışdır. Barxudarlı və Sofulu kənd­lərindəki 230 evin hamısı talan edilərək yandırılmışdır.

Əhalisi əsasən əkinçilik və maldar­lıqla məşğul olan Sofulu və Barxudarlı əhalisi Qazax rayonu ərazisinin müxtə­lif yerlərində məskunlaşmış və məcburi köçkün həyatı yaşayırlar. 

(ardı var)

İkram AĞASİYEV,
AMEA Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, professor

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
xalqqazeti.az

1Mənbələr